Nemət Əliyev: «Məmurlar öz ciblərinə baxıb gördüklərini Azərbaycan xalqına da şamil edirlər»
Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş mərasimdə dövlət başçısı Ilham Əliyev ənənəvi olaraq iqtisadi inkişafdan söz açıb. Əliyev Azərbaycanın son on il ərzində iqtisadi sahədə misli görünməmiş nailiyyətlərə, iqtisadi inkişaf templərinin isə rekord göstəricilərə çatdığını deyib. Iqtisadiyyatın üç dəfədən çox artdığını deyən dövlət başçısı digər göstəricilərin də yüksək səviyyədə olduğunu, işsizliyin aradan götürüldüyünü, yoxsulluğun 50 faizdən 6 faizə düşdüyünü bildirib. Yürütdükləri siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını deyən prezident gəlirlərin ədalətli şəkildə bölündüyünü də dilə gətirib.
Dövlət başçısının səsləndirdiyi bu fikirlər nə dərəcədə həqiqəti əks etdirir?
Iqtisadçı ekspert Nemət Əliyev iqtisadi inkişaf tempinə görə Azərbaycanın analoqu olmayan ölkə olması ilə bağlı söylənən fikirlərin həqiqətdən uzaq olduğunu deyir: “Analoqsuz iqtisadi inkişaf templəri ilə bağlı deyilənlər köhnə havadır, çalınır. Həm Azərbaycan cəmiyyəti, həm də beynəlxalq ictimaiyyət inkişafla bağlı deyilənlərin blef olduğunu bilir. 2008-ci ildə sənayedə inkişaf tempi 40 faizə, ÜDM-də artım 30 faizə çatdı. Həmin dövrdə neft hasilatında böyük sıçrayış oldu, təxminən 50 mln ton neft hasil edildi”.
Ekspertin sözlərinə görə, əgər 40-50 mln ton neft Azərbaycan iqtisadiyyatının yarısı qədər artım yarada bilibsə, bu, öyünüləsi iqtisadi sistem deyil. Bu, iqtisadiyyatın kiçikliyinin göstəricisidir. Amma istənilən halda həmin dövr arxada qalıb. Hakimiyyət isə 5 il əvvəlki göstəricilərdən indi də danışır.
Ekspert sonrakı dövrlərdə iqtisadi artım templərinin kəskin şəkildə aşağı düşdüyünü da qeyd etdi. Sənaye istehsalında da azalma müşahidə olunur. Son 3-4 ildə artım tempi 0,1-0,2% olub. Rəqabət qabiliyyətli iqtisadiyyat qurulmayıb, qeyri-neft sektoru inkişaf etdirilməyib. Bu baxımdan ölkə iqtisadiyyatının dünyada analoqu olmayan teplə inkişaf etdiyi ilə bağlı deyilənlər reallığı əks etdirmir. Bu həm yerli, həm də beynəlxalq ictimaiyyətin gözünə kül üfürməkdən başqa bir şey deyil.
Ekspert işsizliyin aradan qaldırılması və yoxsulluğun səviyyəsinin aşağı salınması ilə bağlı deyilənlərin də həqiqətdən uzaq olduğunu qeyd etdi: “Bir çox hallarda mənə elə gəlir ki, məmurlar belə məsələlərə qiymət verəndə özlərinin, yaxın ətraflarının cibinə baxır və gördüklərini Azərbaycan xalqına da şamil edir. Dövlət Neft Fonduna təxminən 80 mlrd dollar pul daxil olur. Amma bu vəsait sosial-iqtisadi problemlərin həllinə sərf olunmadı. Nəticədə bu pullar rüşvətxorluğun, korrupsiyanın güdazına getdi. Neft Fonduna daxil olan vəsait dövlət büdcəsi vasitəsilə iri layihələrə xərcləndi, mənimsənilən pullar isə ofşor zonalarına yerləşdirildi və Azərbaycan xalqı bu pulun dadını görmədi. Ona görə də yoxsulluğun, işsizliyin aradan qaldırıldığını ilə bağlı deyilənlər də reallığı əks etdirmir. Əgər dövlət başçısının dedikləri həqiqət olsaydı, bu hansısa formada özünü göstərərdi. Işsizliyin səviyyəsi ilə bağlı hesablamaları birtərəfli aparırlar. Bu da yanlış hesablamadır”.
Fizzə


