Azərbaycan paytaxtında Bakı körfəzinin iki tərəfini birləşdirəcək Dənizkənarı Bulvarın bütün uzunluğu boyu yeraltı tunelin tikintisi heç bir təhlükə daşımır. Trend-in məlumatına görə, bu barədə cümə günü Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov bildirib.
Layihəyə əsasən, yeraltı tunelin uzunluğu 42 kilometr olacaq. Tunelin 0,9 kilometrlik bir hissəsi yerin üstündə salınacaq və U-səkilli formaya malik olacaq. Tunel altı xətli (3 xətt bir , 3 xətt isə digər istiqamətə) olacaq.
Bakı körfəzinin hər iki tərəfinin birləşdirilməsi üçün suüstü körpü tikintisinin mümkünlüyünə də baxılır. Lakin Ələsgərovun fikrincə, Bakı körfəzindən keçəcək körpünün tikintisi bahalı layihədir: “Yol salmaq imkanı olduğu halda körpünün tikintisi nəyə lazımdır? Körpünün tikintisi baha başa gəlir”.
Xatırladaq ki, bir müddət əvvəl Şıx qəsəbəsindən Zığ qəsəbəsinə qədər dənizin üzərindən asma körpünün salınması nəzərdə tutulurdu.
Hətta bu məqsədlə ərazinin öyrənilməsi, ilkin araşdırma və layihələndirmə üçün lazımi vəsait də ayrılmışdı. Körpünün dəniz üzərindəki uzunluğu 13,3, ümumi uzunluğu isə 26,5 kilometr olacağı deyilirdi.
“Bakı Körfəzi Dəniz Körpüsü” adlı layihəni Koreyanın “Dong Sung Engineering” şirkəti hazırlamışdı. Layihənin reallaşmasına 1 milyard dollar vəsait ayrılacağı bildirilirdi.
Iqtisadçı ekspertlər bu cür layihələri neft pullarının talan edilməsi kimi qiymətləndirirlər. Onların fikrincə, zəruri olmayan iri infrastruktur layihələrə marağın kökündə əslində korrupsiya dayanır.


