aliyev-munich

Alman mətbuatı yenə Əliyev avtoritarizmindən yazır

aliyev-munich«Elə bir gün yoxdur ki, bu ölkədən yeni siyasi həbslər barədə xəbər gəlməsin…»

Seçki yaxınlaşdıqca təbii ki, dünya mətbuatının da Azərbaycana diqqəti artır. Qərbin nüfuzlu media orqanları ölkədə Ilham Əliyevin rəhbərliyi altında avtoritar rejimin hökm sürməsinə diqqət çəkərək, acınacaqlı durumdan bəhs edirlər. Bu qəbildən olan növbəti məqaləni Almaniyanın “Berliner Zeitung” qəzeti yayımlayıb. Eyni materialı “Frankfurter Rundschau” qəzeti da oxucularıyla paylaşıb.
Məqalə müəllifi yada salır ki, ötən il bu ölkədə “Eurovision” musiqi yarışması keçirilib. Yarışmaya ev sahibliyi edən ölkədə demokratiyanın inkişafına ümidlər olsa da, ötən bir ildə gözləntilər özünü doğrultmayıb.
“Bir neçə yerli telekanal Azərbaycanda guya, demokratiyanın möhkəmlənməsi istiqamətində cəhdlərin davam etdiyi barədə təbliğat aparsa da, əslində, ölkə daha da avtoritarlaşıb”, – deyə məqalədə vurğulanır.
“Eurovision” zamanı Azərbaycanda olmuş musiqiçi Kristian Reznikin Bakı xatirələrinə də yer verilib. O, Bakıda zibildən, oteldəki kobudluqdan söz açıb.
Müəllif yada salır ki, Ilham Əliyevin avtoritar rejimi üçün təbliğat məqsədilə yarışma zamanı iki həftə şou davam etdi. Rejimin təbliği məqsədilə ölkəni yaxşı tərəfdən göstərməyə çalışdılar – xüsusən möhtəşəm binalar, müasir otellər və yarışmanın keçirildiyi konsert salonu ilə…
Məqalədə ayrıca bölmə ilə Azərbaycanda söz və mətbuat azadlığının boğulmasından bəhs olunur. Qeyd olunur ki, “Eurovision”un təşkilatçısı olan Avropa Yayım Birliyi heç vaxt Bakı müsabiqəsi qədər tənqid olunmamışdı: “Media Azərbaycandakı siyasi vəziyyəti, xüsusən müstəqil mətbuatın boğulması, insan hüquqlarının pozulması hallarını dəfələrlə tənqid edirdi. Təkrar-təkrar eyni sual ortaya çıxırdı: ”Belə bir ölkədə Avropanın ən populyar musiqi yarışması keçirilə bilərmi?” Avropa Yayım Birliyinin cavabı isə eyni olurdu: “Əlbəttə olar, son nəticədə Avropa Yayım Birliyi siyasi təşkilat deyil”.
Bununla belə, ötən ilin yayında Avropa Yayım Birliyin bütün üzvləri ümumi dəyərlərə əməl etmək barədə öhdəlik götürdülər. Söhbət bütün vətəndaşların sərbəst şəkildə fikirlərini ifadə edə biləcəkləri müstəqil ictimai məkanın yaradılmasından gedir. Birliyin növbəti toplantısında həmin öhdəliklərə əməl etməyən üzvlərə qarşı sanksiyalar məsələsi müzakirə olunacaq. Məsələn, Rusiya yenidən qələbə qazansa, yarışmanın ev sahibi kimi, özünü necə aparacaq? Yaxud Belarusun qələbəsi… Ya da Qazaxıstanın… Ötən qışdan bəri bu Mərkəzi Asiya ölkəsinin diktatoru Avropa Yayım Birliyinə daxil olmağa cəhd göstərir”.
Məqalədə azərbaycanlı blogger, gənc fəal Emin Milli və onun “Meydan TV” layihəsilə bağlı fikirləri də yer alıb. Emin Milli bildirib ki, “Meydan TV”nin Almaniyadan internet və ya peyk vasitəsilə yayımlanması nəzərdə tutulub. Məqsəd isə Azərbaycanda əhali arasında demokratik fikrin formalaşdırılmasıdır.
Emin Milli də müsahibəsində Azərbaycandakı vəziyyətin ötən illə müqayisədə ağırlaşdığını, ölkənin daha da avtoritarlaşdığını bildirib.
“Human Rights Watch”ın əməkdaşı Georgi Qoqia “Berliner Zeitung”un əməkdaşıyla söhbətində Azərbaycandakı siyasi həbslərdən danışıb. O, Azərbaycanda vəziyyətin ağır olduğunu deyib: “Xüsusən son aylar vəziyyət daha da pisləşib. Elə bir gün yoxdur ki, mən bu ölkədən yeni siyasi həbslər barədə xəbər eşitməyim”.
“Human Rights Watch”ın alman bürosunun rəhbəri Vantsel Mixalski isə Azərbaycanda etiraz hərəkatının böyüməsinə diqqət çəkib. Mixalski bildirib ki, Azərbaycandakı rejim musiqi yarışmasından öz təbliğatı məqsədilə istifadə etməyə çalışsa da, bunun əksi baş verdi. O mənada ki, dünya mətbuatı diqqəti bu ölkədəki hüquq pozuntularına, hakimiyyətin özbaşınalıqlarına yönəltdi.

Siyasət şöbəsi