Zöhrab İsmayıl: «Hacıbala Abutalıbov belə məsuliyyətsiz və qanunsuz bəyanatlar verməkdən çəkinməlidir»
Bakıda yeni söküntülərə başlanması barədə açıqlama verilib. Ilk mərhələdə Hüseyn Cavid prospektilə Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə açıqlama verən Bakı şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək.
Daha sonra Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxınlığındakı əraziyə qədər olan binalar, həmçinin “Kubinka” adlanan ərazidəki evlər də söküləcək. Abutalıbovun sözlərinə görə, qısa müddətdə Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.
Artıq açılışı olan Qış parkı ərazisində baş verənlər insanların yaddaşından çıxmayıb. Həmin ərazidə yaşayan sakinlərin söküntünü həyata keçirənlərlə qarşıdurması, hətta sakinlərdən bəzisinin intihar həddinə çatdırılması necə yaddan çıxa bilər?! Sakinlər haqlı olaraq, şəhərin mərkəzində evlərinin hər kvadrat metrinə cəmi 1500 manat ödənilməsilə razılaşmırdılar. Lakin insanların narazılığı, şikayətləri nəzərə alınmadı və söküntü işi həyata keçirildi.
Indi növbəti mərhələyə start verilib və baxmayaraq ki, əvvəlki şikayətlərlə bağlı məsələlər Avropa Məhkəməsinə qədər gedib, hökumət öz bildiyini edir.
Iqtisadçı-ekspert Zöhrab Ismayıl deyir ki, H.Abutalıbovun hansısa küçə və məhəllənin sökülməsi barədə sərəncam verməyə ixtiyarı yoxdur. Hətta Bakı şəhər Icra Hakimiyyətinin də belə bir səlahiyyəti yoxdur: “Ona görə də Bakı şəhər Icra Hakimiyyətinin başçısı belə məsuliyyətsiz və qanunsuz bəyanatlar verməkdən çəkinməlidir. Hər hansı bir ərazidə özəl mülkiyyətdə olan evlərin sökülməsilə bağlı plan varsa, ilk növbədə həmin plan açıqlanmalıdır. Plana da uyğun olaraq özəl şirkətlər vətəndaşların razılığını almalı və könüllü şəkildə evlərin satışını təmin etməlidir. Ya da ki, hansısa bir avtomobil yolu, su xətti kimi infrastruktur proqramı varsa, bu halda torpaqlar dövlət ehtiyacı üçün alına bilər. Bu halda, Nazirlər Kabinetinin sərəncam verməsinə ehtiyac var. Yəni Hacıbala Abutalıbovun özü və rəhbərlik etdiyi qurumun belə qərarlar verməyə hüququ yoxdur”.
Ekspert yada salır ki, merin köhnə sərəncamlarıyla bağlı onlarla vətəndaş məhkəməyə müraciət edib. Hazırda iş Avropa Məhkəməsi müstəvisinə gedib çıxıb. Z.Ismayılın sözlərinə görə, baş verən hadisələr dayanmasa, Azərbaycan hökuməti çox böyük cərimələr ödəməyə məcbur olacaq. Çünki vətəndaşlar yerli məhkəmə instansiyasından keçərək, Avropa Məhkəməsinə müraciət edib: “Onların da iddialarının çoxu məhz Hacıbala Abutalıbovun 2010-2012-ci illərdə verdiyi sərəncamların ləğvilə bağlıdır. Bu proses dayanmalı və vətəndaşlar ayıq-sayıq, qətiyyətli olmalıdır. Növbəti mərhələ isə Abutalıbovun hesab etdiyi qədər asan olmayacaq”.
Nigar


