Yazıya “Hakimiyyət başını itirir” cümləsilə başlamaq istəyirəm. Amma bilirəm, dörd bir yandan soruşacaqsınız: “Baş var idi ki?..”
Reallıq budur: hakimiyyət hər keçən gün əvvəlki günə nisbətən daha da azğınlaşır, özünü daha çox gözdən salır, ictimai rəydə alçalır.
Azərbaycan cəmiyyəti üzərində mənəvi haqqını büsbütün itirən hakimiyyət indi əsl küçə uşağına dönüb.
Indi hakimiyyətin əsas məqsədi xalqın etimadını qanmaq, itirilən hörməti bərpa etmək yox, onu sevməyənləri özlərindən də idbar hala gətirmək, belələrinin nüfuzunu yox etməkdir.
Ancaq bu işi də elə qabiliyyətsiz şəkildə görürlər ki, özləri daha da bərbad vəziyyətə düşürlər.
Bu qəbildən görülən “ən böyük” iş “Terrora yox!” dedikləri üçün həbs olunan mübariz gənclərin zindandan gizli görüntülərinin yayılmasıdır.
Yayılan şəklin ən şok tərəfi yoldaşların ayaqyolunda işlərini bitirəndən sonra unitaza vedrə ilə su tökməsidir.
Görünür, bu mənzərə hakimiyyət üçün doğrudan da böyük şokdur. Çünki bunların çoxu s.p. üstündə oturan təfəkkür sahibləridir.
Adi bir fakt deyim, gedin yoxlayın. Parlamentdə deputatların istifadə etdiyi tualetdə elan görmüşəm: “Xahiş edirik, arxanızca suyu çəkin”.
O boyda saraylar zəbt ediblər, amma bunlar hələ də tualetdə suyun istifadəsinin zərurət olduğunu dərk etməyiblər.
Gəlirik, məsələnin o biri tərəfinə…
Etirazçı gəncliyi bu cür axmaq və namərd təbliğatla gözdən salmaq, mübarizdən yayındırmaq mümkündürmü?
Qətiyyən!
Birincisi, baş verənlər, yəni, gənclərin ayaqyolunda sudan istifadə etməsi normal haldır, qəbahətli bir şey deyil. Tualeti güdən və orada baş verənləri yaymaq isə başını nəcasətə soxmaq kimi naqis əməldir.
Ikincisi, şərlə mübarizə aparan, inqilabı hədəfləyən insanlar üçün belə ucuz əks-təbliğat heç vaxt işləməyib, işləməyəcək də.
Təkcə onu yada salmaq kifayətdir ki, Islam Peyğəmbərinin Məkkə həyatında onun üstünə hər gün belə nəcasət tullayan cahillər vardı. Nəticəni isə indi o cahillərin nəvə-nəticələri də görür. Amma nə edəsən, tarixin ən böyük dərsi odur ki, heç kim ondan dərs çıxarmır.
Zeynəb Xanlarovanın qorxmadığı şey
“Azadlıq”ın dünənki sayında Pərviz Cəbrayılın köşəsini oxumusunuzsa, mənim yazımı burada dayandıra bilərsiniz. Çünki o, Zeynəb Xanlarova barədə demək istədiklərimin çoxunu yazıb.
Bilirsiniz, Zeynəb xanım parlamentdə alovlu bir çıxış edib. O çıxışla bağlı “Bizim yol”un sorğusunu cavablandıran Zeynəb Xanlarova bildirib ki, o, həqiqəti danışdığı üçün heç nədən çəkinmir: “Mən niyə qorxmalıyam ki? Yalan danışmadım. Olanları, yaxın tarixi xatırlatdım”.
Mən Zeynəb xanımı ziyalı mövqeyi göstərdiyinə görə alqışlayıram. Və ayrıca olaraq bildirirəm ki, onun son çağlar etdiyi belə çıxışlar xalqımızın təşnə qəlbinə su səpir. Insanlar vaxtilə onun həzin mahnılarından aldığı ləzzəti indi bu formada alırlar.
Bir az obrazlı ifadə etsək, Zeynəb xanım yenidən öz taxt-tacını məzlum Azərbaycan xalqının qəlbində ucaltmaqdadır. Ancaq buradaca onun qorxu anlayışının xalqınkından fərqli olduğunu bəyan etməliyik.
Hörmətli Zeynəb xanım, iş burasındadır ki, xalqımıza uzun illərdir, düz danışmağı haram ediblər.
Bizim ölkədə doğruları danışmaq təhlükəlidir, doğru sözü deyənin başı bəlaya girir, əksi yox.
Və bu da təəccüblü deyil, vəziyyət ustad Əli Şəriətinin təsvir etdiyi kimidir: “Cəhalət dövründə şüur, özü bir qanun pozuntusudur”.
Mən sizdən ölkəmizdə şüurun pozuntu olmadığı, yalanın ayıb sayıldığı, doğru sözü deməyin təhlükə vəd etmədiyi bir cəmiyyətin qurulması üçün səylərinizi davam etdirməyinizi xahiş edirəm!

Tualetə burun soxanlar
•