İlqar Məmmədov Avstriya prezidentinə məktub yazdı: “Əliyev rejimi ilə əlaqələr sizin ölkənin reputasiya məsələsidir”
“REAL” hərəkatının hazırda həbsdə olan sədri İlqar Məmmədov Avstriya prezidenti Haynts Fişerə məktub ünvanlayıb. Məktubun yazılmasına səbəb Azərbaycan prezidenti İlham Əliyevin Avstriyaya gözlənilən səfəridir. “Contact.az”da dərc olunan məktubu olduğu kimi təqdim edirik.
“Hörmətli, cənab prezident,
Həbsxanadan yazdığım ilk məqalə 2013-cü il martın 4-də Azad Avropa/ Azadlıq Radiosunun (RFE / RL) saytında dərc olunub və Azərbaycan diktatoru İlham Əliyevin mənə qarşı cinayət işini nədən saxtalaşdıraraq həbsə almaq qərarına gəldiyinin səbəblərini açıqlayır. Bu açıq məktubda mən “niyə indi” sualına aydınlıq gətirmək istəyirəm. Soruşa bilərsiniz: nə üçün məktub sizə ünvanlanıb. Siyasət və iqtisadiyyat sahəsində Avstriya-Azərbaycan münasibətləri bütün bunlara aydınlıq gətirəcək.
İki il yarım əvvəl avstriyalı deputat Volfqanq Qrossrukun rəhbərliyi ilə ATƏT PA missiyası Azərbaycanda parlament seçkilərini müşahidə etmək üçün Bakıya gəlmişdi. 2010-cu il noyabrın 8-də seçkilərdən sonra beynəlxalq missiyanın mətbuat konfransında Əliyev rejimi tərəfindən seçkilərin kütləvi saxtalaşdırılmasının gizlədilməsinə yönələn biabırçı cəhdlər oldu. Əslində onun şərhləri ATƏT-in müşahidə missiyasında dərin parçalanmanı əks etdirirdi.
ATƏT DTİHB missiyasının peşəkar hissəsi öz tənqidi qiymətinə düzəliş etməyə və Qrossrukun rəhbərliyi ilə ATƏT PA nümayəndə heyətinin mövqeyini “ört-basdır” etməyə məcbur oldu. Bundan əlavə, mətbuat konfransından sonra Qrossruk DTİHB uzunmüddətli missiyasından ATƏT-in o zamankı sədrinə – Qazaxıstanın xarici işlər nazirinə (!) şikayət məktubu göndərmişdi.
Yeri gəlmişkən, güman edirəm ki, siz bir neçə gündən sonra 2010-cu il dekabrın 1-də Qazaxıstanda bu insidenti İlham Əliyevlə müzakirə etmisiniz. Çünki rəsmi KİV yalnız sizin onunla qaz sahəsində əməkdaşlıqla bağlı diskussiya apardığınızı qeyd etmişdi.
İki həftə öncə Avstriya parlament sədrinin müavini Fris Negeubaerin rəhbərliyi ilə böyük nümayəndə heyəti Azərbaycana gəldi. Mən bu səfəri ətraflı izləyə bilmədim, çünki həbsdəyəm. Mənim yalnız FM- radiostansiyalarına çıxışım var ki, onlar da (bütün televiziya telekanalları kimi) Azərbaycan hakimiyyətinin nəzarəti altındadır.
Bu səfərin həmin KİV-lərdə işıqlandırılması belə təəssürat yaratdı ki, səfər qaz karnavalının, dəqiq desək gələcək Nabucco və TANAP layihələrinin birgə bayram edilməsidir. Həmin KİV-lərdəki sizin 2011-ci ilin oktyabrında Bakıya səfərinizlə bağlı bir çox istinadlar da Avropa dəyərləri və Azərbaycanda “demokratiya qıtlığı” barədə hətta formal xatırlatmanın belə olmadığından xəbər verir.
İki ay öncə, 2013-cü il yanvarın 23-də AŞPA Monitorinq Komitəsinin alman məruzəçisi cənab Ştrasser tərəfindən hazırlanmış Azərbaycanda siyasi məhbuslara dair mühüm sənəd üzrə səsvermədə AŞPA-da Avstriya nümayəndə heyəti iştirak etməyib. Əlbəttə ki, rəsmi Bakı bu maneradan məmnun olub.
Bizim hərəkat və şəxsən mən Nabucco layihəsinin tərəfdarlarıyıq. Mənim TANAP-ın (Nabucco ideologiyasının bir hissəsi) xeyrinə ingilis dilində yazdığım məqalə bir neçə ay öncə dərc edilib:
http://edf.az/ts_general/download/The_Conference_Papers.pdf
Mən gənc azərbaycanlı siyasətçi, fəal və vətəndaş cəmiyyətinin nümayəndələri ilə bu layihənin üstünlüklərini müzakirə etmək üçün sizin həmyerliniz, Avstriyanın qaz nəhəngi OMV-nin regional meneceri Volfqanq Şporreri məmnuniyyətlə dəvət etdim. İndiyədək onun qiymətli əqli töhfəsinə görə minnətdaram.
Hazırda bu strateji boru kəmərinin Avroatlantika tərəfdaşları 2013-cü ilin mayında İlham Əliyevin sizin ölkənizə səfəri zamanı bu layihə üzrə mühüm qərarların olacağını gözləyirlər. İyunda Aİ-nin energetika üzrə komissarı Günter Ottingerin səfəri gözlənilir.
Bu fonda azərbaycanlı diktator qarşıdakı prezident seçkilərində rəqibini həbs etmək qərarına gəlib.
Bu gün komissarlar Ketrin Eşton və Ştefan Füle tərəfindən mənə göstərilən yüksək mənəvi dəstəyi bir daha qeyd etməliyəm. Onlar mənim həbsimdən dərhal sonra vaxtında və qətiyyətli bəyanatlarla çıxış etdilər. Mən hər ikisi ilə bir neçə dəfə Bakıda görüşmüşəm ki, bu da Aİ-nin siyasi plüralizmə və demokratik dəyərlərə ciddi münasibəti deməkdir.
2011-ci il noyabrın 16-da mən xanım Eştona dedim ki, Aİ Azərbaycanın təbii qazın və ya neft satışından daxil olan gəlirlərin hesabına Avropanın repressiyalara sükutlu dəstəyini “almaq” cəhdlərinə mane olmalıdır.
2012—ci il aprelin 3-də Eurovision mahnı müsabiqəsindən sonra repressiyaların artması ilə bağlı cənab Füleni xəbərdar etdim.
Bəli, İlham Əliyev Avropa saraylarında yüksək qəbullar keçirir ki, xüsusən də enerji təhlükəsizliyi kimi strateji məsələlər üzrə, sonradan öz opponentlərinə qarşı repressiyalar həyata keçirsin. Bu baxımdan Əliyev rejimi və Avstriya demokratiyası arasında yuxarıda göstərilən dərin siyasi əlaqələr yaxınlaşmaqda olan strateji qaz sazişi ilə möhkəmlənir, lakin bu, sizin ölkənin reputasiya məsələsidir.
Odur ki, cənab prezident, mən İlham Əliyevin Avstriyaya qarşıdakı səfəri ilə əlaqədar qabaqlayıcı hərəkətlərinizə ümid edirəm. Biz artıq mövcud neqativ siyasi leksikonu “Nabucco məhbusu” adlanan yeni terminlə zənginləşdirməməliyik.
Hörmətlə,
İlqar Məmmədov
REAL hərəkatının rəhbəri
(2013-cü il il prezident seçkilərinə namizəd)”


