“Suriyaya dair danışıqlarda real tərəqqi əldə etdik”

Devid Kameron Putinlə görüşdə sərt bəyanat verdi: “Suriya tarixi Suriya xalqının qanı ilə yazılır”

Putin Britaniyanın baş nazirinə erməni konyakı bağışlayıb

Suriya böhranını müzakirə etmək üçün Moskvada Rusiyanın prezidenti Vladimr Putinlə görüşən İngiltərənin baş naziri Devid Kameron sərt bəyanat verib. O, Suriya dövlət başçısı Bəşər Əsədin iqtidardan getməli olduğunu, müxalif qüvvələrə kömək üçünsə Avropa Birliyinin tətbiq etdiyi silah embarqosunun aradan qaldırıla biləcəyini deyib.

Görüşdən sonra mətbuatın qarşısına çıxan Kameron “Suriya tarixi Suriya xalqının qanı ilə yazılır”, – deyə bildirib. Kameron qeyd edib ki, Suriya mövzusunda ölkəsinin Rusiya ilə fərqli yanaşmada olduğu gizli deyil. Suriyadakı vəziyyətin getdikcə pisləşdiyini dilə gətirən Kameron “Milyonlarla insan evini tərk etdi. Böhranı bitirmək üçün ortaq dəyərləri də paylaşırıq. Suriya xalqının öz idarəçilərini seçə bilməsi lazımdır. Eyni zamanda radikal ünsürlərin da güclənməsini önləməliyik”, – deyə bildirib.

Səfərdən sonra Britaniyanın baş naziri bildirib ki, Vladimir Putinlə Suriyaya dair danışıqlarda real tərəqqi əldə edilib.
Səfərlə bağlı məlumatlarda o da deyilir ki, Britaniya və Rusiyanın təhlükəsizlik xidmətləri Soçi Qış Olimpiadası zamanı «məhdud miqyasda» əməkdaşlığı bərpa edəcəklər. MI5 və MI6 ilə Rusiyanın Federal Təhlükəsizlik Xidməti arasında əməkdaşlıq 7 il əvvəl keçmiş DTK casusu Alexander Litvinenkonun Londonda qətlə yetirilməsindən sonra dondurulub.

Britaniya mətbuatı yazır ki, Devid Kameron Rusiya prezidentinin Soçi iqamətgahında qonaq edilən ilk Britaniya baş naziri olsa da, Putinin hərəkətlərində sərinlik hiss olunurmuş. Hərçənd, ruslar süfrəyə Londonun bir nömrəli saatı olan «Biq Ben» formasında tort da qoyublar. Bunun müqabilində Kameron Rusiya prezidentinə ötən il London Yay Olimpiya Oyunlarında çəkilmiş bir fotonu bağışlayıb. Bu şəkildə Putin və Cameron cüdo yarışını izləyirlər. Vladimir Putinin cavab hədiyyəsi isə xüsusilə maraqlı olub. Putin Kamerona 1971-ci il tarixli erməni konyakı bağışlayıb və deyib ki, Stalin 1945-ci ildə Uinston Çörçilə məhz belə bir içkini hədiyyə edib.