Mehdiabadda inşa edilən binalarla bağlı ilginc məlumatlar
Deputat Rəfael Cəbrayılovla bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub. Məlumatda bildirilir ki, Binəqədi rayonu Mehdiabad qəsəbəsində tikilən 6 mərtəbəli binaları deputata məxsus “Dərhal” MMC inşa edir. Həmin binaların inşasına 2006-cı ildə başlanılıb. 2008-ci ildən isə tikinti işləri demək olar ki, dayandırılıb.
2011-ci ilə qədər 12 binanın tikintiisi nəzərdə tutulmuşdusa, MMC yalnız 6 binanı inşa edə bilib. Rəhbərliyi bunu iqtisadi böhranla izah edib. 2012-ci ildən başlayaraq binaların tikintisi yenidən yüksək templə həyata keçirilib. Iddia edilir ki, bu, Rəfael Cəbrayılovla Milli Məclisin sədri Oqtay Əsədovun işbirliyi nəticəsində baş tutub. Məlumatlara görə, binaların inşasına başlayanda park, uşaqlar üçün əyləncə yeri, uşaq bağçası, poliklinikanın da tikilməsi nəzərdə tutulub. Lakin sonradan bu vədə edilməyib. Əvəzində binaların arasında şadlıq sarayları, kafelər və mağazalar inşa olunub.
Məlumatda həmçinin bildirilir ki, bütün işlərə Rəfael Cəbrayılovun qardaşı rəhbərlik edir. Bundan əlavə Rəfael Cəbrayılov Oqtay Əsədovun sayəsində “Qaçqınkom”la müqavilə bağlayaraq mənzillərin bir hissəsini bu quruma satıb. Maraqlıdır ki, qurum mənzilin hər kvadrat metri üçün 800 manat ödəyib. Halbuki bu binalarda mənzillərin hər kvadrat metri 400 manata satılırmış.
Məlumatda həmçinin deyilir ki, yeni binalarda mənzil alanlardan hər ay 20 manat pul yığılır. Bu məbləğin nə üçün yığıldığı bəlli deyil.