Məmurun evini yağmalayıb, həyat yoldaşını yaraladılar

Mayın 10-dan 11-nə keçən gecə Sabirabad rayonunun Cavad kəndində quldurluq hadisəsi baş verib. Yayılan rəsmi məlumata görə, rayonun Maliyyə Idarəsinin müdiriÿHüseynağa Gülüşovun evinə daxil olan bir qrup şəxs ondan pul tələb edib. H.Gülüşov evdə olan 1500 manatı həmin şəxslərə verib.
Silahlı şəxslər pulu aldıqdan sonra, ev sahibinə bir neçə zərbə vurub və evi tərk ediblər. Polis H.Gülüşovun şikayəti əsasında axtarışlara başlayıb.
Rayondakı mənbələr isə hadisəni bir qədər fərqli təqdim edirlər. Camaat arasında bu basqını rayondaxili məmur çəkişməsinin nəticəsi kimi qiymətləndirənlər çoxdur. Bildirilir ki, Gülüşovun evindən 1500 manat yox, azı, bunun 10 misli qədər pul aparılıb.
Quldurların ev sahibinin həyat yoldaşını boğazından yaralaması barədə də məlumatlar var.
Gülüşov Sabirabadın ən zənginləri sırasında yer alan şəxslərdəndir. O həm də Sabirabadda məmur korpusu içində müstəqilliyi ilə seçilənlərdəndir.