AXCP Aslan İsmayılovla bağlı bəyanat verdi; vəkilə həbsxanadan da dəstək gəldi
Azərbaycan Xalq Cəbhəsi Partiyası tanınmış hüquqşünas Aslan İsmayılovun vəkillikdən qanunsuz uzaqlaşdırılması ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:
“Cəmiyyətin haqqı ədaləti, hüquq pozulanları müdafiə edən kimi tanıdığı ictimai xadim Aslan İsmayılov Vəkillər Kolegiyasının üzvlüyündən qondarma əsaslarla, bəhanələrlər uzaqlaşdırılıb.
AXCP hesab edir ki, Aslan İsmayılovun Vəkillər Kolegiyasının üzvlüyündən uzaqlaşdırılması, onun peşəkar fəaliyyətdən məhrum edilməsi indiyə qədərki prinsipial vətəndaş mövqeyi, ölkədəki eybəcərliklər bağlı göstərdiyi sərt ziyalı mövqeyi üçün siyasi mülahizələrlə müəyyənləşdirilən cəzadır.
Vəkillər Kolegiyası çox təəssüf ki, öz peşəkar fəaliyyətindən gen duraraq, insan hüquq və azadlıqlarının qorunmasından daha çox Azərbaycan hakimiyyətinin əlində cəza alətinə çevirlirib. Ölkə ictimaiyyətinin böyük hörmətlə qəbul etdiyi İntiqam Əliyevin, Ənnağı Hacıbəylinin, Qurban Məmmədovun, Elçin Namazovun, Xalid Bağırovun, Osman Kazımovun, Namizəd Səfərovun, Eldar Qurbanovun və s müxtəlif zamanlarda kollegiyadan qondarma əsaslarla uzaqlaşdırıması dediklərimizə sübutdur.
AXCP bəyan edir ki, hakimiyyətin son aylarda daha da aqressivləşməsi, partiya strukturlarının evlərdə belə keçirdiyi yığıncaqlara müdaxilə etməsi, bir sıra hallarda oppenetlərinə qarşı fikziki gücdən istifadə etməsi, gənclərə qarşı göstərilənən xüsusi amansızlıqlar və o cümlədən Aslan İsmayılov kimi ictimai xadimə qarşı seçilən cəza siyasəti rejimin bilavasitə yaxınlaşan dəyişikliklərə bağlı qorxusundan irəli gəlir.
Azərbaycan xalqının indiki hakimiyyətə heç bir etimadı olmadığı anlamaqlarından irəli gəlir.
AXCP bildirir ki, bütün dünya təcrübəsində olduğu kimi Azərbaycanda da sərt anti- insanı tədbirlər belə xalqımızın köklü demokratik dəyişikliklər uğurunda mübarizəsinin qarşısını ala bilməyəcək.
AXCP əməndir ki, ölkənin prinsipial hüquqşünasları da, siyasi qüvvələri, ziyaliları, gəncləri də ölkədə ciddi dəyişiklərə nail olanadək heç nəyə baxmadan mübarizələrini davam etdirəcəklər”.
Hakimiyyət Avropa Şurasını aldatdı
Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzi də Aslan Ismayılovun ətrafında baş verənlərə etiraz bəyanatıyla çıxış edib. Bəyanatda bildirilir ki, Aslan Ismayılovun Vəkillər Kollegiyasından uzaqlaşdırılması qanunsuz olmaqla yanaşı, həm də Azərbaycan hökumətinin əməkdaşlıq etdiyi beynəlxalq qurumlarla səmimi olmadığını ortaya qoydu. Baxmayaraq ki, hakimiyyət AŞ PA-da Azərbaycanın öhdəliklərinin icra vəziyyətinə dair həmməruzəçilərin hesabatlarındakı tənqidi məqamları araşdıracağına, bu hesabat üzərində işləyəcəyinə dair vəd vermişdi.
Bəyanatda qeyd olunur ki, Azərbaycan hökuməti AŞ PA-da ölkəmizlə bağlı müzakirələr zamanı siyasi məhbuslar üzrə məruzəçi Kristof Ştrasserin hesabatından fərqli olaraq, Monitorinq Komitəsi həmməruzəçilərinin hesabatıyla razılaşmışdı: “Həmin hesabatda Azərbaycanda vəkillərə qarşı aparılan təzyiqlərə son qoyulması ilə bağlı xüsusi müddəa var idi. Hakimiyyətin son davranışı isə göstərdi ki, heç bir beynəlxalq təşkilatın tənqidi onun üçün əsas deyil: ”Azərbaycanda vəkillərə təzyiqlər o həddə çatıb ki, hətta ABŞ Dövlət Departamenti özünün illik hesabatında bundan narahatlığını ifadə edib”.
Bəyanatda o da qeyd olunur ki, Aslan Ismayılov barəsində qəbul olunan bu qərar cəmiyyətdə fəallığı, siyasi əhəmiyyətli istintaq və məhkəmə proseslərində cəsarətli və prinsipial mövqeyilə seçilən vəkillərin gözünü qorxutmağa hesablanıb.
Məhbus həbsxanadan Aslan İsmayılovu müdafiə etdi
Hazırda Bakı Istintaq Təcridxanasında saxlanılan ilahiyyatçı Tale Bağıradə də tanınmış vəkil Aslan Ismayılovun Vəkillər Kollegiyasından çıxarılmasına etiraz edib. Həbsxanadan göndərdiyi müraciətində ilahiyyatçı Aslan Ismayılov və digər nüfuzlu vəkillərin kollegiyadan uzaqlaşdırılmasını siyasi sifarişin nəticəsi kimi qiymətləndirib: “Tanınmış vəkil, qanunsuzluqlara qarşı mübariz bir insan Aslan Ismayılovun Vəkillər Kollegiyasından çıxarılması xəbərini məyusluqla aldıq. Şübhə yoxdur ki, Aslan Ismayılovun kollegiyadan çıxarılmasının əsl səbəbi onun qətiyyətli və barışmaz fikirləri, çıxışları, ictimai fəaliyyəti və son vaxtlar geniş rezonansa səbəb olan, hakimiyyətin yüksək pillərilə bağlılığı sübut olunan Zülfüqarlı qardaşlarını müdafiə etməsi olmuşdur. Əslində, bu iş Azərbaycanda insanların mülkiyyətinin əlindən alınması üçün hansı quldur vasitələrdən istifadə edilməsi, bu durumun necə dəhşətli olmasının bariz nümunəsidir. Insan zindana düşəndə əsl vəkilin qədrini bilməyə başlayır. Bu gün çox az sayda fədakar vəkillərimiz var. Bizim sükutumuzla yaxın keçmişdə Elçin Namazov, ondan əvvəl digər vəkillər rahat şəkildə kollegiyadan çıxarıldı. Aslan Ismayılovu müdafiə etməsək, sabah digər vəkillərimizi eyni aqibət gözləyə bilər. Bu haqsızlığa susmamağı çağırıram”.


