Yaltaqların, saxtakarların sonuncu bayramı

On altı il əvvəl üç yaşlı qızıma xalası bir milli gəlincik almışdı. Böyük qutunun içinə yerləşdirilən qara hörüklü gəlinciyin əynində uzun ağ don, başında ağ duvağ, belində qırmızı lent, əlində bir dəstə gül var idi. Gəlinciyin hətta dırnaqlarına qırmızı lak da vurmuşdular. Bütün balaca uşaqlar kimi qızım da yeni oyuncağı görəndə çox sevindi, tullanıb-düşməyə başladı.
Mən gəlinciyi qutudan çıxartmaq istədim, amma nə qədər çalışsam da bacarmadım, sanki gəlinciyi qutuya mıxlamışdılar. Məcbur olub qutunu kəsdim və gəlinciyi əlimə alanda mən də, bacım da, ən çox da balaca qızım heyrətdən donub qaldıq: gəlinciyin arxa hissəsi çılpaq idi, əynində heç nə yox idi. Qızım udquna-udquna “bəs bunun tumuşu hanı?” soruşanda bilmədik gülək, yoxsa hirsimizdən ağlayaq. “Tumuş” cəhənnəmə, gəlinciyin paltarı yarımçıq idi, arxa hissəsi tamam açıqda qalmışdı, ayaqlarında nəinki corab, heç ayaqqabı da yox idi. Çox dəhşətli mənzərə idi: ayaqyalın, corabsız, tumançağ gəlinciyin başına arsız-arsız duvağ örtüb, əlinə gül də vermişdilər.
Həmin gəlincik indiki hakimiyyətin istehsal etdiyi ilk milli, müstəqil oyuncaq idi. Yəni onlar istehsal etdikləri ilk oyuncaqla gələcəkdə Azərbaycan vətəndaşını nə günə qoyacaqlarını göstərirdilər. Sonra qızım qabağı bəzəkli, arxası çılpaq gəlinciyə “tumuşsuz kukla” adı qoydu və heç vaxt ona toxunmadı. Sonradan qızıma çoxlu əcnəbi gəlinciklər aldıq, onların nəinki əyinlərində bütün geyimləri, hətta balaca çemodanlarında əlavə paltarları, çantalarında güzgüləri, daraqları… olurdu.
Evin bir küncünə atılıb qalan “tumuşsuz kukla”nı bəlkə də heç vaxt xatırlamazdım, amma uşaqları, elə böyüklərinin də çoxusu tumançağ, ayaqyalın, acqarın olan bir ölkənin hər il “Gül bayramı”na görə milyonları havaya sovurması o bədbəxt gəlinciyi yadıma saldı. Indi dəlil-sübut kimi masanın üstünə qoyub, ona böyük ürək ağrısı ilə baxıb yazı həsr etdiyim gəlinciyə bu gündən “Tumuşsuz Azərbaycan” deyəcəyəm. Axı işsiz-gücsüz, acından qan qusan camaatın “Gül bayramı” harasına yaraşır? Faciə ondadır ki, Gül bayramına gedənlər, orda iştirak edənlərin əksəriyyəti “tumuşsuz kukla”nın durumunda olsalar da, arsız-arsız, gülə-gülə müxtəlif pozalarda şəkillər çəkdirirlər.
Əslində, Heydər Əliyevin 90 illiyi şərəfinə peşəkar yaltaqlardan, məşhur quldurlardan qeyri-adi hədiyyələr, yeniliklər gözləyirdik, amma qanacaqsızlar yubiley bayramını köhnə ssenari, köhnə tamaşalarla yola verirlər. Misal üçün, mən fikirləşirdim ki, metronu HƏtro, “McDonalds”ı “HƏcDonalds” edərlər, əlifbanın 32 hərfdən yox, 6 hərfdən ibarət olduğunu təsdiqləyərlər, Cəfər Cabbarlının heykəlini “28 May”dan, Üzeyir Hacıbəyovun heykəlini konservatoriyanın qabağından, Nizami Gəncəvinin heykəlini dörd məşhur küçənin kəsişməsindən götürüb, yubilyarın heykəllərini qoyarlar. Amma etmədilər, çünki sevgiləri o qədər saxtadır ki, hətta yaltaqlığı vicdanla edə bilmirlər. Ən azı, milli trikotaj fabriklərində yeni dizaynlı pijamalar, gecə köynəkləri istehsal edə bilərdilər: ürək şəklinin içində “H.Ə-90″ yazıb, ASAN-nın əməkdaşları vasitəsi ilə yorğunluqdan, problemlər bolluğundan hissləri ölmüş camaata paylamaq böyük savab olardı. Çünki ”H.Ə-90″-nın elə cazibədarlığı var ki, o dizaynda gecə köynəyi geyinən ən yorğun, ən qaradinməz vətəndaş da deyib-gülməyə başlayar, bir dəqiqədə tərəf müqabilinə 90 dəfə “hə” deyər və ailələr “yox” üzündən dağılmaz.
Əslində, builki may quldur məmurların “Köhnələr getsin, təzələr gəlsin, hamı ”H.Ə” desin!” ayı olmalı idi. Çünki köhnə məmurların çoxunu “Gül bayramı”ndan sonra solmuş, xarab olan güllər kimi Bakının mərkəzindən uzaqlara tullayacaqlar. Yaltaqların, quldurların sonuncu bayramı olduğu üçün, may ayında ən çox yaltaqlıq edənə ən yüksək mükafat verilməli idi. Zarafat deyil, adam indi balaca uşağına xoş söz deyə bilmir ki, birdən yaltaqlıq virusuna yoluxar, onlar isə nəfəs dərmədən yaltaqlanırlar.
Yeri gəlmişkən, bu yaxında bir qohumum ərinə “qurban olum, qadanı alım” dediyi üçün möhkəmcə döyülüb. Qadın zorla ərindən soruşub ki, “qurban olum, axı mənim günahım nədir ki, döyürsən?”. Əri daha da möhkəm əsəbləşib və deyib ki, “sənə deməmişdim bir də mənə qurban olum demə, zəhləm gedir o sözdən, hər dəfə o sözü eşidəndə elə bilirəm YAP-a üzv olmusan”. Sonra kişi arvadının könlünü almaq üçün ona bir şəkil bağışlayıb, çünki adam xoş sözdən, tərifdən necə iyrənirsə, bir kəlmə “üzr istəyirəm”i də deyə bilmir. Xanım iki-üç gün öncə ağlaya-ağlaya şəkli mənə göstərib deyir ki, bax, ərim mənə beş ləçəkli yasəmən şəkli bağışlayıb, yasəmən isə, “yasım mənim” deməkdir. Eh, atalar yaxşı deyib, eşşək nə bilir zəfəran, beş ləçəkli yasəmən, gül-çiçək nədir.
Maraqlıdır, Hacıbala Abutalıbovun qismətində olan bu sonuncu “Gül bayramı”ndakı tonlarla güllərin içindən heç olmasa bir dənə beş ləçəkli yasəmən tapmaq olar? Inanmıram, axı beş ləçəkli yasəmən “sən mənim ən müqəddəs arzumsan” deməkdir. Yaltaqların, saxtakarların isə müqəddəs arzuları olmur, onlar şöhrət, var-dövlət, işlərinin xətri üçün hər cür rəzillik edirlər, mün cür maska taxırlar…