xudat

Xaçmazda ara qarışdı

xudat“Zastava” rəisinin sakinləri söyməsi Xudatı ayağa qaldırdı; polis gecə həbslərə başladı

10:55

Bu gün səhər ertədən məhkəməyə gətirilən müxalifət fəalları Heybət Əmraha və Fikrət Əliyevə 10 sutkalıq həbz cəzası verilib. Müxalifət fəalları ilə yanaşı daha iki nəfər yerli sakinə – Ələddin Rzayev və Nüsrət Qarayevə də 10 sutkalıq inzibati həbs cəzası verilib.

Həbs olunanlar hadisələri qızışdırmaqda ittiham olunublar.

Məhkəmədən çıxarılıb müvəqqəti təcridxanaya aparılarkən Heybət Əmrah “Yeni Müsavat”ın reportyorlarının sualına cavab olaraq bildirib ki, həbsinin motivlərindən xəbərsizdir: “Vallah, niyə həbs edildiyimi bilmirəm. Hadisə baş verən vaxt evimdə olmuşam”.

F.Əliyev də deyib ki, ona heç bir günahı olmadan həbs veriblər və üzünə adam durdurublar: “Guya aksiyada iştirak etmişəm”.

***

10:00

Xudatda baş qaldıran etirazla əlaqədar Xaçmaz rayonunda gecə həbslər həyata keçirilib. “Musavat.com”un yaydığı məlumata görə, rayondakı müxalifət fəalları saxlanılıb. 10 nəfərin həbs olundugu bildirilir. Həbs olunanlar arasında Müsavat Partiyasının Xaçmaz təşkilatının sədri Heybət Əmrah da var. O, mülki geyimlilər tərəfindən evindən çıxarılaraq rayon polis şöbəsinə aparılıb.Tutulanlardan Ələddin Mirzəyev və avtoqəzanın şahidlərindən olan digər vətəndaş da Xaçmaz rayon polis şöbəsinə gətirilib.

Saat 9 radələrində, rayon məhkəməsinin kollektivi işə gələr-gəlməz Müsavat Partiyasının Xaçmaz raon təşkilatının sədri Heybət Əmrah və rayon təşkilatının keçmiş sədri Ramazan Əliyevin qardaşı Fikrət Əliyev rayon məhkəməsinə gətiriliblər. Onların barəsində inzibati cəza tədbiri seçiləcəyi güman olunur.

Heybət Əmrah məhkəməyə daxil olarkən musavat.com-a deyib ki, ötən gecə saat 3-ün yarısı onu evdən aparıblar: “Məni Xudat polisinə gətirdilər və hadisə vaxtı orada olub-olmadığımı soruşdular. Söylədim ki, hadisə yerində olmamışam. İzahat yazdırdılar”. F.Əliyev isə hadisə baş verərkən mağazadan evə getdiyini bildirdi: “Mən təsadüfən hadisənin şahidi olmuşam. Buna görə məni həbs etmək düzgün deyil”.
Məlumata görə, mayın 9-u axşam saatlarında sərhəd qoşunlarının komandanı Elçin Quliyevlə yanaşı daxili işlər nazirinin müavini Vilayət Eyvazov, Sumqayıt hərbi prokuroru, çevik polis alayının rəhbərliyi və digər yüksək çinli dövlət məmurları Xudata gəliblər. Eyni zamanda Bakıdan çevik polis alayının qüvvələri də Xudata gətirilib. Hələlik onların gücündən istifadə olunmur.

“Musavat.com”un yaydığı başqa bir məlumata görə, Sərhəd Qoşunlarının komandanı Elçin Quliyevin əmri ilə hadisənin səbəbkarı Rövşən Səfərov tutduğu vəzifədən kənarlaşdırılıb.

***

00:50

Xudatda mayın 9-u günorta saatlarında baş qaldıran etirazın gecəyə doğru ikinci dalğası yaşanıb. Bu dəfə sakinlər Sərhədd Qoşunlarının Dövlət Sərhəd Xidmətinə aid hərbi hissənin qarşısına toplaşıblar. Onlar “Azadlıq” və “İstefa” şüarları səsləndiriblər.

Əraziyə ətraf rayonlardan da olmaqla çoxlu sayda polis qüvvələri cəlb olunb. Polislər sakinləri dağılışmağa məcbur etmək və aksiyanı yatırmağa çalışıb, amma buna nail ola bilməyib.

Bakıdan Xaçmaza əlavə qüvvələr göndərilib. Şahidlərin bildirdiyinə görə, bir neçə suvuran maşın və Daxili Qoşunlara aid avtomobil Xaçmaza istiqamətlənib.

Xudatdakı mənbələrdən daxil olan məlumata görə isə yaranmış gərginliyi şəxsən Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev yatırmağa çalışıb. Belə ki, o, aksiya iştirakçılarının qarşısına çıxaraq onları dinləyib, tələblərinin yerinə yetiriləcəyi, günahkarların cəzalandırılacağını vəd edib. Bundan sonra aksiya iştirakçıları dağılışıblar.

***

09.05.2013

Xaçmaz rayonu Xudat şəhərində etiraz aksiyası keçirilib. Aksiyaya bir yol qəzası zamanı yaranan insident səbəb olub. Rayon sakinlərindən birinin “Azadlıq”a verdiyi məlumata görə, Sərhəd Qoşunlarının Rövşən adlı komandiri Xudat yolunda avtoqəza törədib. Qəzaya özü səbəb olsa da, hərbçi maşından düşərək nalayiq ifadələr işlədib. Qəza iştirakçısı olan digər avtomobildə ailə-uşaq olmasına da məhəl qoymayıb. Ətrafdakılar onun hərəkətinə etiraz etdikdə hərbçi təhqiramiz ifadələrini Xudat əhalisinə şamil edib. Bu isə emosiyaları qızışdırıb. Əhali baş verənlərə etiraz olaraq rayon polis idarəsinin və MTN-in yerli şöbəsinin binaları qarşısına yığışıb.

Aksiya 100-ə yaxın rayon sakini ilə başlasa da, sonradan onlara qoşulanların sayı artıb. Etiraz aksiyası 4 saata yaxın davam edib. Aksiyada əsasən sürücülər iştirak ediblər. Aksiya dinc şəkildə keçib, hər hansı qarşıdurma baş verməyib. Xudat rayon polis şöbəsinin rəisi Elçin Rəcəbov etirazçıların qarşısına çıxaraq məsələnin ədalətlə həll olunacağını, işin məhkəməyə göndəriləcəyini bildirib.

Komandir polis bölməsinə çağırılsa da, getməyib. Əhali arasında qəza zamanı komandirin sərxoş olduğu barədə söz-söhbət yayılıb. Sakinlər məsuliyyətin başqasının üzərinə atıla biləcəyindən də narahatdırlar.
Xaçmaz rayon Icra Hakimiyyəti başçısının müavini Yetkin Mehmanov məlumatın yalan olduğunu bildirib.
Xaçmaz rayon Polis Şöbəsinin Xudat polis bölməsinin rəisi Elçin Rəcəbov isə APA-ya Xudat şəhərində yol nəqliyyat hadisəsinin baş verdiyini təsdiqləyib. Onun sözlərinə görə, qəzadan sonra sürücülər arasından mübahisə yaranıb: “Polis bölməsinə müraciət olunub və hadisə sənədləşdirilib”.

Hadisənin şahidləri “Azadlıq” radiosuna bildiriblər ki, qəzanı törədən maşın Xudatdakı sərhəd dəstəsinin komandirinindir: “Onu həmişə görürük. İçərisində bir ailənin üzvləri olan «VAZ-04» markalı avtomobili vurandan sonra onlara kömək etmək əvəzinə sürücünü döyməyə başladılar. Hərbçilər sərxoş idilər”.
Şahidlərdən Nüsrət adlı sakin «Məsələyə qarışıb onları ayırmaq istəyəndə, hərbçilər bizi də söydülər. Sonra da maşına minib uzaqlaşdılar. Tələb edirik ki, hərbçilər qanunla cəzalandırılsın», – deyə bildirib.

Hərbçilər tərəfindən döyüldüyü deyilən sürücü Rafiq Hüseynovun oğlu Rauf Hüseynov isə “Azadlıq” radiosuna bunları deyib: «Biz maşında idik. Hərbçilərin maşını bizim maşını vurdu. Maşınımızda üç azyaşlı da vardı. Qarşı maşından hərbi hissənin komandiri düşdü, atamı yumruqla vurdu, bizi də küçə söyüşləri ilə təhqir etdi. Komandir sərxoş idi».
Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyevin APA-ya açıqlamasından bəlli olur ki, qəza iştirakçısı olan hərbçi Xudat Sərhəd Dəstəsinin rəisi, polkovnik Rövşən Səfərovdur. General təsdiqləyib ki, R.Səfərova məxsus avtomobil başqa bir maşınla toqquşub. Sərhəd Xidmətinin rəisi baş verənləri adi yol-nəqliyyat hadisəsi adlandırıb, yaranan gərginliyi isə “destruktiv qüvvələrin əməli” adlandırıb.