Sirus Təbrizlinin ittihamına Müsavatdan cavab

Gülağa Aslanlı: «Partiyasını «simasız quldurlar partiyası» adlandıran Sirus Təbrizli indi də Isa Qəmbərin şansları haqda sensasion məlumatlar verməyə çalışır»

“Sirus Təbrizli özünün sensasion açıqlamalarıyla həmişə gündəmdə qalıb. Vaxtilə mənsub olduğu partiyanı ”simasız quldurlar partiyası” adlandıran Sirus Təbrizli indi artıq Isa Qəmbərin şansları haqda sensasion məlumatlar verməyə çalışır” – bu sözləri “Azadlıq”a açıqlamasında Müsavat başqanının müavini gülağa Aslanlı bildirib. O, keçmiş deputat Sirus Təbrizlinin “Azadlıq” radiosuna müsahibəsində dediyi “YAP-ın namizədindən güclüsünü tanımıram. Bu gün YAP-ın maddi, mənəvi, hər cəhətdən potensialı güclüdür. Isa Qəmbər özünü artıq şərəfli məğlubiyyətə hazırlayır” fikrinə münasibət bildirərkən söyləyib.
Gülağa Aslanlı deyir ki, Sirus Təbrizlinin uzaqgörən olması, yaxud öncəgörməsi haqqında məlumatı yoxdur: “Onun dediyi heç bir fikir fakta əsaslanmır. Əgər onun Ilham Əliyevin namizədliyini irəli sürəcəyinə inamı varsa, bu istiqamətdə işlərini davam etdirsin. Ancaq şəxsən məndə Ilham Əliyevin namizədliyini irəli sürəcəyi istəyi barədə heç bir məlumat yoxdur. Böyük ehtimalla da Ilham Əliyev öz namizədliyini irəli sürməyəcək”.

Ramin DEKO