Rusiya ilə ABŞ arasında “buzlar əriyir”

Tərəflər Suriya və başqa prinsipial məsələlərlə bağlı anlaşıbmı?

Uzun illərdir münasibətlərindəki gərginliklə gündəmə gələn Rusiya ilə ABŞ deyəsən, bir çox məsələlərlə bağlı orta məxrəcə gəlməyə başlayıb. Tərəflər arasında yüksək səviyyəli təmasların artması, bəzi prinsipial məsələlərlə bağlı əldə olunan razılaşmalar belə düşünməyə əsas verir.
ABŞ Dövlət Departamentinin baş katibi Con Kerrinin Rusiyaya son səfəri, səfər zamanı Suriya probleminin həllinə dair əldə olunan anlaşmalar, Şimali Irlandiyada keçiriləcək “Səkkizlik qrupu” sammiti çərçivəsində Putinlə Obama arasında planlaşdırılan görüş, bunun ardınca da ABŞ prezidentinin Rusiyaya gözlənilən səfəri bu iki dövlət arasında “buzların əridiyi” qənaətini yaratmaya bilmir. Bütün bunlardan sonra tərəflərin Suriya və başqa prinsipial məsələlərdə vahid mövqeyə gəldiyini iddia etmək olarmı?
Siyasi şərhçi Rahim Hacıyev də hesab edir ki, son illər iki ölkə arasında münasibətlər olduqca gərgin olub: “Avropada raket hücumlarından müdafiə sisteminin yerləşdirilməsi, Suriya problemi, Iran və bu kimi, bir çox məsələlərlə bağlı fikir ayrılıqları vardı. Xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri də Suriya ilə bağlı idi. Iki ildən artıqdır ki, münaqişə davam edir, çoxlu sayda insan həlak olub. Təbii ki, Bəşər Əsədin bu vaxta qədər müqavimət göstərməsinin başlıca səbəbi Iran və Çinlə yanaşı, Rusiyanın siyasi dəstəyi idi. Xeyli müddətdən sonra bəlli oldu ki, Bəşər Əsədin mövqeləri xeyli zəifləyib. Qərbin təzyiqi elə bir həddə çatıb ki, Rusiyanın özünün də sona qədər Əsədi müdafiə etməsi mümkün deyil. Bu müddət ərzində Rusiyanın özünə də çox ciddi təzyiqlər olub. Kerrinin Rusiyaya səfəri çox mühüm dövrə təsadüf edir. Bu müddətdə ABŞ-da ”Maqnitskiy” qanunu qəbul olundu, Kipr məsələsində Rusiyaya çox ağır zərbə vuruldu, digər tərəfdən də offşor məsələləri ortaya çıxdı. Bütün bunlardan sonra Kerri Moskvaya gəlib və orada ona yaxşı münasibət göstərilib. Dövlət kanalları da bu tədbiri kifayət qədər işıqlandırıblar”.
R.Hacıyevin sözlərinə görə, Rusiyanın geri çəkilməkdən və müəyyən məsələlərdə güzəştə getməkdən başqa yolu yoxdur: “Əlbəttə ki, Rusiyanın dərhal razılaşacağını düşünmək sadəlövhlük olar. Amma artıq Rusiyanın Suriya məsələsində ciddi müqavimət göstərmək imkanları çox məhduddur. Çünki Rusiya-Qərb münasibətlərində fərqli mərhələ yaranıb. Qərbin Rusiyaya çox ciddi təzyiq imkanları var. Korrupsiyalaşma da Putin hakimiyyəti üçün çox böyük problemlər yaradıb. Rusiya tədricən geri çəkiləcək. Rusiyanın özünün çox ciddi problemləri var. Öz ərazisinə lazımınca nəzarət edə bilmir, Şimali Qafqazda böyük problemlər var, terrorun qarşısını ala bilmir. Elə terror məsələsində ABŞ-la əməkdaşlıq vacibdir. Rusiyanın geri çəkilməkdən və müəyyən məsələlərdə güzəştə getməkdən başqa yolu yoxdur. Kerrinin səfəri həm də bəzi məsələlərlə bağlı Rusiyanın mövqeyini aydınlaşdırmaq üçün bir nəbz yoxlaması idi. Çünki iyun ayında Obama ilə Putin arasında görüş olacaq”.

Gültəkin