Nemət Əliyev: «Dövlət vəsaitləri üzərində ictimai nəzarət, hesabatlılıq olmadığı üçün milyonlar səmərəsiz şəkildə talan edilir»
Tez-tez eşidirik ki, Azərbaycan dövlətinin maliyyəsi hesabına dünyanın müxtəlif yerlərində tədbirlər həyata keçirilir, tikinti işləri görülür, parklar salınır və s.
Mayın 9 da isə ARDNŞ-in maliyyə dəstəyi ilə Gürcüstanın Rustavi şəhərində Heydər Əliyev adına parkın açılışı olub.
Bütün bu layihələr dövlətin milyonlarla vəsaiti hesabına başa gəlir.
Neft fondunun bu cür layihələrə milyonlar xərcləyib, dövlətin büdcəsini talan etməsi nə qədər düzgündür? Nəzərə alsaq ki, ölkə daxilində əhalinin çoxsaylı problemi var, insanların aldığı əmək haqqı yaşayış minimumun ödəmir, o zaman bu cür layihələr insanlara qarşı ədalətsizlik deyilmi?
Iqtisadçı ekspert Nemət Əliyev hesab edir ki, ARDNŞ-in dövlət vəsaitlərini səmərəsiz şəkildə, heç bir hesabatlılıq olmadan sağa-sola səpələməsi yolverilməzdir. Ekspert bildirdi ki, Azərbaycanda dövlət xərcləmlərinin, maliyyə resurslarının üzrində nəzarət olmadığı üçün ölkənin sərvətləri istənilən şəkildə talan edilir”. Azərbaycanda milli hakimiyyətin devrildiyi gündən etibarən, dövlətin vəsaitlərinin kütləvi şəkildə nəzarətdən kənar istifadəsinin şahidi oluruq. Dünyanın hər yerində dövlətin maliyyə resurslarının üzərində böyük ictimai nəzarət olduğu halda, Azərbaycanda bu vəsaitlərin nəzarətdən kənar qalmasının əsasən bir səbəbi var. Bu, ölkənin birinci şəxsi ilə bağlıdı. Bu yaxınlarda beynəlxalq jurnalistlər birliyinin araşdırması göstərdi ki, ölkənin birinci şəxsinin və onun ailəsinin hesabında milyardlarla pul var ki, ofşor zonalara çıxarılıb. Birinci şəxs tərəfindən ölkəyə maliyyə axınının qarşısı alınırsa, dövlətin sərvəti gizli yollarla ölkə xaricinə daşınırsa, bu, qanunsuzluğun başlıca örnəyidir. Belə nəticə çıxarmaq olar ki, ölkədəki bütün maliyyə özbaşınalıqları ölkənin birinci şəxsinin razılığı ilə stimullaşdırılır. Dövlətçilik strukturları yerində olmadığına, qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərilmədiyinə görə ARDNŞ-in maliyyəsi şəxsi istəklərlə səmərəsiz şəkildə xərclənir. Azərbaycan xalqının özünün müxtəlif problemlərin həlli üçün böyük maliyyəyə ehtiyacı olduğu halda, ölkənin sərvətlərinin parklara, heykəllərə sərf olunması cinayətdir. Əgər biz toplum olaraq öz sərvətlərimizə sahib çıxmasaq, dövlət vəsaitləri üzərində ictimai nəzarəti gücləndirə bilməsək, bu cür hallar davam edəcək və bu çox ciddi fəsadlara gətirib çıxaracaq”- deyə Nemət Əliyev bildirdi.
İlham Hüseyn