Milli Məclisdəki son səs-küylü çıxışıyla bağlı “Bizim yol”un sorğusunu cavablandıran Zeynəb Xanlarova bildirib ki, o, həqiqəti danışdığı üçün heç nədən çəkinmir: “Mən niyə qorxmalıyam ki? Yalan danışmadım. Olanları, yaxın tarixi xatırlatdım. Mən sözümü dedim. Sözümün də ağasıyam. Mən məmur deyiləm. Millətimin vəkiliyəm”.
Zeynəb xanım zaman-zaman gözlənilməz və cəsarətli çıxışları ilə yadda qalıb. Yəni biz öyrəşmişik ki, Yeni Azərbaycanda ziyalılar, elm, mədəniyyət xadimləri ağzına su alıb oturmalı, ya məddah olmalı, ya da, ümumiyyətlə, yoxa çıxmalıdı. Onların həddi nədi ki, cəsarətli söz deyələr, recimin eyiblərini göstərələr? Həm də nəinki üç-beş nəfərin əhatəsində, birbaşa MM-də və hətta Kütləvi Informasiya Vasitələrində.
Zeynəb xanımın sonuncu dəfə dedikləri “Hər şeyi müxalifətin üstünə atırlar. Amma əslində, özləridir günahkar” kəlməsindən başqa məzmunca elə də ciddi tənqidi fikirlər deyil, hətta sitat gətirdiyim cümlə də tam olaraq aydın deyil, ama “müxalifətin üstünə atırlar” və “özləridi günahkar” sözləri tam aydın olmasa belə, istər-istəməz ürək isindirən təəssürat yaradır. Əsas məsələ hələ ki, nə deməkdə deyil. Eləcə deməkdədi. Ağzını açmaqda. Üstəlik, parlamentdən, mətbuatdan. Təkliyə düşəndə, səmimi ortamda ən alçaq saydığımız dövlət məmurlarının özləri belə, bu rejim haqda elə şeylər deyirlər ki, adamın gözləri kəlləsinə çıxır. Bu mənada tanınmış müğənninin dedikləri inqilabdı. Xofun sınması inqilabı. Artıq müşahidə eləyirik ki, onlar danışırlar, dözmürlər. Və xalq artisti demişkən: “Mən nədən qorxmalıyam?”.
Zənnimcə, bu sual əslində çağımızın, Əliyev rejiminin dönəmində insanın özünün-özünə verməli olduğu ən vacib sualdı və əslində hər kəs bu sualı özünə verməlidi.
Bu suala cavab verəsi olsaq, kimsə oturub məhz bu suala cavab hazırlasa, faktları sadalamaqla min səhifəlik mətn yaza bilər. Lakin bu sualı ikicə sözlə də ifadə etmək olar – Məhrum edilmək. Hər şeydən, hər şeydən və ən nəhayət həyatından!
Bunu burda saxlayıb, bir də inqilaba, yəni onların danışmasına qayıtmaq istəyirəm. Həm Sirus Təbrizli (və cəsarətinə görə xüsusi vurğuyla seçilmək şərtilə; təkcə onun dillər əzbəri olmuş “simasız quldurlar partiyası” ifadəsi bütün qorxulara rəğmən bir inqilabdı), həm Zeynəb xanım çıxışlarını çox ehtiyatla qururlar. Yəni onların çıxışlarında xüsusi ehtiyat kəmərlərindən istifadə edilir, üstəlik, gözə görünməyən qəza yastıqları da hər hal üçün hazır vəziyyətdə olur. Bütün çıxışlar o təəssüratı yaradır ki, sanki çıxışçıların döydüyü tək dava var: Heydər Əliyevə saf, səmimi, içdən sevgi. Əmin olun ki, bu ehtiyat kəmərləri və daha dərində gizlənmiş qəza yastıqları olmasa… Onda Zeynəb xanımın “mən nədən qorxmalıyam ki?” sualı havada qalar. Çünki dediyim kimi, bu sualın cavabı üçün minlərlə səhifə lazım gələrdi.
Əlbəttə ki, Zeynəb xanımın sosial və mədəni statusu da daha cürətli olmağa şərait yaradır. Lakin görək, hətta belə statusu olan onlarla xadim eyni cəsarəti göstərə bilirmi? Yox! Deməli, hansı kəmərdən, yastıqdan istifadə eləyir-eləsin, onları başqalarından ayıran bir şey var. Hər nədirsə, var!
Bu gül bayramı ərəfəsi iki şeylə yadda qaldı. Sirus Təbrizli və Zeynəb Xanlarovanın çıxışı, bir də 20 yaşlı tələbə Nilufər Məhərəmmovanın intiharı. Əslində, elə birincini də intihar saymaq olar. Nilufərin kiçik yanaşma qüsurları ilə yazdığı o 20 yaş üçün heyrətamiz bloq yazısı və bu çıxışlar. Bu ölkədə artıq həm ixtiyarlar, həm fidanlar qorxmadan ölümün üstünə gedir. O zaman gerçəkdən də, biz nədən qorxmalıyıq ki?..

Mən nədən qorxmalıyam ki?..
•
•