Redaksiyamızın poçtuna Kəlbəcər təhsil idarəsilə bağlı maraqlı bir məktub daxil olub. Məktubdan aydın olur ki, hər şey Kəlbəcər rayon icrahakimiyyətinin başçısı dəyişəndən sonra başlayıb. Belə ki, Aqil Məmmədov rayona başçı təyin olunandan sonra başçıların adəti üzrə rayondakı bütün məmurlardan ərizələrini alıb. O cümlədən bu yaxınlarda adı internetdə qalmaqalda hallanan rayon təhsil idarəsinin müdiri Mamed Bağırovdan. Həngamə də bundan sonra başlayıb.
Çox qısa zamanda bu idarənin müdiri olmaq istəyən 3 iddialı ortaya çıxıb. Bunlardan biri təhsil idarəsinin metodisti Məhiyyədin Əbdülrəhmanov, biri icra hakimiyyətində məsləhətçi işləyən Heydər Babayev, digəri isə Rüstəm Xəlilovdur. Məktubdan aydın olur ki, bunların hər üçünün vəzifə qarşılığında müəyyən vədləri var.
Ən çox fəallıq göstərən isə Məhiyyədin Əbdülrəhmanovdur.
Budan xəbər tutan Mamed Bağırov vaxt udmaq üçün dərhal xəstəxanaya üz tutub. Məktubda yazılır ki, indi icra başçısı tərəddüd içindədir. Çünki namizədlərin hər birilə bağlı rayon sakinləri arasında ciddi söh-söhbət gəzir və üstəlik onların hər birinin güclü himayəçisi var.
Bir yandan da ölkənin təhsil naziri dəyişib.
Məktub müəlliflərini isə ən çox rayondakı təhsilin keyfiyyəti maraqlandırır.
Məktublar şöbəsi


