Videogörüntülərdə Elşad Abdullayevlə iş adamı Arzu Kazımovun qaynı arasındakı söhbət öz əksini tapıb
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev daha bir yeni video yayıb. Daha doğrusu, Elşad Abdullayev sözügedən videonu 2003-cü ildə oğurlanmış qardaşı Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinə göndərib. Komitə də öz növbəsində onu “Azadlıq TV”yə təqdim edib və beləliklə, həmin video ictimailəşib.
Videokadrlarda iş adamı Arzu Kazımovun qaynı Hüseyn Səfərovla Elşad Abdullayev arasındakı danışıq öz əksini tapıb. Söhbət zamanı Elşad Abdullayev Hüseyn Səfərovdan xahiş edir ki, qardaşı Mahirin azadlığa buraxılması işində yardımçı olması üçün Arzu Kazımova verdiyi pulun geri qaytarılmasına kömək eləsin. Ya da Arzu Kazımov vəd etdiyi kimi, Mahirin girovluqdan buraxılması məsələsini həll eləsin.
Söhbətdən belə aydın olur ki, Arzu Kazımov təxminən il yarım əvvəl ondan həmin pulu alaraq, oğurlanmış qardaşının tapılıb azad edilməsinə yardım göstərəcəyini vəd edib. Elşad Abdullayevin dediyinə görə, bu təklif də Arzu Kazımovun özündən gəlib. Daha doğrusu, əvvəlcə o, Elşad Abdullayevin yanına qadın göndərib (çox güman ki, söhbət bundan əvvəl ABU rektoru ilə bu mövzuda söhbətlərinin videogörüntüsü yayılan Rövşanə Əliyevadan gedir). Həmin qadın Arzu Kazımovun Mahirin tapılmasında ona yardım edə biləcəyini deyib. Bundan sonra Arzu Kazımov Elşad Abdullayevin yanına gələrək, onunla görüşərək, bu barədə razılaşıb.
Elşad Abdullayev Hüseyn Səfərova deyir ki, Arzu Kazımova məhz onun qohumu olduğuna görə hörmət və etibar edib. Eyni zamanda, onu da qeyd edir ki, razılaşma zamanı Arzu Kazımov ondan bu haqda Hüseynə heç bir məlumat verməməyi xahiş edib.
Elşad Abdullayevlə söhbət zamanı Hüseyn Səfərov da öz növbəsində Arzu Kazımovdan gileylənir. Bildirir ki, nəinki onun, hətta Arzunun öz qardaşlarının da ona münasibəti yaxşı deyil.
Elşad Abdullayev Hüseyn Səfərovdan xahiş edir ki, Arzu Kazımova onun xəbərdarlığını çatdırsın: “Bizi məcbur eləməsin ki, başqa yola əl ataq. Dolamasın bizi. Bu adam fikirləşmir ki, nə eləyir? Bəlkə narkomandır…
Özü müraciət eləyib ki, bu işi həll eləyərəm, indi də kişi kimi eləsin, ya da pulu qaytarsın. Bir manat deyil, iki manat deyil.
Ona pisliyim keçməyib, dədəm dədəsinə pislik eləməyib. Hörmətsizlik eləməmişəm. Mənimlə nə düşmənçiliyi var? Get, ona de iki, gətir kişinin əmanətini qaytar, ya da işini həll elə…”
Söhbət əsnasında daxili işlər nazirinin keçmiş müavini Zahid Dünyamalıyevin də adı hallanır. Hüseyn Səfərov Arzu Kazımovun onunla münasibətləri olduğunu bildirir. Elşad Abdullayev də həmin məqamda qeyd edir ki, onun oğluna dərs deyib və təkcə familiyasına görə ona qiymət yazıb.
Söhbət zamanı Elşad Abdullayev Hüseyn Səfərovdan Arzu Kazımovun oğlu və qardaşının nə vaxtsa oğurlanıb-oğurlanmadığını soruşur. Dediyindən belə çıxır ki, Arzu Kazımov ona yaxınlarının vaxtilə oğurlandığını, sonradan azad edildiyini bildirib.
Hüseyn Səfərov bu haqda deyilənlərin yalan olduğunu bildirir. Amma onu qeyd edir ki, Arzu Kazımovun qardaşını Ukraynadan dəmir gətirdiyinə görə tutub, bir xeyli “Qorotdel”in zirzəmisində saxlayıblar. Sonradan 400 min, 600 min də bir olmaqla, ümumilikdə 1 milyon alıb buraxıblar.
Söhbətin sonunda Elşad Abdullayevin Arzu Kazımovun ona qarşı davranışını “alçaq, qeyri-insani hərəkət” kimi qiymətləndirərək, Hüseyn Səfərovdan ona yardımçı olmasını bir daha xahiş edir. Amma Hüseyn Səfərov ona nikbin vəd vermir: “Mənim sözümün onun üçün keçərli olacağını düşünmürəm. Çünki mənə hörmət eləyən adam deyil. O mənada ki, mənə isti adam deyil…”
Xatırladaq ki, ötən ilin sentyabrında Elşad Abdullayev əlindəki videoları yaymağa başlayandan bir müddət sonra həbs olundu. Məhz elə Elşad Abdullayevdən alıb-qaytarmadığı bu pula görə ona qarşı külli miqdarda dələduzluqla bağlı ittiham irəli sürülüb.
Informasiya şöbəsi