Suriyaya əriştə kəsənlər

Aranızda youtube-də izləyən varmı, bilmirəm, amma mən Bəşər Əsədə qarşı döyüşmək üçün 20-dək azərbaycanlının el basa-basa burdan Suriyaya getdiyinə dair videonu heyrətlə izlədim.
Hələ o kadrlarda bu vətəndaşlarımızın dini şüarlar səsləndirdiyini…
Suriyadakı savaşdan cihad kimi bəhs etdiklərini…
Azərbaycandakı əqidədaşlarını da onların arxasınca gəlməyə çağırmaqlarını demirəm.
Gedib Əsədə qarşı döyüşürlər, amma illərdir öz ölkələrində haqsızlıq diz boyu ikən…
Yalan, yaltaqlıq başını alıb gedərkən…
Şəxsiyyətə pərəstiş, bütpərəstlik idarəetmə normasına çevrilərkən…
Yetimin haqqı yeyilərkən…
Məzlumun ahı alınarkən bu adamlar harda idilər görəsən?
Niyə səslərini çıxarmadılar?
Əslində biz görməyə adət etmişik artıq:
Burda şərə dinməyib şeytanı daşlamaq üçün Ərəbistan çöllərinə düşənləri…
Burda şərin ətəyin öpdükləri dodaqlarını sonra da Kəbənin daşına sürtənləri…
Odur ki, indi də öz ölkəsində ədalətsizliyə göz yuman, yalana, talana dinməyənlərin gedib uzaq Suriyada haqsızlığa qarşı cihad etdiklərini, özlərinə umac ova bilmədikləri halda, başqalarına əriştə kəsdiklərini görəndə bəlkə heç heyrətlənmək, təəccüblənmək doğru da deyil.
Çünki təbiətləri budur bunların. Mahiyyətləri budur.
Ya da bizim şeyxin Israilin Suriyanı bombalamasına etiraz bəyanatını götürün.
Öz ölkəsində həbsxanalar haqsız yerə, şərlənərək həbs edilənlərlə ağzınacan doldurulmuşkən…
Bir xalq bir adamın iradəsinə tabe etdirilib, yalnız onun böyüklüyünə, əvəzolunmazlığına, müqəddəsliyinə təzim etməyə məcbur olunarkən…
Hər gün toplumun şüurlarına rejim telekanallarından yalan bombaları atılarkən, Israilə etiraz etmək nəyin nəsidir?
O ayrı məsələdir ki, haqsızlıq hər yerdə haqsızlıqdır.
Yalan hər yerdə yalandır.
Pis hər yerdə pisdir.
Və bir vicdanlı adamın, dürüst adamın borcu əzilən hər kəsin yanında olmaqdır.
Hər çeynənən haqqı qorumaqdır.
Dünyanın harasında olursa olsun, ədalətə arxa durmaqdır.
Həqiqətə sahib çıxmaqdır.
Zülmə etiraz edə bilməkdir.
Amma sən burnunun ucunda, qulağının dibində, gözünün qarşısında baş verən çirkinliklərə, iyrəncliklərə səssiz qalıb, təpkisiz qalıb…
Səssiz, təpkisiz qalmaq bir yana, zülmdən, zalımdan, nahaqdan yana olub el-aləmin Suriyasında ədalət, haqq axtarışına çıxarsansa, gülməli vəziyyətə düşərsən.
Səmimiyyətinə kimisə inandıra bilməzsən.
Əvvəl evin içi, sonra çölü.
Öncə özünə umac ova biləcəksən ki, sonra başqasına əriştə kəsə biləsən.
Boş söhbət
Keçmiş və indiki yaptokratlar köhnə bir havanı yenidən səsləndirməyə başlayıblar: vaxtilə Heydər Əliyevə xəyanət edənlər Prezident Administrasiyasında, Milli Məclisdə hansı haqla otura bilərmiş-zad.
Boş söhbətdir.
Axı söhbət hansı xəyanətdən gedə bilər ki, nə vaxtsa Heydər Əliyevin yanında olanları buna hansısa ideoloji dəyər, mənəvi ehtiyac məcbur etməmişdi.
Onlar üçün bu, karyera yollarında yüksəlməyin, mənsəbə, zənginliyə qovuşmağın yeganə vasitəsi idi.
Əvvəl də belə idi, sonra da belə oldu!
Əks halda Heydər Əliyevin hakimiyyətdə olmadığı müddətdə heç olmasa, bircə nəfər ona görə işini itirər, karyeradan məhrum olar, üzünə bütün qapılar bağlanardı. Yoxsa ondan sonra gələnlərlə də dil tapıb özlərinin, oğul-uşaqlarının başlarının çarəsinə baxmazdılar.
Camaat ideyalarına, böyüklüyünə inandıqları liderlər uğruna həbsə düşür, yaptokratlar isə məsələn, vəzifəsinə azacıq təhlükə yaranan kimi hansısa cinayətkarı “dahi rəhbər”in göstərişi ilə azad etdiyini söyləyib işin içindən çıxırlar. Elə bundan hər şey aydın olmurmu?
Sadə, şablon bir həqiqət var: həyatını maddiyyat üzərində quran, ideoloji-mənəvi bağlardan məhrum adamlar üçün sədaqət və xəyanət anlayışı yoxdur.
Onlar üçün bağda ərik varsa – salaməleyk var.
Bağda ərik qurtardı, salaməleyk də qurtardı!
Ən əsası isə: sədaqət və xəyanət anlayışları ideologiyalarla, bəlli bir ideoloji yönü, dəyərlər sistemi, fəlsəfəsi olan şəxsiyyətlərlə bağlı keçərlidir!
Bütün həyatını yalnız hakimiyyət mübarizələrinə, özünün əvəzolunmazlığı haqqında miflərin yaranmasına, fironluq iddiasına həsr edənlərə gəlincə, sədaqət və xəyanət anlayışları da anlamını, keçərliliyini itirir artıq!