sirus tebrizli

Sirus Təbrizlidən gündəmi partladacaq sözlər

sirus tebrizli“Ramiz Mehdiyev Heydər Əliyevin ölüsünə də xəyanət edir”

“Azad bir ölkə istəyirik; Qurtarsınlar bizi bu riyakarlardan, satqınlardan, oğrulardan, rüşvətxorlardan”

“Bizdə hansı məmura oxşamaq istəyərsiniz? Mən Ərdoğana oxşamaq istəyərəm…”

«91»lərdən biri, keçmiş deputat Sirus Təbrizli “Azadlıq” radiosuna geniş müsahibə verib. Mayın 9-da onun 71 yaşı tamam olur. Doğum gününü necə keçirəcəyi haqda suala keçmiş deputat belə cavab ki, həmişəki kimi, idman və mütaliə ilə məşğuldur, ailəsilə birlikdə olacaq. “Bir idman klubumuz var, keçmiş həmkarlarla birlikdə yığışırıq, sabah da (mayın 9-da), 10-da da klubun üzvləri ilə birlikdə olacağıq”, – deyə o əlavə edib.

Keçmiş prezident Heydər Əliyevin 90 illiyi ilə bağlı tədbirlərə dəvət alıb-almadığı haqda suala Təbrizlinin cavabı belə olub: “Heç kəs maraqlanmır, dəvət edən də yoxdur. Dünən Heydər Əliyevə düşmən olanlar bu gün çıxıb onun haqqında tərifli söz deyirlərsə, bizim üçün bundan böyük faciə, bəla yoxdur. O kişiyə hörmət qoymaq əvəzinə belə hörmətsizlik edirlər”.

Bundan sonra o, “hörmətsizlik” deyərkən nəyi nəzərdə tutduğuna aydınlıq gətirib: “Baxın da, parlamentdə Əli Əlirzayev yox, Şahlar Əsgərov yox, Asya Manafova yox, Zahid Qaralov yox. Heydər Əliyevin düşmənləri, onun məhvinə çalışanlar, ona olmazın təhqirlər yazanlar oturublar orda. Televizoru açırsan, onlardır. Mən necə ola bilərəm orda?”.

“Heydər Əliyev özü deyirdi ki, bu adam mənə xəyanət edib”

Keçmiş deputat bunun ardınca Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına ittihamlar səsləndirib: “Sirus Təbrizli yeganə adamdır ki, həm xalq hərəkatında fəal olub, həm YAP-ın yaranmasında. Nə dövlət qəzetlərində görürsünüz məni, nə də televiziyalarda. Çünki Ramiz Mehdiyev nə xalq hərəkatında olub, nə də YAP-ı yaradanlardan. Heydər Əliyev özü deyirdi ki, bu adam mənə iki dəfə xəyanət edib, indi də üçüncü dəfə  xəyanət edir…
Xəyanət ortalıqdadır. Heydər Əliyevin silahdaşları qalıb kənarda. Bu gün Heydər Əliyev gözünü açıb görsəydi ki, kimlər televiziyada ondan danışır, bilmirəm nə hiss keçirərdi”.

“Azərbaycan məzmunca xeyli geri gedib”

S.Təbrizli daha sonra YAP-dan çıxarıldığı 2007-ci ildə səsləndirdiyi fikirlərə hakim elitada məhəl qoyulmadığını, nəticədə indiki neqativ hadisələrin baş verdiyini deyib, özünün siyasi intuisiyasından, Heydər Əliyevi hakimiyyətə dəvət etmələrindən danışıb. Onun fikrincə, Heydər Əliyev hakimiyyətə gələrək xalqı xilas edib. Lakin sonradan görüb ki, Azərbaycanı “simasız quldurlar partiyası” idarə edir: “Gördüm ki, Azərbaycan xalqını, Heydər Əliyevi düşünməyənlər başlayıblar qamarlamağa, oğurlamağa, yalan danışmağa, yaltaqlanmağa, xəyanət etməyə, satqınlığa. Ona görə dedim ki, «Azərbaycanı simasız quldurlar partiyası idarə edir». Mən partiyanın adını «Yeni Azərbaycan» qoymuşam. İlham Əliyev bu gün formaca xeyli yeniləşdirib Azərbaycanı, amma məzmunca… Azərbaycanın məzmunca xeyli geri getdiyini görürük. Bizdə hansı deputata, məmura oxşamaq istəyərsiniz? Amma mən Ərdoğana oxşamaq istəyərəm, nəvəmə də deyərəm ki, ona oxşasın”.

“İlham Əliyevlə üzbəüz otursam, bir sual qoyaram…”

Ölkə ilə bağlı “forma-məzmun ziddiyətini” nədə gördüyünə gəlincə, keçmiş deputat bunu belə izah edib:
“Yollar təzələnib, yaxşı binalar, məktəblər, xəstəxanalar tikilib, iş yerləri açılıb. Bunu görməmək insafsızlıq olar. Ancaq icra başçısı üçün təzə bina tikilir, orada rüşvətxor, milləti saymayan oturursa, o binanın nə xeyri var? O yollar səni məbədə aparmırsa, nə xeyri var? Məzmunu dəyişmək lazımdır.
Mən deyərdim ki, bu gün Heydər Əliyevə ən böyük heykəl ölkəni ədalətlə idarə etməkdir. Heydər Əliyevin sabiq silahdaşları bu gün adam yerinə qoyulmursa, əksinə, onun bədxahları, düşmənləri üzdədirlərsə, bu, Heydər Əliyevin ruhunu incitməkdir”.

S.Təbrizli bölgələrdə baş qaldıran etirazları necə dəyərləndirdiyi haqda suala da cavab verib:
“İlham Əliyevlə üzbəüz otursam, bir sual qoyaram – Qubada xalq qalxdı, icra başçısını çıxardınız. İsmayıllıda qalxdı, icra başçısını çıxardınız. Bakı qalxsa, kimi çıxardacaqsınız? Bunu düşünən yoxdur. Riyakarlıq, oğurluq baş alıb gedir”.

“Ramiz Mehdiyevin xəyanəti davam edir”

Keçmiş deputat bugünlərdə Heydər Əliyevə sui-qəsd hazırlayanın (o, Fərəc Quliyevin adını çəkmişdi – red.) indi parlamentdə oturduğu və Heydərçi olduğu haqda dediklərinə də aydınlıq gətirib:
“Demişəm ki, Fərəc Quliyev Heydər Əliyevin üstünə tapança çəkib. Bunu da hamı bilir. Tapançanı da nə üçün çəkərlər? İndi Fərəc Quliyev Ramiz Mehdiyevin sevdiyi adamdır. Çünki Ramiz Mehdiyevin də ona xəyanəti davam edir, indi ölüsünə də xəyanət edir. Millət də susur. Bu, həm millətə, həm də prezidentə baha başa gəlir, çünki qəzəb toplanır, gah bu, gah da o rayonda lokal partlayışlar baş verir. İndi Azərbaycanda nə təbii məhəbbət, nə təbii nifrət qalıb. Niyə Zeynəb Xanlarova danışır? Çünki o, təbii məhəbbətini və təbii nifrətini saxlayan adamdır. Sirus Təbrizli də belə insandır”.

Keçmiş deputatın dediyinə görə, istədiyi odur ki, İlham Əliyev ölkənin ləyaqətli insanlarının, ziyalılarının istədiyini həyata keçirsin. “Azərbaycan islam aləmində demokratiyaya uğurla gedən ölkədir, xalqdır. Seçkiyə nə qalıb ki? İlham Əliyevin rəqibləri kimdir? Ətrafına baxsın, məqsəd qoysun, çox asandır bunları etmək. Ancaq bu, ikiüzlülüklə, yalanla alınmayacaq. Azad bir ölkə istəyirik, insan fikrini deməlidir, nifrətini bildirməlidir”, – deyə o bildirib.

“Görün, nə qədər diktator vardı, indi kim qalıb?”

Təbrizli əmindir ki, qarşıdakı seçkilərdə YAP-ın namizədi İlham Əliyev olacaq. Ancaq YAP-ı yaradanlardan biri kimi, onun həmin namizəddən istəyi də var: “İstəyirəm ki, YAP-ın namizədi ölkəni həqiqətən yeniləşdirsin, tək formaca yox, həm də məzmunca. Qurtarsınlar bizi bu riyakarlardan, satqınlardan, oğrulardan, rüşvətxorlardan”.
Keçmiş deputat müvafiq suala cavabında təsdiqləyib ki, məzmunca yeniləşmə deyəndə, demokratik islahatları, insan haqlarını, sərbəst toplaşma, seçki azadlığını nəzərdə tutur.
“Dünyanın yeddi möcüzəsi olub, hamısı Miladdan əvvəl. Miladdan sonranın möcüzəsi Amerika konstitusiyasıdır. Yol budur, kim nə deyir desin. Bəşəriyyətə xoşbəxtliyi insan azadlığı, hüquqların qorunması, demokratiya verəcək. Başqa yol yoxdur. Görün, nə qədər diktator vardı – Franko, Mao Tsedun, Stalin, indi kim qalıb? İkisi-üçü qalıb, biri də Şimali Koreyadadır, onlar da çıxıb gedəcəklər. Demokratiya yolunu tutmaq lazımdır. Azərbaycan xalqı bunlara hazırdır. Gül kimi ölkədir, altı da sərvətdir, üstü də. Halal öyrətsən, halal yaşayacaq”, – deyə o bildirib.