Kəmaləddin Heydərov məşhur iş adamını bitirir?
Türkiyədə yaşayan azərbaycanlı iş adamı və “Palmali” Şirkətlər Qrupunun sahibi, milyarder Mənsimovun Azərbaycanda işləri, deyəsən, ciddi problemlə üzləşib. Doğrudur onun burda biznesini başladığı gündən mətbuat oliqarxlarla münasibətlərinin rəvan olmadığını yazır. Lakin iş adamının facebookda öz səhifəsində yazdığı qeydlərdən sezmək olur ki, vəziyyət artıq susmaqla yola veriləcək həddə deyil.
Mənsimov yazır: “Mən vətənimə necə kömək edə bilərəm deyə düşünürəm. Bəziləri deyir ki,”PAL süd” belə gəldi, belə getdi. Azərbaycana yatırım edirsiz, pul qazanırsız. Şirkət yalnız “PAL süd”ə hər ay 1 milyon manat pul göndərir. “Palmali” olaraq biz Azərbaycanda pul qazanmırıq. Ziyanları bağlamaq üçün yardım edirik. Insanlar bunları danışsınlar, boş-boş danışmaq lazım deyil. Əgər bu işləri bizdən yaxşı görə bilən qəhrəmanlar, igidlər varsa, biz komandanı və işlərimizi onlara verib çıxmağa hazırıq”.
Onun facebook statusundan açıqca duyulur ki, Mənsimov biznesini Azərbaycandan çıxarmaq həddindədir. Həm də bu elə-belə deyil, faktiki uğursuzluğa ürcah olmasına görədir. Ad çəkib təfərrüatlara varmasa da vəziyyətdən hali olanlar bilir ki, Mənsimovun bu uğursuzluğu təbii şəraitlə bağlı deyil; onu inzibati yolla bankrota sürükləyirlər. Ayda Azərbaycandakı şirkətini ayaqda saxlamaq üçün Mənsimovun 1 milyon xərcləməsi də elə-belə fakt deyil.
Azərbaycanda heç kim üçün sirr deyil ki, iş adamının ölkəmizdə əsas rəqibi fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.
Keçən il “Azadlıq” “Gilan Holdinq”ə daxil olan “Jalə” əmtəə nişanlı süd məhsullarının marketlərə məcburi satıldığı barədə məlumat vermişdi. Qəzeti məlumatlandıran satış meneceri demişdi ki, “Gilan Holdinq”in əməkdaşları market müdirlərini hədələyərək “Jalə” süd məhsullarının satışını təşkil etməyi tələb edirlər. Üstəlik, onlara marketdəki “PAL süd” məhsulları satılan stendi yığışdırmağı tapşırıb: “Bir həftəyə yaxındır ki, marketimizdə yalnız ”Jalə” süd məhsulları satılır. Məhsul həddən artıq keyfiyyətsiz olduğundan alıcılar həmin məhsulları almaqdan imtina edir. Şirkət çeşidli kampaniyalarla məhsullarını satmağa çalışsa da bu, heç cür mümkün olmur. Ancaq “PAL süd”ün məhsulları keyfiyyətli olduğundan alıcılar ona daha çox üstünlük verir”.
“Palmali”nin süd zavodu 2008-ci ildə Lənkəranda fəaliyyətə başlayıb. Müəssisə “PAL süd” markalı süd və süd məhsullarının istehsalı ilə məşğuldur.
Natiq