«Qərbin Azərbaycanı avtoritarizmə qurban vermək niyyəti yoxdur»
Mahal İsmayıloğlu: «Azərbaycanın bəlalardan xilas olunmasından söhbət gedirsə, hansı şəxsi ambisiya önəmli ola bilər»
Milli Məclisin son toplantısında millət vəkili, xalq artisti Zeynəb Xanlarova sensasiya sayıla biləcək açıqlamalarla çıxış edib. Z.Xanlarova bəyan edib ki, vaxtilə Heydər Əliyevə qarşı çıxanlar hazırda Prezident Administrasiyasında əyləşiblər. Müsahibimiz – “Xalq qəzeti”nin keçmiş baş redaktoru, Ictimai Palatanın üzvü Mahal Ismayıloğluya ilk sualımız məhz bu məqamla bağlı oldu.
– Vaxtilə Heydər Əliyevə qarşı çıxan və hazırda Prezident Aparatında oturanlar deyəndə sizcə, Zeynəb Xanlarova kimləri nəzərdə tuta bilərdi?
– Sizə maraqlı bir olayı deyim. Cəlal Əliyev o vaxt “91-lər”in müraciətini redaktə etmək üçün bizə göndərdi. O zaman mən Məhəmməd Nazimoğlu ilə “Aydınlıq” qəzetində çalışırdım. Biz bu mətnin üzərində işlədik. Daha sonra bu mətni Heydər Əliyevin mühafizəsində olan Əmir adlı oğlana verdik. Bir az sonra Cəlal Əliyev zəng etdi ki, niyə mətni redaktə etmisiniz və özünüz də qol çəkməmisiniz? Biz də dedik ki, bu mətnin qol çəkilmək üçün olduğunu bilmirdik. Mətnə sonra yenə düzəliş etmək lazım gəldi və Cəlal Əliyevin redaksiyamıza göndərdiyi oğlan dedi ki, sənədi Ramiz Mehdiyevə apardıq. Amma o qol çəkmədi. Dedi ki, Heydər Əliyevin vaxtı keçib və ondan ötrü imza atmağa dəyməz. Fikrimcə, Zeynəb Xanlarova da dolayısı ilə həmin o məqamı xatırladır. Mən Prezident Administrasiyasında o zaman Heydər Əliyevin əleyhinə çıxan, indisə aparatda oturan bu səpkidən başqa adam təsəvvür etmirəm. Tarixdir, məqamlar dəyişir. O vaxtı Heydər Əliyevlə işləyən adamların sırasına fikir verin. Bu sırada heç kim qalmayıb. O zaman qol çəkməyən şəxs, qol çəkənlərin hamısını hakimiyyətdən uzaqlaşdırdı.
– Zeynəb Xanlarova daha sonra bəyan edib ki, ölkədə baş verən bütün təxribatların başında elə Prezident Administrasiyasında oturanlar dayanıb. Sonradan bu təxribatlar müxalifətin boynuna atılır. Bu açıqlamanı necə dəyərləndirərdiniz?
– Burada həqiqətən də maraqlı bir məqam var. Hər zaman ölkədə süni gərginliyin olduğunu hiss edirsən. Sanki bu gərginlik bilərəkdən yaradılır. Heç olmasa Heydər Əliyevin dövründəki kimi hakimiyyət demokratiya imitasiyası edə bilərdi, o zaman şəhərin müxtəlif meydanlarında mitinqlər keçirilirdi. Heydər Əliyev seçki dövründə bu aksiyalara şərait yaradırdı. Amma birmənalı şəkildə aksiyalara “yox” demək və ictimaiyyət bu hüququnu tələb edəndə onun üzərinə dəyənəklə yerimək, bu yalnız süni gərginlik yaratmaq, əsəbləri tarıma çəkməkdir. Bu siyasəti yürüdənlər heç nə qazanmır, amma Azərbaycanın imicinə kifayət qədər zərbə dəyir. Bu, yanlış bir siyasətdir. Azərbaycanı bütün problemlərin həll olunduğu ölkə kimi tanıtmaq düzgün deyil. Elə bir ölkə dünyada yoxdur. Ən firavan ölkələrin belə problemləri var. Necə oldu ki, Azərbaycan problemlərdən kənar oldu, işsizlik, yoxsuluq təxminən 6 faiz elan olunur. Bu, gülünc rəqəmlərdir. Ölkədə bu qədər insan iş axtarır. Amma bəyan olunur ki, cəmi 6 faizin işi yoxdur. Bu hesablamanı necə aparırlar. Ölkədə əmək haqqı alan Almaniyada yaşayan işsizdən az maaş alır.
Dövlət xaotik idarə olunur
– Qaçqınlarla Iş Üzrə Komitənin rəhbəri Əli Həsənov mətbuata açıqlamasında 2003-cü ildə baş verənləri xatırladaraq bəyan edib ki, həmin dövrdə hakimiyyət təmsilçilərinin hərəsi bir yerdə idi və qorxurdular. Bu açıqlamanı necə dəyərləndirmək olar?
– Əli Həsənovun dediklərində çox qəribə və incə məqamlar var. Əvvəlla onu vurğulayım ki, bu hal təkcə 2003-cü ildə yaşanmayıb. Eyni proses 2005-ci ildə də baş verdi. O zaman da daxili bölünmə və inamsızlıq yaşandı. Həmin inamsızlığın da qurbanı olan adamlar Fərhad Əliyev və Əli Insanov oldu. Eyni zamanda Akif Muradverdiyev, Fikrət Sadıxov da oxşar aqibəti yaşadılar. Amma çox qəribədir ki, bu məlumatı çatdıran, həmin dairə ilə yaxın olan adam daha yüksək vəzifə tutdu. Bu məqam onu göstərir ki, hakimiyyət daxilində ikitirəlik təkcə inamsızlıqdan qaynaqlanmırdı. Çox dərin ziddiyyətlər var idi. Əslində bu ziddiyyətlər indi də aradan qalxmayıb və qalmaqdadır. Bu ziddiyyətlər ona görə qalır ki, ölkə fərsiz idarə olunur. Ölkədə heç bir iqtisadi model yoxdur. Dövlət xaotik vəziyyətdə idarə olunur. Faciədir ki, 4.5 milyon əhalisi olan Gürcüstanın dövlət büdcəsi 11 milyarddır və büdcə yalnız vergidən yığım hesabına formalaşır. Amma 9 milyon əhalisi olan Azərbaycanda o qədər vergi yığılmır. Gürcüstandasa büdcəni dolduran əhalinin sayı 4.5 milyondur.
– Son zamanlar hakimiyyət təmsilçilərinin bir-birinə zidd açıqlamalar verməsini nəylə izah edərdiniz. Ramiz Mehdiyevin Irana səfəri zamanı Administrasiyanın rəhbərinin Qərbi sərt tənqid etdiyi bir zamanda, ABŞ-da olan başqa hakimiyyət təmsilçiləri əksinə, Iran və Rusiyanı Azərbaycana təhlükə kimi göstəriblər. Bu ziddiyyət nədən xəbər verir?
– ABŞ-la Rusiya arasındakı münasibətlər hazırda son iyirmi ildə ən kəskin həddə çatıb. Eyni zamanda Suriya və Iranın nüvə silahı istehsalı ilə bağlı Qərbin Tehranla da münasibətləri çox gərgindir. Belə bir məqamda Qərbin Azərbaycanı avtoritarizmə qurban vermək niyyəti yoxdur. Çünki Azərbaycandakı diktatura rejimi 3-cü dəfə namizədliyin irəli sürülməsiylə möhkəmlənə bilsə, bu, birmənalı şəkildə ABŞ-ın Iraqda, Suriyada, Əfqanıstanda bütün rıçaqlarını əldən verməsi demək olardı. Ona görə ABŞ qəti şəkildə mövqeyini bildirir ki, 3-cü dəfə prezidentlik yolverilməzdir. Bu mövqe ABŞ rəsmisi Melianın Bakıya son səfəri zamanı dilə gətirilmişdi. Əslində diplomatik dilə 3-cü dəfə namizədliyin “qırmızı xətt” adlandırılması sərt mesaj sayılmalıdır.
Azad mətbuat Qərblə olan sonuncu tellərdir
– Dövlət başçısı Ilham Əliyev bəyan edib ki, demokratiya Azərbaycan hakimiyyəti üçün prioritet məsələdir. Amma söylənilənlərlə reallıq uyğun gəlmir. Elə bir neçə gün əvvəl Şəkidə AXCP-nin keçirmək istədiyi tədbir polis zorakılığı ilə darmadağın edilib. Baxmayaraq ki, tədbir şəxsi evdə keçirilirmiş?
– Azərbaycan faciəsinin özəyində duran odur ki, ölkəni total bir yalan bürüyüb. Yəni Azərbaycanda heç olmasa demokratiyanın mövcudluğunu göstərən faktları ortaya qoya bilmirlər. Yəni Azərbaycanda bir-iki qəzet varsa və onlar ölkədə ictimai-siyasi fikrin formalaşmasına müstəsna rol oynayırlarsa, bu o demək deyil ki, hakimiyyətdə demokratik düşüncə var. Bu, sadəcə olaraq Qərblə bağlanan sonuncu tellərdir. “Azadlıq” və “Yeni Müsavat” qəzetləri qapansa, bu Qərblə açıq şəkildə telləri qırmaq demək olardı. Ölkədə demokratiya varsa, nəyə görə insanların sərbəst toplaşmaq azadlığına məhdudiyyət qoyulur, bu qədər həbslər, cərimələr nə üçündür? Ictimai fikrə qarşı zorakılıq bütün meyarları aşıb. Dünyanın heç yerində insanlara qarşı belə addımlar atılmır.
– Hakimiyyətin təzyiqləri nəticəsində AXCP-nin Ağstafa rayon təşkilatı tədbirini Gürcüstanda keçirməli oldu. Bundan başqa, Müsavat Partiyasının da qurultayını məhz Gürcüstanda keçirmək niyyəti var. Hakimiyyətin bu cür fəaliyyəti ölkəyə baş ucalığı gətirirmi?
– Son iki ayda AXCP-nin 3 müxtəlif rayonda şəxsi evlərdə keçirilən tədbirləri dağıdıblar. Iki dəfə Müsavat Partiyasına, bir dəfə “EL” Hərəkatına maneə yaradıblar. AXCP üzvlərinin Gürcüstanda tədbir keçirməsi təkcə repressiv rejimə qarşı etiraz tədbiri deyil. Bu əslində demokratik düşüncənin nümunəsidir. Bu o deməkdir ki, azərbaycanlılar demokratiya üçün qonşu ölkəyə gedirlər.
Əli Kərimlinin çağırışındakı motivləri bəyənirəm
– Hazırda Milli Şuranın yaradılması istiqamətində danışıqlar gedir. Bu danışıqları necə qiymətləndirirsiniz?
– Avtoritar rejimə qarşı mübarizə aparmaq üçün ayrı bir nümunə yoxdur. Bu model avtoritar rejimin planlarını poza biləcəksə, sıra düzlüşünə xələl gətirəcəksə, cəmiyyətdə özünə inam hissini yaradacaqsa, biz Milli Şuranın yaradılmasına şübhə ilə yanaşmamalıyıq. Bu ideyadan yaxşı ideya varmı? Belə bir ideya yoxdur. Milli Şuranın konsepsiyasında razılaşmadığım bir məqam var. O da prezidentin iki ilə seçilməsi və daha sonra seçkinin təyin olunmasıdır. Azərbaycanda iki illik prezidentlikdən sonra kim dövlət başçısı olsa, cəmiyyət onu qurbanlığa çevirəcək. Bütün ölkələrdə baş verən səhvlərin Azərbaycanda da təkrarlanmaması üçün bircə yol var. Milli Şura konsepsiyasında qeyd etməlidir ki, onun əsas missiyalarından biri ölkənin parlament idarəçiliyinə keçməyidir. Azərbaycanda şəxsiyyətə pərəstişi biryolluq ləğv etmək üçün yeganə yoldur. Parlament idarəçiliyi ortalığa hamı üçün kollektiv məsuliyyət qoyur.
– Müxalifətdaxili inteqrasiya getdiyi ərəfədə AXCP sədrinin müxalifət liderlərinə müraciəti olub. Bu müraciəti necə qiymətləndirirsiniz?
– Əli bəyin çağırışındakı motivləri bəyənirəm. Iyirmi illik dövr bizim psixologiyamızda da izsiz ötüşməyib. Biz rüşvətdən, korrupsiyadan, məmur özbaşnalığından əzab çəkirik. Bu bəlalardan Azərbaycanın xilas olunmasından söhbət gedirsə, hansı şəxsi ambisiya önəmli ola bilər. Vicdanı, namusu və qeyrəti olan adam öncə Azərbaycan deməlidir. Hər bir fərd öz məqsədlərindən geri çəkilməlidir. Onsuz da ortada faciələrlə dolu Azərbaycan var. Azərbaycanın xoşbəxtliyə qovuşmağından, bu rəzalətdən qurtulmağından hər birmizə pay düşəcək. O payın övladlarımızın gələcək taleyində iz qoymasını istəyiriksə, bütün ambisiyalar kənara atılmalıdır. Bütün iddialar ayaqaltına qoyulmalı, onların üzərində isə Azərbaycan dayanmalıdır. Heç bir siyasi lider, nə qədər dəyərli olmasından asılı olmayaraq, Azərbaycan faciəsinin fonunda heç bir əhəmiyyət kəsb etmir.
– Ilk seçkidir ki, sosial şəbəkələr ayaqdadır və hakimiyyət bu məqamdan narahatlıq keçirir. Ona görə də sosial şəbəkələrin fəaliyyəti məhdudlaşdırılır. Bundan başqa, inzibati həbs müddətinin 30 günə qaldırılması ilə bağlı təşəbbüslər var. Bütün bu addımlar cəmiyyətin aktivliyinin qarşısını almaq üçün bir nəticə verə bilərmi?
– Insana nəfəs almağı qadağan etmək olarmı. Azadlıq da nəfəs almaqdır. Bu dəyəri insanların əlindən aldıqca insanlar bütün sədləri yarmağa çalışacaq. Yazıq o şəxsdir ki, insanın öz yurdunda xoşbəxt olmasının qarşısına çəpər çəkir. Sosial şəbəkələr dünyanın mənzərəsini tamamilə dəyişib. Bu dünyadan qapanmaq, çərçivələr yaradaraq Azərbaycanda yaşamaq mümkün deyil. O zaman sən ayaqlar altında qalacaqsan. Sosial şəbəkəyə nəzarət etmə, onu sıxışdırmağa çalışma əslində məğlubiyyətin, rəzilliyin etirafıdır. Bu nəzarət ən böyük zərbəni elə nəzarət edənə vuracaq. Əgər belə ideyalar səslənirsə, deməli, azadlıq hissi qorxuya qalib gəlir və qorxan adamlar hər cür vasitələrə əl atırlar, bütün dəyərsiz şeyləri dəyərə çevirməyə çalışırlar. Əslində bu yol hakimiyyətin sonluğun daha tez yaxınlaşdırır.
Xəyal



