Haqsızlıqların haqlı tərəfi

Dünən Aslan Ismayılovu vəkillik fəaliyyətindən məhrum ediblər, əslində isə bunlar çox yaxşı addımlardır. Məsələn, mən çox arzulayıram ki, əlimdən qələmimi alsınlar, mən də gedib eşşək güdməklə məşğul olum. Partiyaların qapısı ağzından qıfıl assınlar, əldə-ovucda qalan qəzetlərin, saytların da həmçinin. Facebook-u ləğv eləsinlər, adamların ağzına “plomb” vursunlar. 
Hə, belə daha yaxşıdır. Yoxsa bəzilərinə hələ də hansı ölkədə yaşadığımızı anlatmaq mümkün deyil. Hələ də məlum deyil ki, bunların ölkənin necə dərin bir bataqlığa gömüldüyünü anlaması üçün nə baş verməlidir? Bəlkə yaptokratlar bahalı “CIP”lərindən düşüb işdən evə, evdən işə boynumuza minərək gedib-gəlməlidirlər? Bəlkə biz bunlara… Tövbə, tövbə! Açdırmayın ağzımı!
Mən indi daha çox o adamları axtarıram, yenə çıxıb desinlər ki, “ölkədə bütün problemlərin səbəbi xalqın hüquqlarını bilməməsindədir”. Buyurun, ölkənin üç-beş ən tanınmış vəkilindən birinin aqibəti! Siz hüquqlarınızı ondan da yaxşı bilməyəcəksiniz ki! Amma o belə bir az dara düşəndə hüquqlarını qorumaqda gücsüzdür, çarəsizdir.
Çünki qarşı tərəf xalqa qarşı qanunların aliliyi ilə, hüququn iradəsi ilə silahlanmayıb. Belədə çoxdan tarixin tozlu arxivlərinə gömülmüş olardı. Onun gücü ədalətsiz gücdür, pula və zora arxalanan gücdür. Bu cür gücün qarşısında Mülki Məcəlləni əzbərləsəniz, Cinayət Məcəlləsini tum kimi çırtlasanız, nə faydası, nə anlamı?
Ümumiyyətlə, mən yaptokratiyanın bütün mürtəce addımlarına sevinirəm. Sevinirəm ki, o, hətta öz müdafiəçilərini belə pis vəziyyətdə qoyur. Kimlərsə onun haqqında yaxşı obraz yaratmağa çalışır, amma rejim bir adddımı ilə əsl mahiyyətini ortaya qoyur, həmin obrazı yerlə-yeksan edir.
Kimlərsə min dərədən su gətirir ki, bu rejimin ədalətsizliyini, saxtakarlığını, oğurluqlarını malalasın, amma heç bizim buna əks-arqumentlə cavab verməyimizə ehtiyac qalmır, bir andaca elə qanunlar çıxarılır, qanunlara elə əlavələr edilir, elə haqsız həbslər, şərləmələr həyata keçirilir, elə düşük tədbirlərə elə fantastik pullar xərclənir ki, bizim nəsə söyləməyimiz yersiz, artıq görünür. Rejim özü öz yandaşlarını pis vəziyyətdə, çıxılmaz durumda qoyur, gülünc günə düşürlər.
Mən səmimi-qəlbdən arzulayıram ki, rejimin mürtəce, antidemokratik addımları davam etsin, o bizi öz ədalətsizlikləri, haqsızlıqları ilə həmişə təəccübləndirsin. Onsuz da bunların indiyədək etdikləri tarixin üzqarasına çevrilmələri üçün kifayətdir. Hətta bundan sonra oğurlamasalar, əzməsələr belə, bu günədək olub-bitənlər onların insanlıq qarşısında cavab vermələrinə, hesab vermələrinə, sorğulanmalarına bəs edir. Amma yenə də hər dəfə sistemə qarşı mübarizəndə haqlı olduğunu görməyin nəyi pisdir?
Sistemə qulbeçəlik edənlərin get-gedə arqumentsiz qaldıqlarını, söyləməyə söz tapmadıqlarını, hıqqandıqlarını, kəkələdiklərini görməyin nəyi pisdir?
Bəli, qoy artıq oyun açıq oynanılsın.
Rejimin bütün imitasiyaları bitsin.
Illərdir gerçək üzünü gizlətmək üçün taxdığı bütün maskalar yırtılsın.
Nələrsə naminə ona yandaşlıq edənlərin deyəcək heç bir sözü qalmasın.
Bilmirəm, bunlarda ki, bu sifət var, bəlkə yenə uydurub nəsə danışacaqlar, amma hər şey o qədər çılpaqlığı ilə görünsün ki, heç olmasa, özləri də qəlblərinin bir yerində hansı recimə züy tutduqlarını anlasınlar, qəbul etsinlər.
Bəli, mən bunların hər mürtəce addımına sevinirəm.
Qoy bunların zülmündən hər kəs dadsın. Hər kəs nəsibini alsın.
Hər kəs başa düşsün artıq, ölkənin necə bir pisliyə bulaşdığını, necə kirli əllərdə olduğunu!
Yoxsa, bizim yazmaqdan əlimiz, deməkdən dilimiz qabar oldu, amma hələ də çoxlarına heç nəyi anlada bilməmişik.
Qoy bunların zülmündən, zillətindən hər kəsə pay düşsün, haqsızlıqlarından, ədalətsizliklərindən hər kəsin başına gəlsin ki, bəlkə barı onda başmaqçı oldular.
Bir xalq olaraq, bir millət olaraq, necə zibilə düşdüyümüzü barı onda anladılar bəlkə.