guler ahmedova

Gülər Əhmədovanın həbs müddəti uzadıldı

guler ahmedovaKeçmiş deputat məhkəmə zalında huşunu itirdi

Dünən Səbayel Rayon Məhkəməsində keçmiş deputat Gülər Əhmədovanın barəsində həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə prokurorluğun təqdimatına baxılıb. Hakim Nurəddin Bağırovun sədrliyilə məhkəmə təqdimata uyğun olaraq, keçmiş deputatın həbs müddətini daha üç ay uzadıb.
Məlumata görə, qərar elan olunanda Gülər Əhmədova etiraz edib. Ona qarşı haqsızlığa yol verildiyini deyən keçmiş deputat həbsdə saxlanılması üçün kifayət qədər sübutlar ortaya qoyulmasını tələb edib. Hətta Gülər Əhmədovanın əsəbindən məhkəmə zalında huşunu itirdiyi bildirilir.
Bundan başqa, Gülər Əhmədovanın müdafiəçiləri məhkəməyə sabiq deputatın səhhətindəki problemləri təsdiqləyən tibbi arayışları təqdim edərək, bu səbəbdən onun azadlığa buraxılmasını istəyiblər. Lakin məhkəmə bunu nəzərə almayıb.
Məhkəmə və prosesdə baş verənlərlə bağlı məlumatı dəqiqləşdirmək üçün Gülər Əhmədovanın vəkili Raqif Mustafayevlə əlaqə saxlamağa cəhd göstərsək də, müdafiəçi telefon zənglərinə cavab vermədi.
Xatırladaq ki, Gülər Əhmədova fevralın 13-dən həbsdədir. CM-nin 178-ci (dələduzluq) maddəsilə ittiham olunan Əhmədova fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevdən deputat mandatı üçün 1 milyon dollar almaqda təqsirləndirilir.
Bu arada, bəzi xəbər portallarında Elşad Abdullayevin yaydığı videolardan birində söhbətləşdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ağababa Babayevin vəfat etdiyi barədə xəbər yayılmışdı. Lakin Ağababa Babayevin oğlu Fərman Babayev “deyerler.org”a açıqlamasında xəbəri təkzib edib: “Atam bir müddətdir beyin insultu keçirib. Həmçinin həkimlər atama kəskin şəkər diaqnozu da qoyublar. Hazırda atamın vəziyyəti ağırdır. Onun hər iki ayağı fəaliyyətdan qalıb”.

Aytən Məmmədova