Rəsul Cəfərov: «Bu təşkilatların dediyi düz söz hakimiyyəti yandırıb»
Nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan hökumətinin kəskin tənqid edilməsi rəsmi Bakını özündən çıxarır. “Sərhədsiz Reportyorlar” və “Human Rights Watch” təşkilatlarının son hesabatlarına da hakimiyyətin reaksiyası gözlənilən oldu. Xatırladaq ki, “Sərhədsiz Reportyorlar” Ümumdünya Mətbuat Azadlığı Günündə mətbuata düşmən münasibət bəsləyən şəxslərin siyahısını yeniləyib. “Informasiya azadlığının yırtıcıları” adlandırılan siyahıda 39 nəfərin, o cümlədən Ilham Əliyevin və Vasif Talıbovun da adları yer alıb. Təşkilat bu şəxslərin mətbuata və jurnalistlərə qarşı sərt münasibətə, təzyiqlərə görə məsuliyyət daşıdıqlarını bildirir.
“Human Rights Watch” təşkilatı isə mayın 6-da verdiyi bəyanatda Azərbaycan hökumətini Bakının mərkəzindəki kütləvi söküntünü və sakinlərin məcburən evlərindən çıxarılmasını dərhal dayandırmağa çağırıb. Təşkilat evdən çıxarılanlara ədalətlə kompensasiya verilməsini də tələb edib.
Hesabatlarda əks olunan məsələlərin həllinə nail olmaq əvəzinə Azərbaycan hakimiyyəti ənənəsinə uyğun olaraq onlara qarşı hücuma keçmək yolunu tutub. “Yeni Azərbaycan” qəzeti son sayında hər iki təşkilatı bir sıra güclərin maraqlarını təmin etməkdə, Azərbaycana qarşı qara piar kampaniyası aparmaqda ittiham edib. Qəzet bu təşkilatları təhqir etməkdəndə çəkinməyərək “Sərhədsiz Reportyorlar”ı sərhədsiz əxlaqsızlar, sərhədsiz vicdansızlar, sərhədsiz mənəviyyatsızlar adlandırıb.
Qeyd edək ki, hər iki təşkilatı heç bir qurum maliyyələşdirmir. Lakin ABŞ və Avropanın onlara dəstək verdiyi də sirr deyil. 2010-cü ildə Corc Soros “Human Rights Watch”a 100 mln dollar ayırmaq barədə qərar verib. Soros “Sərhədsiz Reportyorlar” təşkilatından da dəstəyini əsirgəmir.
Görünür, bu təşkilatların dünyada nüfuzu və onlara verilən dəstək rəsmi Bakını ciddi narahat edir. Rəsmi mətbuatın aqressiv davranışının səbəbi də məhz budur.
Hüquq müdafiəçisi Rəsul Cəfərov müxalifət mətbuatını qeyri-peşəkarlıqda ittiham edən rəsmi mətbuatın təhqir və böhtandan istifadə etdiyini deyir. Bu isə hüquqi cəhətdən yolverilməzdir.
Hüquq müdafiəçisinin sözlərinə görə, özünə hörmət edən kütləvi informasiya vasitəsi belə hərəkətə yol verməməlidir. Burda artıq söhbət qəzetin özünə və əməkdaşlarına qoyduğu hörmətdən gedir. Belə yazılarla “Yeni Azərbaycan” ilk növbədə özünü alçaldır.
R.Cəfərov rəsmi mətbuatın əsəbi davranışının səbəbinin də başadüşülən olduğunu deyir: “Düz söz adamı yandırır. Bu təşkilatların dediyi düz söz də hakimiyyəti yandırıb. Nə qədər cəhd etsələr də, milyonlarla vəsait xərcləsələr də, prinsipial beynəlxalq təşkilatlar, demokratik dövlətlər susmur və susmayacaq da. Ona görə də hakimiyyət belə əsəbi reaksiya göstərir”.
Fizzə