Hadisəyə «Səni axtarıram» verilişinin səbəb olduğu barədə iddialar var
Göygöl rayon sakini 16 yaşlı Nuranə Elçin qızı Yusifova yaşadığı evdə özünü asıb. Bu barədə məlumatı APA rayon prokurorluğuna istinadən yayıb. Xəbərdə deyilir ki, Nuranə Yusifovanın özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Lakin “Azadlıq”a daxil olan məlumatlarda məktəbli qızın ATV kanalında yayımlanan “Səni axtarıram” verilişinin araşdırmasına görə intihar etdiyi iddia edilir. Hələlik hadisənin detallarını açıqlamırıq.
Məlumatla bağlı “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı ilə əlaqə saxladıq. O, məsələni araşdırıb cavab verəcəyini söylədi. Bir qədər sonra redaksiyamızla əlaqə saxlayan Xoşqədəm Hidayətqızı hadisənin aparacısı olduğu verilişlə heç bir bağlılığı olmadığını bildirdi.
Göygölün polis rəisi Şirzad Əsgərov isə Nuranə Yusifovanın intihar etdiyini təsdiqləsə də, olayın rayon prokurorluğunda araşdırıldığını deyərək səbəbləri barədə məlumatı olmadığını bildirdi.
Göygöl prokuroru Rauf Məmmədəliyev isə hadisə ilə bağlı araşdırmaların yeni başladığını söylədi: “Hadisə təzə baş verib, araşdırmalara da yenicə başlanılıb. Ona görə də səbəbləri barədə hələlik heç nə deyə bilmərəm”.


