Bir “futbol əfsanəsi”nin sonu

«Manchester United» klubunun baş məşqçisi, «dünya futbolunun əfasanəsi» adlandırılan Sir Alex Ferguson futbolu tərk edir. O bunu səhhətindəki problemlərlə izah edib.

Əməliyyat olunacaq Ferguson daha sonra futbola qayıtmağı düşünmür. O karyerasına mayın 19-da «Manchester United» «West Bromwich Albion» qarşılaşması ilə son vuracaq. Bu Fergusonun klubda olduğu müddətdə komandanın 1500-cü qarşılaşma olacaq.
 
Ferguson «Manchester United»ə 27 il məşqçilik edib. 1986-cı ildə, 45 yaşında bu klubda işə başlayan Ferguson tarixi uğurlara imza atıb.
Düzdür, bu birdən-birə baş verməyib. İlk 3 ildə uğursuzluqlarla yadda qalıb. Hətta onun istefası da istənib. Amma 1990-cı ildə ilk zəfərə imza atmaqla tilsimi qıraraq, o FA Kubokunu qazanıb.
 
Növbəti mövsümdə «Manchestr United» futbol nəhəngi sayılan «Barcelona»nı finalda məğlub edib. Bununla da Avropa Kubokunu qazanıb.
 
1993-cü ildə isə «Manchester United» 26 il sonra liqa çempionu olub. Klubuna böyük uğurlar qazandıran Ferguson 1999-cu ildə «Sir» tituluna layiq görülüb.

27 il «Qırmızı Şeytanlar»a məşqçilik edən bu şəxs klubuna 13 Premiyer liqa, 2 Çempionlar liqa, 1 UEFA Kuboku, 1 Avropa Super kuboku, 1 Qitələrarası kubok, 1 Klublar Dünya kuboku, 4 İngiltərə kuboku ve 9 Charity Shield zəfəri qazandırıb (“Azadlıq” radiosu).