Azərbaycan: yiyəsi ölüb, qardaşı satır

I
Indiləri bilmirəm, qabaqlar bazarlarda alıcı yığmaq, malını işə vermək üçün kimsə belə çağırışda bulunardı: “Yiyəsi ölüb, qardaşı satır”. Bu, malını dəyər-dəyməzinə satmaq anlamı verən çağırış, satış metodu idi. Bu gün Azərbaycan belə bir durumdadır. Əliyevçi rejim çətin seçki öncəsi, nə yolla olur olsun hakimiyətdə qalmaq, oğurluq hakimiyəti qoruyub saxlamaq üçün Azərbaycanı dünya siyasət bazarına çıxarıb – əski coğrafiyada YENI AZƏRBAYCAN bazarı açılıb; dünyanın hər yerinə çağırışlar yönəlir: “Yiyəsi ölüb, qardaşı satır!”. Yiyə – xalq 44 illik klan-KQB hakimiyəti ilə ölü durumuna gətirilib, satansa gerçək qardaş deyil, yalançı qardaşdır. Daha doğrusu, malı – Azərbaycanı ələ keçirən OĞRU dəstəsidir. Dəstə mal üzərində hüququnu itirmək qorxusu ilə üzləşdiyindən, bu hüququ daha beş illiyə əldə saxlamaq üçün özünə güclü ortaqlar axtarır.
Ölkəni bütünlüklə başıpozuq bir duruma gətirib çıxarmış I.Əliyev dəstəsini başına yığıb deyir: “Ölkənin idarə edilməsi ilə bağlı kənardan məsləhətlər lazım deyil”. Bu nə deməkdir? Bu, ölkənin başıpozuq duruma gətirildiyinin “kənardan” da göründüyü, bununla bağlı “məsləhətlər” verildiyi deməkdir. Ancaq… “lazım” deyil. “Lazım” yalnız ermənilərin qanlı qırğın yolu ilə ələ keçirdikləri torpaqlarımızı geri qaytarmaq yalanları ilə bağlı ortaya gələ bilər. Ancaq jurnalistlər ələsalma yoluyla onu yalançı savaş ritorikasından belə, çıxardılar.
“Ölkənin idarə edilməsi ilə bağlı kənardan məsləhətləri” “lazımsız” sayan I.Əliyev özünə görə “lazımlı idarəetmə” metodu tapıb – nazirləri qrafiklə rayonlara göndərmək. Bu, “idarəetmə” adına gülünc görsənişdir. Bir yandan modernləşmədən danışırlar, o biri yandan feodalizm çağlarının, xanlıqlar dönəminin (Rusiyada udel knyazlarının) əski-çürük yönətim – “idarəetmə” metodundan yaralanırlar: 15-20 ildən bəri ölkə boyu hər cür qanunsuzluğun, başıpozuqluğun, oğurluğun, soyğunçuluğun başında duran kimsələr rayonlara xalqın giley-şikayətlərini dinləməyə çıxırlar. Kənd Təsərüfatını darmadağın eləmiş KT naziri Ismət Abbasov, polisi, prokurorluğu bəlli Ramil Usubobla, Zakir Qaralov xalqı dinləməyə gedir…
Universitet rektoru, professor Elşad Abdullayev oğurlanmış qardaşını – MTN mayorunu tapmaq üçün R.Usubovla görüşmüş, qardaşını qaytarmaq üçün ondan 10 milyon manat istəmişdilər. Qardaşının (MTN mayoru!) oğurlanması ilə bağlı o, baş prokuror Z.Qaralova dönə-dönə yazmış, işlə bağlı videomateriallar göndərmişdi. Sonra o, PA müdirinə 147, prezidentə – ölkə başçısına 240 məktub yollamışdı. Hüquqçu professor E.Abdullayev “Ölkənin idarə edilməsi ilə bağlı” gerçəyi anlayanda… ölkədən qaçıb getmişdi. Indi o, “Ölkənin idarə edilməsi ilə bağlı kənardan məsləhətlər” verir, “Azərbaycanda bandit rejimi qurulub, bu rejim devrilməlidir” deyir. Sözsüz, bu “məsləhət” rejimə “lazım” deyil, ancaq Xalqa GƏRƏKDIR!
Çox yazmışam, bir daha yazıram: 93-dən bizim ölkədə dövlət hakimiyət sistemi yoxdur. I.Əliyev indiki nazir “idarəetməsi” ilə bunu bütünlüklə doğrulayır. Dövlət hakimiyət sistemi dövləti yönətim-idarəetmə mexanizmidir. Bilərəkdən, planlı olaraq bu mexanizmə passiv xarakter verilib. Kənd icra nümayəndəlikləri, bələdiyələr bir yana, rayon icra hakimiyətlərinin özləri də çoxdan rasional yönətim baxımından passivləşərək boş-boşuna büdcə pullarını mənimsəyən PARAZIT qurumlara çevrilib. Bu isə açıq cinayətdir. Qanun qurumlarının başçıları rayonlara belə cinayətləri aradan qaldırmaq üçün göndərilmək yerinə, seçki öncəsi bu cinayətləri malalayıb xalqı aldatmaq üçün göndərilir. Korrupsiyanın, monopoliyanın DÖVLƏT siyasətinə çevrildiyi ölkədə “idarəetmə” anlayışı necə absurddursa, “kənardan məsləhətlər” də eləcə “lazımsız” absurddur.