Bu, Azərbaycanın müstəqilliyi dövründə qəbul edilmiş amnistiyalar arasında ən az məhkumu əhatə edən aktdır
Dünən parlament Heydər Əliyevin 90 illiyi münasibətilə millət vəkili Mehriban Əliyevanın təqdim etdiyi Amnistiya Aktı layihəsini qəbul etdi. Amnistiya aktı 114 səs “lehinə” olmaqla qəbul edildi. Layihənin əleyhinə səs verən olmayıb. Rəsmilər deyir ki, amnistiya aktı ümumilikdə 9 min nəfərə şamil olunacaq ki, onların da 2 min nəfəri həbsdən azad ediləcək. Əsasən böyük ictimai təhlükə törətməyən və az ağır cinayətə görə məhkum olunan qadınlar; 18 yaşından əvvəl cinayət törədənlər; birinci və ikinci qrup əlilər; 60 yaşına çatmış kişilər; himayəsində həddi-büluğa çatmayan və birinci, ikinci qrup əlil uşaqları olanlar; Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərin iştirakçıları; qaçqınlar və köçkünlərə şamil olunacaq.
Bu amnistiya heç 1000 nəfərə də şamil olunmayacaq
Lakin hüquq müdafiəçiləri, vəkillər amnistiyadan razı qalmayıb. Ölkənin tanınmış vəkillərindən olan Adil Ismayılov deyir ki, bu amnistiya tətbiqedilmə dairəsi baxımından Azərbaycanın müstəqil olduğu dövrdə qəbul edilmiş amnistiyalar arasında ən az məhkumu əhatə edən aktdır. Vəkilin sözlərinə görə, amnistiyanın 9000 nəfərə şamil ediləcəyi barədə deyilənlər də həqiqətəuyğun deyil: “Bu amnistiya heç 1000 nəfərə də şamil edilməyəcək”.
Başqa bir vəkil Cavad Cavadov da amnistiya aktından narazı qalıb. O, “contact.az”a açıqlamasında bildirib ki, 2007 və 2009-cu illərdə qəbul olunan imtina aktı kimi, bu da istintaq altında olan və məhkəməsi başa çatmayanlara şamil olunmayıb. Yalnız barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü olan şəxslərə tətbiq edilib: “Bu, ədalətsizlikdir. Çünki məhkəmə proseslərinin mümkün subyektiv yubadılması səbəbindən insanları azad olunmaq hüququndan məhrum etmək düzgün deyil”.
Bundan əlavə, amnistiya siyasi, mülki, dini fəalların, jurnalistlərinÿmühakimə olunduqları maddələrə şamil edilməyib. C.Cavadovun sözlərinə görə, sözügedən kateqoriyadan amnistiyaya yalnız dini fəal Mehdi Şamili düşür.
Deputatın iradları…
Parlamentdə amnistiya layihəsinin əleyhinə səs verən olmasa da, deputatlar arasında da narazılar olub. Ədalət Partiyasının sədri, deputat Ilyas Ismayılov partiyanın mətbuat xidmətinə açıqlamasında bildirib ki, amnistiya aktına düşəcək məhkumların sayının artırılması üçün bəzi təklifləri olub: “Birincisi, sovet dövründə, habelə müstəqillik illərində 2007-ci ilə qədər qəbul olunan amnistiya aktlarında sənədin tətbiq sahəsi cinayətin başvermə zamanına bağlanırdı. Yəni, amnistiya aktı təkcə haqqında qanuni qüvvəyə minmiş məhkəmə hökmü olan məhkumları deyil, eyni zamanda, barələrində istintaq və təhqiqat gedənləri, işləri məhkəmə baxışında olanları və nəhayət, məhkəmə hökmü hüquqi qüvvəyə minməmiş şəxsləri də əhatə edirdi. Hüquq-mühafizə orqanlarının təqsiri ucbatından işləri illərlə yubadılan şəxslərə amnistiya aktının tətbiq olunmaması ədalətsizlik olardı.
Ikincisi, layihədə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilmə yalnız məntəqə tipli cəzaçəkmə məntəqəsində saxlanılanlara şamil olunur. Düşünürəm ki, amnistiya aktı bütün cəzaçəkmə məntəqələrini əhatə etməli idi.
Üçüncüsü, tətbiqinə məhdudiyyətlər qoyulan maddələrin siyahısına 127-ci (sağlamlığa qəsdən az ağır zərər vurma), 168-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələrinin əlavə edilməsi amnistiyanın konkret şəxslərə tətbiqinə mane olmaq məqsədi daşıdığından xəbər verir.
Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərin sırasından hansısa maddələri seçib onlara görə amnistiyanın tətbiqinə məhdudiyyət qoymaq düzgün sayıla bilməz.
Dördüncü iradım amnistiyanın maddi ziyanı tam ödəməmiş şəxslərə şamil edilməməsi ilə bağlı idi. Düşünürəm ki, şəxsin maddi vəziyyətinin pis olması ucbatından maddi ziyanı ödəyə bilməməsinə görə amnistiyadan kənarda qalması başadüşülən deyil”.
Maraqlıdır, Ilyas Ismayılovun amnistiya aktı ilə bağlı bu qədər iradı var idisə, niyə onları parlamentdə səsləndirmədi? Deputat “Azadlıq”a açıqlamasında bildirdi ki, parlamentdə amnistiya aktı layihəsi müzakirəyə çıxarılmadan qəbul edildiyindən, iradlarını birdirmək imkanı olmayıb: “Layihə müzakirə olunmadı, birbaşa səsə qoyuldu”.
Aytən Məmmədova


