sirus-zeyneb

Zeynəb Xanlarova və Sirus Təbrizlidən növbəti sensasiya

sirus-zeyneb“Prezident Aparatında təxribat yaradan insanlar var”; “Parlamentdə Heydər Əliyevə sui-qəsd hazırlayan adam oturub”

Milli Məclisin dünən keçirilən iclasında çıxış edən millət vəkili, xalq artisti Zeynəb Xanlarova sensasiya sayıla biləcək çıxış edib. Heydər Əliyevlə bağlı danışan deputat keçmişə ekskurs edərək deyib: “Hərdən çox əsəbləşirəm, gülürəm o insanlara ki, Heydər Əliyevə qarşı çıxırdılar.
Həmin adamlar indi də Heydər Əliyevin çörəyini yeyir, Prezident Aparatında oturublar. ”91-lər” mənim evimə toplaşanda  Sirus Təbrizli deyirdi ki, bu kişinin çörəyini yeyirlər, amma onların qapısına gedirəm, deyirlər, “uzaq eləyin”. Indi həmin adamlar “Heydər Əliyev, Ilham Əliyev” deyirlər. Sonra da “kişi sözü”ndən danışırlar. Sevirsinizsə, o vaxt da sevərdiniz.
Mən hələ hər şeyi demirəm. Prezident Aparatında elə insanlar var ki, təxribatı yaradanlar onlardır. Amma hər şeyi müxalifətin boynuna atırlar. Düşmən odur ki, sənin qabağında obraza girir, artistlik edir. Mənim üçün “artist” deyirlər, həmin adamlar anadangəlmə artisdirlər”.

Haqqın.az saytı Zeynəb Xanlarovanın dedikləri ilə bağlı  Sirus Təbrizlini danışdırıb:

– Indi hər yerdə Heydər Əliyevin yubiley tədbirləri keçirilir. Yəqin partiya iclaslarının daimi iştirakçısısız?
– Nə danışırsız? Indicə dənizdən qayıtmışam. Buna qədər Havay adalarında olmuşam, okeanda üzmüşəm. Bu elitada mənə yer yoxdur. Onlar məni görmək istəmir.

– Bu gün (dünən-red) həm birinci ledi, həm də Zeynəb Xanlarova hakimiyyətdəki satqınlardan danışıb. Hətta Z.Xanlarova adınızı çəkib, partiya və dövlət qarşısında xidmətlərinizdən danışıb…
– Dünən televizora baxıram. Tarixçi deputat Yaqub Mahmudov Heydər Əliyevin həyatı barədə danışır. Bu həmin Yaqub Mahmudovdur ki, 1991-ci ildə Heydər Əliyevə qarşı müraciət imzalayıb, onu düşmən və sovet dövrünün baş korrupsioneri adlandırıb. Indi nə dəyişib? Bilirsən məni ən çox nə əsəbləşdirir? Nəyə görə parlamentdə Heydər Əliyevə sözün əsl mənasında sui-qəsd hazırlayan adam oturub?

– Kimdi o?
– Fərəc Quliyev – keçmişdə AXC liderlərindən biri. Indi o, Heydərçidir. Nədi, Ilham Əliyev bilmirdi ki, o, atasını öldürmək istəyib?

– Elə Mehriban Əliyeva da vaxtilə Heydər Əliyevi satıb indi parlametdə oturanlradan danışıb?
– Bəs necə? Onlar sabah da hakimiyyət bir balaca laxlasa, satacaqlar. Qoy nə istəyirlər etsinlər. Mən bütün işlərdən kənara çəkilmişəm. Artıq deməyə sözüm yoxdur. Bu ölkədə belə hakimiyyət və müxalifət varsa, nə danışasan? Insanlar isə bütün hisslərini itirib, onlar öz sevinc və kədərlərini ifadə etməyi unudub. Bütün cəmiyyətimizi laqeyidlik bürüyüb.