Ziyadə Paşayevanın hədəfi Türkiyə vətəndaşından istifadədir
Dünən “Azadlıq” qəzetində “Sahibkar qadın universitet rektorundan prezidentə şikayət etdi” başlıqlı yazı dərc olunub. Yazıda Ziyadə Paşayeva adlı xanım prezidentə mətbuat vasitəsilə müraciət edərək, Bakı Slavyan Universitetinin yeməkxanasının həyat yoldaşı, Türkiyə vətəndaşı Coşka Ali Mehmet tərəfindən əsaslı təmir olunduğunu, daha sonra isə icarə müqaviləsi ilə işlətdiyini bildirirdi. Ancaq bir müddət keçəndən sonra müqavilənin birtərəfli qaydada pozulduğu və təmirə çəkilən xərcin ödənmədiyindən narazılıq edirdi.
“Azadlıq” qəzeti olaraq aydınlaşdırdıq ki, Azərbaycan universitetlərinin daxilində fəaliyyət göstərən yeməkxanalar Təhsil Nazirliyinin tabeçiliyində olan quruma aiddir və təhsil ocaqlarına onların heç bir aidiyyəti yoxdur.
Digər tərəfdən, sahibkarlıq fəaliyyəti ilə Ziyadə Paşayeva deyil, onun həyat yoldaşı olduğu bildirilən Coşka Ali Mehmet məşğul olub. Coşka Ali Mehmet isə 2009-cu ildə Azərbaycanda sahibkarlıq fəaliyyətini başa vurub ölkəsinə qayıdarkən, icarədarı olduğu müəsisələr, o cümlədən BSU-nun daxilində fəaliyyət göstərən yeməkxana ilə bağlı bütün məsələləri rəsmi şəkildə həll edib və qarşılıqlı razılaşma notarial qaydada təsdiqlənib.
Araşdırmalarımız zamanı o da bəlli oldu ki, Ziyadə Paşayeva bu məsələ ilə əlaqədar dəfələrlə bu və ya digər quruma müraciət edib və Türkiyə vətəndaşı Coşka Ali Mehmetin adından istifadə ilə müəyyən iddialarını təmin etmək məqsədi güdüb.


