«Əli Kərimli ən şanslı namizəd olmasına baxmayaraq birlik çağrışı edirsə, bunu hamı anlamalıdır»
Sahib Kərimli: «Avtoritar sistemin daha qəddar üsullara əl atdığı məqamda toplumu toparlamağın yeganə yolu müxalifətin təmənasız birləşməsidir»
Mayın 5-də AXCP rəhbərliyi Şəki rayonunda partiya üzvləri ilə görüş keçirərkən polis qüvvələri və mülki geyimlilərin müdaxiləsinə məruz qalıb. AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimli, AXCP Şəki rayon təşkilatının sədri Əli Abdullayev və şöbə fəallarından bir neçə nəfər polis bölməsinə aparılıb. Görüş rayon şöbə sədrinin həyətində təşkil olunsa da tədbirin keçirilməsinə imkan verilməyib. Bu hal artıq birinci dəfə deyil ki, təkrarlanır. Bundan əvvəl də AXCP rəhbərliyinin əyalətlərdəki görüşlərinə maneçilik yaradılıb. Hakimiyyətin bu təlaşı nədən irəli gəlir? Bu və başqa suallarla AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimliyə müraciət etdik.
– AXCP-nin Şəki rayon şöbəsi mayın 5-də genişləndirilmiş toplantısın keçirirdi. Partiya rəhbərliyindən mən, Gözəl Bayramlı və Natiq Ədilov Şəkiyə yollanmışdıq. Biz şəhərə bir gün öncədən gəldiyimizdən, hələ o zaman hiss etdik ki, şəhərdə sanki fövqəladə vəziyyətdir. Kəndlərdən icra nümayəndələri, bələdiyyə sədrləri çağırılmışdı. Onlara icra strukturlarından tapşırıqlar verilmişdi ki, gələn qonaqlara yumurta atsınlar, təhqir etsinlər. Müşavirə günü də öyrədilmiş adamlar bütün kəndlərə getmişdilər və onlara tapşırılmışdı ki, AXCP Şəki rayon təşkilatının dayaq dəstə üzvləri ilə söhbət apararaq tədbirə gəlməmələrini təmin etsinlər. Amma bütün bunlara baxmayaraq Əli Abdullayevin həyətində 70-ə yaxın cəbhəçi yığıldı və müşavirənin başlamasına az qalmış polis tədbirə müdaxilə etdi. Bu olaylar Prezident Administirasiyasından gələn göstərişlə ölkənin hər yerində yaşanır. Bütün bunlar prezident seçkilərinin növbəti dəfə saxtalaşdırılmasına və Ilham Əliyevin yenidən postunda qalmasına hesablanıb. Hakimiyyət beynəlxalq aləmin gözündə özünə həmişəki kimi demokratik imic qazanmağa çalışır. Hakimiyyət bilir ki, AXCP-nin keçirdiyi aksiyalar partiyanın strukturlaşmasının sürətlənməsinə xidmət edir. Əhalinin AXCP-yə və konkret olaraq partiyanın sədri Əli Kərimliyə böyük rəğbəti var. Hakimiyyət bütün bunları bildiyindən ölkədə bu cür tədbirlərin keçirilməsini qadağan etməyə çalışır. Belə olan halda hakimiyyət beynəlxalq aləmə sübut etməyə çalışır ki, YAP namizədinə ölkədə heç bir alternativ yoxdur, ona görə də müxalifətin tədbirləri keçirilmir.
Şəki əhalisi hücumu pisləyir
– Tədbirin keçirilməməsi üçün edilən müdaxilənin təşkilatçıları kim idi və yerli ictimaiyyətin baş verənlərə münasibəti necə oldu?
– Bu, ölkə səviyyəsində edilən müdaxilələrdir. Bu hücumların strategiyası Prezident Administrasiyasında cızılır və yerli icra hakimiyyətlərinə verilir. Eyni zamanda Daxili Işlər Nazirliyi xətti ilə yerli polis bölmələrinə göstərişlər gəlir. Amma şəhərə gəlmiş qonaqlara yumurta atılmasının, “zəhmətkeşlərin” etirazının Şəkidə hansı fəsadlar törədə biləcəyini müəyyən adamlar hesabladığından kobud müdaxiləni polis üzərinə götürdü. Çünki Şəki insanı qonaqlara, qeydiyyatdan keçmiş siyasi partiyalara qarşı belə münasibətə birmənalı yanaşmayacaqdı. Biz də qarşıdurmada maraqlı deyildik. Ona görə hakimiyyət bu məqamları hesabladı.
– Hakimiyyət təmsilçisi Rəbiyyət Aslanova maraqlı açıqlama ilə çıxış edib. O bildirib ki, beynəlxalq təşkilatlar sanki bütün dövlətləri bir kənara qoyaraq, Azərbaycanı diqqət mərkəzində saxlayırlar. Bütün bunlar isə Azərbaycanın beynəlxalq aləmin diqqətinə gəldiyi anlamına gəlir. Belə görünür ki, hakimiyyət budəfəki seçkinin əvvəlki kimi saxtalaşdırmağın asan olmayacağını bildiyindən qabaqlayıcı addımlar atır?
– Hakimiyyət illərdir “balanslaşdırılmış” siyasət adı altında guya uğurlarını ictimaiyyətə çatdırmağa çalışırdı. Amma nə Qarabağ məsələsində, nə də qonşu dövlətlərlə münasibətlərdə düşünülmüş, balanslaşdırılmış xarici siyasət kursundan söhbət gedir. Hazırda Azərbaycanın region ölkələri, ABŞ və Avropa Birliyi ilə münasibətlər göz qabağındadır. Hakimiyyət Ramiz Mehdiyevi Irana göndərir və o, Tehranda antiQərb açıqlamalarla çıxış edir. Eyni gündə Prezident Administrasiyasının digər nümayəndəsi ABŞ-da Iranın Azərbaycanın inkişafının gözü götürmədiyini ifadə edir. Bütün bunlar göstərir ki, hakimiyyətin yekdil, düşünülmüş, siyasi kursu yoxdur. Bu gün Avropa Birliyi ilə assosiativ sazişi imzalamağa hətta Ermənistan bizdən daha yaxındır. Azərbaycanın müttəfiqi olan Türkiyə ilə “dost, qardaş” ifadələri yalnız şüarlardadır. Bu yaxınlarda dünyanın bir nömrəli mövzusu olan offşor zonalarla bağlı qalmaqalda adları çəkilən bir neçə siyasi rəhbərdən biri məhz Ilham Əliyev idi. Bu hadisə dünyada idealist ruhlu, doğurdan da hüquqi dövlətin qurulmasında maraqlı olan dövlətlərin diqqətini cəlb etməyə bilməzdi. Ona görə hazırda Azərbaycan hakimiyyətinə ciddi basqılar, tənqidlər var. Azərbaycan hakimiyyəti çox vaxt ona yönələn tənqidlərə aşırı reaksiya verərək dünyanın aparıcı dövlətlərini demokratik normalara əməl etməməkdə ittiham edir. Bu da təbii ki, aqressiya yaradır. Hakimiyyətin atadan oğula ötürülməsi, 2 prezidentlik müddətindən sonra 3-cü müddətə cəhd göstərmək diqqətdən kənarda qala bilməz.
Hamı iddiasından geri addım atmalıdır
– AXCP sədri tərəfdarları qarşısında çıxış edərək müxalifət liderlərini milli maraqlar naminə ambisiyalarından geri durmağa çağırdı. Əli Kərimli bildirdi ki, onlar da tərəfdarları qarşısında milli maraqları hər şeydənÿüstün tutduqlarını bəyan etməlidirlər. Oxşar münasibəti digər siyasi liderlərdən də görürsünüzmü?
– Mən AXCP Rəyaəst Heyətinin üzvü olaraq təbii ki, daha çox istəyərəm ki, Əli bəy ümummüxalifətin namizədi olsun. Əli bəyi şanslı edən bir çox məqamlar var. Amma bunu AXCP üzvü olduğuma görə söyləmirəm. Gəlin reallığa baxaq. Bu gün Azərbaycanda iqtidarın apardığı aqressiv siyasətə qarşı ən ciddi dirəniş göstərən, üzvlərinin, tərəfdaşlarının və funksionerlərinin fədakarlığı ilə seçilən təşkilat məhz AXCP-dir. Həbslərə baxsaq, etiraz aksiyalarında ən çox həbs olunanların əksəriyyəti cəbhəçi olur. Sosial şəbəkələrdə keçirilən rəy sorğularında birmənalı olaraq Əli Kərimli daim öndə olur. Amma bütün bunlara baxmayaraq, cəmiyyətin sifarişinə uyğun olaraq öz tərəfdarları qarşısında çıxış edərək qeyd edir ki, mən heç bir təməna irəli sürmədən lazım gələrsə, iddiamdan geri çəkilə bilərəm. Amma çox təəssüf ki, digər iddialı, namizədliyini elan etmiş şəxslər bu şəkildə ifadələr səsləndirmirlər. Hazırda ölkədə avtoritar sistemin daha qəddar, repressiv üsullara əl atdığı bir məqamda toplumu toparlamağın yeganə və alternativsiz yolu müxalifətin təmənasız birləşməsidir. Hazırda yaranması müzakirə olunan Milli Şura o zaman böyük uğurlar qazana bilər ki, cəmiyyətə prezident seçkilərində vahid namizədin ümumi razılaşma ilə olacağını bəyan etsin. Hər kəs öz üzərinə öhdəlik götürməlidir ki, vahid namizədi müəyyənləşdirərək seçkidə iştirak edəcək. O zaman cəmiyyət bizim səmimiyyətimizə, gücümüzə, iradəmizə tam inanar. Bütün liderlər bu məsuliyyəti üzərinə götürməlidir ki, vahid namizəd məsələsi razılaşdırılarkən hamı milli maraqlar naminə ambisiyalarından imtina edəcək. O zaman cəmiyyət müxalifəti daha aktiv formada dəstəkləyəcək. Əli Kərimlinin çağrışı digər qüvvələr tərəfindən birmənalı dəstəkləndiyi üçün artıq bunun üzərində əlavə manipulyasiya etmək lazım deyil. Ən şanslı namizədin bu gün Əli Kərimli olmasına baxmayaraq onun bu şəkildə ortaya qoyduğu mövqeyi hamı anlamalıdır.
– Ilham Əliyev 2018-ci ildə Azərbaycanda heç bir sosial-iqtisadi problemin qalmayacağını deyib. Adətən siyasi liderlərin hakimiyyətlərinin ilk illərində vəd verdikləri addımları atırlar. Ilham Əliyev 10 ildir ki, hakimiyyətdədir. Ötən on ilə görülməyən işlər növbəti beş ildə reallaşa bilərmi?
– Ilham Əliyevin son bəyanat seçki zamanı səsləndirilən müsahibələrə çox oxşayır. Dünya praktikasında belədir ki, istənilən şəxs on il müddətində cəmiyyətə verə biləcəklərini verir. Ilham Əliyevin hazırda növbəti dəfə belə iddia ilə çıxış etməsi, kasıb insanların qapısına gedərək onlarla şəkil çəkdirməsi, bu artıq bir seçki təbliğatı, cəmiyyətin gözünə kül üfürülməsidir. Çünki bir müddət insanlar ölkəyə gələn neft gəlirləri ilə aldandı. Daha sonra isə ölkə vətəndaşı gördü ki, onun mülkiyyətinə toxunulmazlıq yoxdur. Digər tərəfdən, insanlar pulsuz səhiyyə, təhsil güzəştlərindən məhrum olublar. Artıq gələn ildən neft gəlirlərində sürətli düşüş yaşanacaq və bu, ölkə iqtisadiyyatında hiss olunacaq. Halbuki Azərbaycan insanı neft gəlirləri ölkəyə daxil olarkən həyatında bir dəyişiklik görmədi. Ölkənin inkişafı dövlət ərazisində bir normal avtomobil yolu çəkməyə imkan verməyibsə, ölkə yolları ölüm mənbəyidirsə, əhali yoxsulluq məngənəsində boğulursa, Ilham Əliyevin bəyanatı reallıqdan çox uzaqdır.
Cəmiyyət aktiv olmalıdır
– Azərbaycan hakimiyyətinin strateqləri Qərbin beyin mərkəzlərində olarkən açıq formada siyasi korrupsiya ilə məşğul olurlar. Azərbaycan təmsilçilərinin verdiyi bəyanatlarda birmənalı vurğulanır ki, Azərbaycan hazırda Əfqanıstana hava məkanının təminində, Gürcüstanın blokadadan çıxarılmasında müstəsna rol oynayır və Qərb ölkəmizəÿtəzyiq edərkən bu məqamları nəzərə almalıdır. Yəni bir sözlə, mesaj verirlər ki, buna görə demokratiya və insan haqları müzakirə predmeti olmamalıdır…
– Azərbaycan insanı daim fərqində olmalıdır ki, onun taleyi öz əlindədir. Beynəlxalq aləm yekcins deyil. Burada hakimiyyəti istəyənlər də var, istəməyənlər də. Amma əsas odur ki, beynəlxalq aləm görəndə ki, xalq real dəyişiklik istəyir, onların demokratlara yalnız dəstəyi olacaq. Amma görəndə ki, Azərbaycan insanı taleyinə bigənədir, o zaman “kürüsevərlər” meydana çıxır və olmayacaq dəyişikliklər üçün şəxsi maraqlarını önə çəkirlər. Hakimiyyət də xalqdan oğurladığı milyardların bir hissəsini həmin şəxslərə verir. Azərbaycan insanı onun fərqində olmalıdır ki, xalqımızdan başqa dünyanın hər yerində Azərbaycanın sərvətlərindən bəhrələnirlər.
– Hakimiyyətin sosial şəbəkələrlə bağlı qorxusu ortadadır. Ona görə bu arada mobil operatorların “facebook”a pulsuz girməyi ləğv etməsini təsadüfi saymırlar. Bundan başqa, daha bir sərt addım izibati cərimə müddətinin 3 aya qədər artırılması niyyətidir. Hakimiyyət bu addımlarla nəyə nail olmaq istəyir?
– Əyalətlərdə hətta cəbhəçilərin şəxsi həyətlərinə hücum etmək, internet klublara sosial şəbəkələrə daxil olmaqla bağlı qadağalar qoymaq, mobil operatorların son addımı hakimiyyətin seçki təlaşı ilə bağlıdır. Hakimiyyət ölkədə narazılığın hansı səviyyədə olduğunu və hər an etiraz hərəkatının başlaya biləcəyini bilir. Bu, hakimiyyətin qorxusun göstərir, amma qorxunun əcələ faydası yoxdur.
Xəyal