Tofiq Yaqublunun Müdafiə Komitəsi toplaşdı: Çıxış edənlər funksionerin həbsini repressiya aktı kimi qiymətləndirdilər
Müsavat Partiyası başqanının müavini, “Yeni Müsavat” qəzetinin yazarı Tofiq Yaqublunun hüquqlarını Müdafiə Komitəsinin toplantısı saat 14.00-da Müsavat qərargahında başlayıb.
Tədbirdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, “El” hərəkatının sədri Eldar Namazov, Müsavat və AXCP funksionerləri, partiya fəalları, hüquq müdafiəçiləri, vəkillər, jurnalistlər iştirak edirlər.
Müdafiə Komitəsinin sədri Qubad İbadoğlu giriş sözü ilə çıxış etdikdən sonra sözü Tofiq bəyin vəkilərindən birinə – Nemət Kərimliyə verdi. O, Tofiq Yaqublunun durumu və qondarma cinayət işinin gedişatı barədə məlumat verdi. Məlumatda həmçinin REAL sədri İlqar Məmmədovla bağlı məqamlar da vardı.
Vəkildən sonra söz müxalifət liderlərinə verildi.
AXCP sədri Əli Kərimli dedi ki, Tofiq Yaqublu özünün fəliyyətinə görə iqtidarın qara siyahısındaydı və İsmayıllıya getməsi hakimiyyət üçün bir bəhanə oldu.
Ə. Kərimli dedi ki, hakimiyyət böyük bir repressiya dalğası başladıb: “Avropa Şurasında “kürü diplomatiyası” qalib gələndən bəri 38 nəfər həbs olunub”. Onun sözlərinə görə, Avropanın azad məhkəməsi var (AİHM), lakin bürokratik əngəllər imkan vermir ki, Azərbaycan kimi avtoritar ölkələrin əhalisi bu məhkəmədən lazım olan qədər faydalansınlar.
AXCP sədri bildirdi ki, müdafiə işləri genişləndirilməlidir, Avropanın təsisatlarına müraciətlər edilməlidir.
“El” hərəkatının lideri Eldar Namazov dedi ki, biz həbsdəkilərin müdafiəsinə geniş ictimaiyyəti qoşmalıyıq: “Buna nail olub, prosesi koordinasiya etməyə çalışmalıyıq.Paralel olaraq, demokratik düşərgənin konsolidasiyasına nail olmalıyıq. Eyni zamanda, siyasi dustaqlarla bağlı böyük kütləvi aksiyaları gündəmə gətirməliyik. Hakimiyyətin apardığı repressiya siyasətinə qarşı iradəmizi qoymalıyıq. Bu məsələdə bir yerdəyik”.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoglu isə çıxışında bildirdi ki, Tofiq Yaqublunun müdafiəsi istiqamətində qəzet rəhbərliyi də işlər görür: “Ən müxtəlif instansiyalara 7-8 məktub yazılıb. Tofiq bəy haqqında əlavə ittiham irəli sürülənə qədər böyük ehtimalla düşünürdüm ki, o, azadlığa buraxılacaq. Qəzetin rəsmi vəsiqəsini daşıdığı və bu missiya ilə aksiyada iştirakı nəzərə alınacaq, səhv yoldan dönəcəklər. Amma görünür ki, repressiya və həbslər ölkə boyu davam etməkdədir”.
Daha sonra söz hüquq müdafiəçilərinə verildi.
Səidə Qocamanlı hüquq müdafiəçilərinin gördüyü işlərdən bilgi verdi, təkliflərini irəli sürdü.
Tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu isə kəskin və emosional çıxışı ilə hər kəsdə təəssürat yaratdı. O dedi ki, bu dövləti, bu bayrağı biz qurub, biz dikəltmişik. İndi məhbəsdə olan gənclər də öz ata-anaları ilə ölkənin azadlığı uğrunda mübarizədə iştirak edirlər: “Onları qorumaq lazımdır. İndi məhbəsdəki gənclərə çörək vermirlər. Ölkəmizin tarixi boyunca heç zaman Azərbaycana bu qədər qınaq, tənqid, ittiham gəlməyib. Adam utanır. Nə qədər olar…”
Söz AXCP sədrinin müavini Nurəddin Məmmədliyə verildi. O dedi ki, bu gün Azərbaycanda hüquq anlayışı yoxdur: “Hüququn bitdiyi yerdəyik. Hüquq yalnız insanlara divan tutmaq və milləti talamaq üçündür. Belə vəziyyətdə cəmiyyəti bu bəlalardan qurarmağın yolu siyasi vasitələrlədir. 20 ildən sonra da olsa, müxaifəti birləşdırıb, xalqı bu rejimdən xilas etmək lazımdır”.
Söz hüquq müdafiəçisi Oqtay Gülalıyevə verildi. O, maraqlı çıxışı və təklifləri ilə fərqləndi. O. Gülalıyevn dedi ki, Müdafiə Komitəsinə qoşulur, öhdəsinə düşən bütün işləri görməyə hazrdır.
Hüquq müdafiəçisi Səadət Bənanyarlı da məlumat və təkliflərlə çıxış etdi. Daha sonra söz sabiq baş nazir Pənah Hüseynə verildi. Pənah Hüseyn dedi ki, bu zülmə qarşı hamı özünün inqilabını etməlidir: “Tofiq Yaqublu xalq uğrunda, haqq uğrunda həbsdədir və o, öz inqilabını edib. O, Azərbaycan tarixini yazan və yaradan insanlardan biridir. Böyük bir qəzetin yazarıdır. Ölkəni idarə edə biləcək bir səviyyədə siyasətçidir. Mən əminəm ki, yaxın zamanlarda biz onu həbsdən çıxarıb Azərbycana və ailəsinə təkrar qazandıracağıq”.
İlahiyyatçı alim, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu dedi ki, müdafiə komitələrinin
fəaliyyətləri koordinasiya olunmalıdır: “Bu barədə hər dəfə danışılır, lakin həyata keçirilmir. Hacı İlqar dedi ki, təəssüf ki, demokratik düşərgə dindar kəsimin məhbəsdə olan hissəsini müdafiədə fəal deyil. Siyasi liderlər bu barədə danışmağı, çoxaldıblar, lakin onların konkret müdafiəsi üçün ciddi iş getmir. Bu, kökündən yanlışdır. Biz hər kəsin hüquqlarını müdafiə etmirik deyə, artıq hər kəsə ən gülməli ittihamlarla həbslər verilməkdədir”.
Hacı İlqar müdafiə komitəsinin sədri Qubad İbadoğluya təşəkkür edərək, bildirdi ki, o, bütün imkanlarından maksimum istifadə etməlidir. Beynəlxalq qurumlara çıxış imkanlarından da siyasi dustaqlarla bağlı istifadə etməyə çalışmaq lazımdır…”
Müsavat başqanının müavini Gülağa Aslanlı çıxış edərək dedi: “Tofiq bəy İsmayıllıya gedərkən, həbs olunarkən, sonra buraxılarkən onunla istisnasız olaraq mən danışmışam. Bir dəfə də olsun indi ona qarşı irəli sürülən ittihamları təsdiqləyən ifadə işlətməyib. Qoysunlar ortaya o telefon danışıqlarını. Hər kəs də görsün, bilsin ki nə var….”
Qubad İbadoğlu toplantıda iştirak edən Yaqublu ailəsinin üzvlərinə dedi ki, buradakıların hər biri Tofiq bəyin yaxını, doğmasıdır.
Daha sonra söz Müsavat başqanı İsa Qəmbərə verildi. İsa Qəmbər dedi ki, tədbir olduqca səmərəli oldu: “Burada iştirak edən, etməyən bütün cəmiyyət təmsilçiləri Tofiq Yaqublu və digər siyasilərin həbsi ilə bağlı eyni fikirdədirlər”.
Müsavat başqanı dedi: “Tofiq Yaqublu o dərəcədə qanun-qayda tərəfdarıdır ki, onunla eyni maşında Gücüstandan gələn insanlara əllərindəki siqaret kötüklərini yol kənarına atmağa imkan vermirdi, gətirib Bakıda zibil qutusuna atdırırdı.
İndi belə bir qanun-qayda tərəfdarını hakimiyyət şərləyib içəri atdırır. Hakimiyyət düz adamları, şərəfli adamları şərləyib həbsə salır”.
İ.Qəmbər həmçinin irəli sürülən amnistiya layihəsindən danışdı və onu kəskin şəkildə tənqid etdi: “Bir neçə dəfədir ki, amnistiya layihələrini parlamentə Mehriban Əliyeva təqdim edir. Hər şey inhisarda olduğu kimi, bu məsələ də inhisara alınıb. Amnistiya layihəsini bir adam təqdim edə bilər. Olsun, önəmli olan amnistiyanın olmasıdır. Minlərlə haqsız həbsdə yatan insanların gözlədiyi bir hadisəsir. Və minlərlə kiçik səhvlərinə görə həbsdə yatan insanların gözlədiyi məsələdir. İndi bu adamlar bu amnistiya təklifini verirlər və necə olur ki, üçüncü dəfə eyni adam amnistiya təklifi edir, heç birində də bir nəfər siyasi məhbus azadlığa çıxmır? Hər dəfə baxıb maddələri elə seçirlər ki, həbsdə yatan, istintaq altında olan siyasilərdən heç biri amnistiyaya düşməsin. Xalq iki hissədən ibarətdir, bunu açıq etiraf etsinlər. Desinlər, biz də bilək”.
Xatırladaq ki, Tofiq Yaqublu yanvarın 31-də həbs edilib. Nəsimi rayon məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Tofiq Yaqublu Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilir. Hüquq-mühafizə orqanları bildirir ki, Tofiq Yaqublu yanvarın 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar edib. Lakin onun özü bu ittihamları rədd edir, ictimaiyyət və beynəlxalq təşkilatlar isə həbsi əsassız sayır. (musavat.com)


