Görməmiş ev yiyələri

AXCP rəsmi dövlət qeydiyyatı olan partiyadı. Azərbaycan Parlamentinə seçkilərdə iştirak edir. Quldurlar partiyası deyil. Qeyri-leqal fəaliyyəti yoxdu. Gizli işlərlə məşğul deyil. Milli, dini, cinsi ayrı-seçkilik fəaliyyətilə heç vaxt məşğul olmayıb. Milli azlıqlar haqqında Qanun da AXC hakimiyyəti dövründə qəbul edilib. Xalqın dini inanclarına hörmətlə yanaşır. Partiyanın tərkibində inanclı insanlarla yanaşı ateistlər də var və bu, onların birgəliyinə qətiyyən mane olmur. Çünki partiyanın amalı hansısa dini, irqi ideologiyalar deyil, yalnız bir toplum olaraq birgəyaşıyışın, sosial ədalətin ən yaxşı formasına nail olmaqdı.
Bütün bunları həyata keçirmək üçün AXCP hakimiyyətə gəlmək istəyir, çünki ayrı cür ola da bilməz. Bir partiyanın apardığı fəaliyyəti elə buna hesablanır – hakimiyyətə gəlmək və öz proqramını həyata keçirmək imkanı əldə eləmək. Yəni burda qəribə heç nə yoxdu. Qəribə o olardı ki (və belə faktlarla qarşılaşırıq da), hansısa partiya hakimiyyətə gəlmək fikrinin olmadığını bəyan eləyə.
Hakimiyyətə gəlmək üçün tədbirlər keçirmək, təşkilatlanmaq, bölgələrdə olan şöbə üzvləri ilə görüşmək, gələcək addımları götür-qoy etmək, seçicilərlə ünsiyyət qurmaq istənilən partiyanın hüququdu. Iqtidarda olan partiya isə müxalifət partiyalara şərait yaratmalı, onların xalqla təmasını asanlaşdırmaq üçün vasitələr təklif eləməlidi. Özü. Xahişsiz-minnətsiz.
Hakimiyyətdə olan partiya həm müxalifət üçün ən ideal şəraiti yaratmalı, həm də öz siyasətini bütün istiqamətlərdə elə qurmalı, elə çalışmalıdır ki, hər bir şərait yaratdığı müxalifət partiyası heç vaxt seçkilərdə yüksək səs toplaya və hakimiyyətə gələ bilməsin. Buna yalnız demokratik yollarla, öz müsbət fəaliyyətinlə nail ola bilərsən. Yəni özündən xoflu deyilsənsə, xalq sənə, sən xalqa bağlısansa, o zaman niyə müxalifətin bir çay qonaqlığını belə dağıdırsan?
Deməli, özün də bilirsən ki, sənin bu dövlətə, bu xalqa, millətə qətiyyən dəxlin yoxdu, müxalifətə zərrəcə imkan versən, səni bir seçkidə yerlə bir eləyər. Əlqərəz, bu hakimiyyətin zərrəcə qonaqpərvərliyi yoxdu. Yaxşı cəhənnəm olsun onların qonaqpərvərliyi də. Hətta hər dəfə bir sürü yumurta atan şərəfsiz tapıb rayonun adını, yerli əhalini 5-10 manat üçün gözdən salmasınlar.
Adamların evinə hücum çəkib məclisləri dağıdır, hətta uzaq yoldan gələnlərin bir çay içib dincini almasına belə imkan vermirlər. Özləri cəhənnəm, bir vətəndaşın qonaqpərvərliyinə də imkan vermirlər. Bu cür vəhşi davrananlar, onlara bu səviyyəsiz tapşırığı yuxarıdan verənlər anlamır ki, bununla cəmiyyəti fəlakətə sürükləyirlər. Sabah üçün çox mənfi, düşmənçilik, qisasçılıq kimi zəmin hazırlayırlar. Qəzzafini küçədən çıxarıb linç edənlərin vəhşiliyi məhz Qəzzafinin öz xidməti idi. Türkiyə baş naziri Ərdoğan isə Bəşər Əsədin işgəncə ilə öləcəyini deyib. Onun vicdanında 92 min qan var!
Onlar qovurlar; bizi qovurlar, hər kəsi, hər yerdən qovurlar: Lənkərandan, Sabirabaddan, Qəbələdən, Şəkidən. Şəhid atasını, şəhid anasını qovurlar – Prezident Aparatından, qəbuldan belə qovurlar. Döyürlər, söyürlər, ürəkləri soyumur. Ölkə onların evidi və onlar çox görməmiş ev sahibləridi – ölkə vətəndaşlarını hətta qonaq da saymırlar. Ancaq unutmasınlar – bir gün hər kəsin qonaq durumuna düşməsi var…
Mən buradan hələ müxalifət partiyalarıyla, elə AXCP ilə eyni insidenti yaşamamış rayon rəhbərlərinə səslənirəm. Barı siz bu rəzalətə qol qoymayın. Imkan verin, biz jurnalistlərin sizi sabah məhşər ayağından qurtarmaq üçün dilimiz olsun. Axı ayağınıza tikan batan kimi bizim üstümüzə qaçırsınız. Mərd olun, adam olun, barı bir dəfə doğru addım atın, heç olmasa onu yada salın ki, bu xalq hətta qapısına gəlmiş düşmənini də kişi kimi qarşılamağı bacaran xalqdı. Yox, sizin bu xalqa dəxliniz yoxdursa, onda bizim bildiyimizi özünüz də açıq deyin…