
Bakıda sərnişin qatarı ilə yük maşını toqquşub. ANS PRESS-in hadisə yerindəki əməkdaşının verdiyi məlumata görə, hadisə mayın 7-i saat 22.50 radələrində Pirşağı-Kürdəxanı mənzilinin 29-cu kilometrliyində qeydə alınıb. Bakıdan Moskvaya gedən sərnişin qatarı yolun mühafizə olunmayan hissəsindəki keçiddə “Shacman” markalı yük maşını ilə toqquşub. Qatar gələn vaxt yük maşını dəmir yolu xəttini keçirmiş.
Qəza nəticəsində Biləcəri lokomotiv deposuna məxsus elektrovozun maşinisti və köməkçisi, eləcə də, yük maşının sürücüsü xəsarət alıblar. Xəsarət alanlar dərhal xəstəxanaya aparılıblar. Sərnişinlər arasında xəsarət alanın olub-olmadığı məlum deyil. Hazırda qatar təhlükəsiz əraziyə çəkilib və onun yoluna davam etməsi üçün yeni elektrovozun ayrılacağı gözlənilir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbər şəxsləri qəzanın baş verdiyi yerdədirlər. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xüsusi qatarı da gətirilib.








