Rövnəq Abdullayev 69 futbolçunu cəzalandırmaq haqda göstəriş verib
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev rəhbərlik etdiyi qurumu aldadan futbolçular barədə sərt ölçü götürməyi tapşırıb. AFFA-nın Informasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mikayıl Nərimanoğlu da “modern.az”a açıqlamasında bunu təqsdiqləyib: “AFFA saxta sənədli futbolçuları mütləq cəzalandıracaq. Onlar AFFA-nın bayrağı altında keçirilən oyunlarda iştirakdan məhrum olacaqlar”.
Mikayıl Nərimanoğlu deyib ki, adları hələlik məxfi saxlanılan oyunçuların hamısı yerli oyunçulardır. Amma federasiya rəsmisi sözügedən futbolçuların çıxış etdiyi klubların adları və futbolçuların yaş qrupu haqda əlavə məlumat verməkdən imtina edib.
Xatırladaq ki, AFFA-nın rəsmi qeydiyyat bazasında futbolla məşğul olan şəxslərin, futbol məşqçilərinin və digər işçilərin qeydiyyatı aparılır. Bununla yanaşı, ötən müddət ərzində qeydiyyat şöbəsi tərəfindən müxtəlif turnirlərdə çıxış edən 69 saxta sənədli futbolçu müəyyənləşib. Onlardan 38 nəfəri sənədlərinin əslini təqdim etdiyi üçün hazırda müvafiq yaş qrupuna aid turnirlərdə çıxış edirlər. Digər 31 futbolçu isə sənədlərini təqdim etmədiklərinə görə yarışlardan kənarlaşdırılıblar. Proses məxfi aparıldığı üçün saxta sənədlərlə çıxış etmiş futbolçuların adı açıqlanmır.
Bugünlərdə Azərbaycan futbolu ilə bağlı başqa bir qalmaqal da yaşanır. “Futbol+” qəzetinin yazdığına görə, keçən ay “Bakı” ilə qarşılaşmada “Xəzər Lənkəran”ın 2:0 hesabıyla qalib gəldiyi oyunda baş hakim Elçin Məmmədovun rüşvət alması iddiası hakimin cəzalandırılması ilə nəticələnib.
Qəzetin yazdığına görə, “Bakı”nın prezidenti Hafiz Məmmədov PFL prezidenti Ramin Musayevdən futzal referisinin hakimlikdən uzaqlaşdırılmasını tələb edib. Iddiaya görə, hakim həmin oyunda hesabın taleyini müəyyən edən qərarlar üçün 20 min dollar rüşvət alıb.
Ramin Musayev də iddialara sübut istəyib, belə sübutları alandan sonra isə hakimi müdafiə etmək niyyətindən əl çəkib və “Bakı” rəsmisinə referinin idarəçilikdən uzaqlaşdırılacağına söz verib.
Hakim Elçin Məmmədov isə hakimlikdən uzaqlaşdırılmasından xəbərsiz olduğunu deyib: “Mənim bu haqda xəbərim yoxdur. Düzdür, ötən tur təyinat almadım. Ancaq bu, o demək deyil ki, cəzalandırılmışam və ya hakimlikdən uzaqlaşdırılmışam. Ümumiyyətlə, bu barədə danışmaq istəmirəm”.
“Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu “Qafqazinfo”ya açıqlamasında deyilənləri bu klubun qələbəsinə salınan kölgə kimi qiymətləndirib:
“Xəzər Lənkəran” – “Bakı” görüşündən sonra belə bir məsələ ortalığa atıldı ki, guya biz hakimə rüşvət vermişik. Rüşvət verənlə rüşvət alan qalıb bir tərəfdə, “Xəzər Lənkəran”ın adı hallanır. Məncə, rüşvət verən adamın kimliyini aydınlaşdırmaq lazımdır. Allah şükür ki, oyun da canlı yayımlanırdı və hamı şahid oldu ki, “Xəzər” oyunu alnının tərilə udub. Xahiş edirəm ki, heç kəs “Xəzər Lənkəran”ın təmiz oyununa kölgə salmasın”.
Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov isə məsələ ilə bağlı ətraflı açıqlama verə bilməyəcəyini söyləyib:
“FIFA-nın və UEFA-nın qaydalarına əsasən biz oyundan əvvəl və ya sonra hakimlərin təyinatı, onların düzgün və ya səhv etdikləri barədə mətbuata məlumat verə bilmərik. Ona görə ”Xəzər Lənkəran” – “Bakı” görüşündən sonra yaşanan hakim qalmaqalı ilə bağlı, həmçinin Elçin Məmmədovun hakimlikdən qovulması və ya qalmasına aid bir şey deyə bilmərəm Sadəcə olaraq ona diqqət yetirmənizi istərdim ki, “Xəzər Lənkəran” – “Bakı” və ya “Neftçi” – “Qarabağ” oyunlarından sonra nə Elçin Məmmədov, nə də ki, Anar Salmanov təyinat alıblar”.



