Soruşun vicdanınızdan…

Iki gün əvvəl Türkiyədə baş nazirin sərvəti açıqlanıb, amma bu rəsmi açıqlamaya nə qədər etibar etmək olar, bilmirəm. Zaman-zaman orada da Ərdoğanın ailə üzvlərinin biznesi (övladlarının, kürəkəninin) barədə danışırlar, yazırlar.
Amma hər halda, ortada rəsmi açıqlanmış bir sərvət var.
Indi çoxları deyirlər ki, bizdə o əjdahadan niyə yoxdur?
Guya bilmirsiniz?
Əvvəla, yaptokratlar niyə öz sərvətlərini sizə açıqlamalıdırlar? Siz kimsiniz onlar üçün? Sizin rəyinizin və səsinizin onlar üçün nə əhəmiyyəti var?
O rejimlər özlərini xalqa açıqlama, hesabat verməyə borclu sayırlar ki, onların hakimiyyətlərinin mənbəyi xalqdır. Həm xalqın iradəsi qarşısında özlərini borclu hesab edirlər, həm də o iradədən qorxurlar, çəkinirlər. Bilirlər ki, əgər bu gün xalqa açıq olmasalar, ayaqlarını azca yan qoysalar, adamların qəlbində, beynində azacıq şübhələr, quşqular yaransa, növbəti seçkidə xalq onlara hakimiyyət üçün verdiyi mandatı geri alacaq.
Amma yaptokratların belə bir əndişəsi, narahatlığı yoxdur ki…
Onlar taxt-taca sizin səsinizlə, sizin iradənizlə sahib olmayıblar ki…
Onların hakimiyyətlərinin mənbəyi milli iradə deyil ki. Saxtakarlıqdır, basqıdır, zopadır, qaranlıq güclərlə kirli bazarlıqlardır.
Elə isə xalqa açıq olmamağı, şəffaf olmamağı, toplumun ürəyində, beynində özləri ilə bağlı şübhələr yaranmasını niyə özlərinə dərd eləsinlər?
Ikincisi: bu ölkədə məmurların gəlir deklarasiyası – yəni, “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları”nın təsdiq edilməsindən uzun zaman keçir. Cəmi bir ay sonra Ilham Əliyevin həmin sərəncamı imzalamasının 8 yaşı tamam olacaq.
O sərəncamda möhtərəm Nazirlər Kabinetinə bəyannamə formasını hazırlamağı tapşırıb. Və 8 ildir bu tapşırıqdan əsər-əlamət yoxdur.
Yaxşı deyək ki, nazirlər pisdir, Əliyevin sərəncamını yerinə yetirmirlər, bəs əlahəzrətin özü niyə bir dəfə çıxıb bu haqda hesab istəmir? Niyə maşınlardan plyonkaları sökməyənlərə barmaq silkələdiyi kimi, bəyannamə formasını hazırlamayanları da hədələmir? Ümumiyyətlə, niyə Ilham Əliyev plyonkaları sökmək tapşırığı verəndə, bu göstərişə qeyd-şərtsiz əməl olunur, amma gəlir deklarasiyaları ilə bağlı yox?
Məncə, bu suallar ətrafında uzun-uzadı düşünməyə ehtiyac yoxdur. Əslində, hamısı cavabı özündə olan suallardır bunlar. Plyonkanı sökməklə büdcəni sökmək bir deyil ki…
Maşın şüşələrinin şəffaf olması ilə məmur ciblərini şəffaf eləmək eyni deyil ki…
Birincidən heç nə itirmirlər, amma ikincidən çox şeyi, hətta bəlkə hər şeyi itirə bilərlər.
Və bütün bunlara rəğmən hələ də utanmadan, üzləri qızarmadan qalxıb soruşa bilirlər adamdan:
Axı siz bu sistemin nəyini bəyənmirsiniz?
Bu rejim sizin niyə xoşunuza gəlmir?
Bu hakimiyyət niyə pisdir?
Oysa, belələri öncə dönüb özlərindən soruşmalıdır.
Soruşmalıdırlar ki:
– qudurğan məmur balalarını hədələyib əsgər ölümlərinə “dur”, korrupsiyaya “son”, ədalətsiz məhkəmələrə, yalana, yaltaqlığa “yox” deyən kasıb-kusubun balalarını həbs edən…
– ailənin, oliqarxların şirkətləri haqqında məlumatların üzərinə gizlilik pərdəsi çəkib, amma maşınların pərdəsini sökməklə uğraşan…
– özünü xalqa hesab verməyə borclu hesab etməyib, amma həqiqəti, doğruları deyənlərlə şər dilində, zopa dilində haqq-hesab çəkməyi mərifət sayan bir sistemin yanında mənim nə işim var? Doğrudan deyil, oğrudan yana olmağa vicdanım necə əl verir?
Ölkənin başına gələn-gətirilən bunca rəzalətə, hoqqaya rəğmən, hələ də nələrinsə naminə bu rejimə sahiblənə bilirsinizsə, ona arxalana və arxa dura bilirsinizsə, onu qoruya, onu müdafiə edə bilirsinizsə, o zaman bircə yol da əlinizi ürəyinizin üstünə qoyub, soruşmalısınız vicdanınızdan: “Rahatsanmı?”
Vicdanınızın verəcəyi cavabı biz bilməsək də olar.
Qoy, o cavab sizdə gizli qalsın, amma yetər ki, siz ondan mütləq soruşun: “Rahatsanmı?”