Rejimə bağışlanan ömür

Artıq bu ölkədə bütün pis ənənələrin adiləşdiyi kimi, ölümün də adiləşdiyi aydın reallıqdır. Tez-tez ölümün cavanlaşmasından, gənc insanlarda xərçəng, şəkər, ürək xəstəliklərinin artmasından danışırıq. Düzdür, bu çox dəhşətli və təhlükəli tendensiyadır.
Ancaq, özümüzə bir sual verək.
Bu ölkədə ölüm niyə cavanlaşmasın?
Bu ölkədə cavanlar niyə xəstəliyə tutulmasın?
Bu ölkədə ölümü qocalaşdıracaq nə var?
Hakimiyyət təmsilçiləri haqlı olaraq “ölkədə problem yoxdur” deyirlər.
Həqiqətən də bu ölkədə bütün problemlər çoxdan dərdə çevrilib.
Insanlar xırda ehtiyaclarını da DƏRD hesab edirlər.
Ölkədəki çirkin gedişat, qiymət verilməyən insan həyatı, qayğılarla dolu ailə dramları cəmiyyəti fərdiləşməyə məcbur edib.
Bəli, hakimiyyətin 20 ildir düşünülmüş siyasəti nəticəsində millətləşə, bütövləşə bilmədik. Fərdi həyat, fərdi əzab, fərdi mübarizə.
Intiharların, vaxtsız ölümlərin səbəbin axtaranda sosial problemlər, PULSUZLUQ insanın qarşısına dikilir.
Pullar isə idman komplekslərinə, Heydər Əliyev saraylarına, uçmağa hamilə olan yolların tikintisinə gedir. Təbii, bu görünən tərəfdi. Görünməyən tərəf isə (artıq o da görünür) ciblərə gedən, adalarda yığılan milyardlardı.
Yəni bizlər kasıblığımızın da, vaxtsız ölümümüzün də səbəbin və səbəbkarların tanıyırıq.
“Allah mənim ömrümdən kəsib, prezidentin ömrünə calasın” deyənlər, bunu yaltaqlıq məqsədilə, hansısa problemlərinin həlli üçün və s. şəxsi mənfəətləri üçün desələr də, reallıq onu göstərir ki, həqiqətən bu ölkədə insanlar 20 ildir öz ömürlərini, rejimin ömrünə calaq eləyiblər.
“Varın verən utanmaz” deyiblər. Bu millətin bir quru canı var, onu da rejimə qurban eləyib.
Bundan sonra vay-şivən qoparanda, bədbəxtlikdən dəm vuranda bir dəfə də özümüzü vuraq.
Çünki öz xoşbəxtliyimizi asanlıqla rejimə bağışlamışıq.
Rejim də ömür bolluğunda üzür.
Bəli, bizlər oğurlamaq, talamaq, bizi xoşbəxt gələcəkdən məhrum etmək üçün, bu rejimə cani-könüldən icazə vermişik.
Sonra da utanmaz-utanmaz “onsuz da düzələn deyil”, “bu millət belə gləib, belə də gedəcək” kimi kölə arqumentləri ilə məğlubiyyətimizə analiz veririk.
Hamı millətdən danışır. Bəs bu millət kimdir?
Millətin qorxaqlığından danışanlar haqqın tələb etsə, susmuşların ayağa qalxmasına ehtiyac qalmaz.
Çox qəribə məntiqimiz var. Evimizə girən oğruya etiraz etməməyimizi, millətin yatmış olması ilə əsaslandırırıq. Sən oyaq olanlara qoşulub qışqır ki, yatanlar da oyansın.
Bəlkə də biz rejimə bağışladığımız ömrümüzü, “millət düzələn deyil” arqumenti ilə kompensasiya etmək istəyirik.
***
Bir ölkənin ki, hər mövsümdə bir “xilaskarı”, hər fəsildə bir “düşməni” meydana çıxırsa…
Bir gün Iran, bir gün Rusiya, bir gün Amerika burda “inqilab” etmək istəyirsə…
Ölkənin ikinci adamı Qarabağ münaqişəsinin həllində Irana təşəkkür bildirib, ölkənin birinci adamı Qarabağı işğal edən Rusiyaya “siz bizim strateji müttəfiqimizsiniz” deyə bilirsə…
Qoşulası yerlərdən qaçıb, Qoşulmayanlar birliyinə qoşuluruqsa, ölkənin düşməni ilə dostu xarici siyasətin balansında qarışıbsa…
Səni idarə edənlərə neftə görə salam verirlərsə, bir nəfər üçün “gül bayramı”, min nəfər üçün kül bayramı deməkdirsə, oğruya əl çalmaq, doğruların taleyidirsə…
Inkişaf deyəndə Heydər parkı yadımıza düşürsə, ölməyimiz yaşamağımızdan bahadırsa, adın yaza bilməyənlər ad verməklə məşğul olursa, deməli, bu ölkənin vətəndaşları həqiqətən ömürlərini rejimə bağışlayıblar və özlərini erkən ölümə məhkum ediblər.
Bilmirəm, belə ölüyə rəhmət düşürmü?!