Gənclər Dəyanət Babayevin məhkəməsinə buraxılmadı

Bu gün Nəsimi rayon məhkəməsində növbəti məhkəmə prosesi keçirilən AXCP üzvü Dəyanət Babayevin məhkəməsində maraqlı hadisə baş verib. Belə ki, məhkəmə prosesinə şortiklə gələn gənclər məhkəmə iclasına buraxılmayıblar.

Bu barədə Avropa.info-ya Dəyanət Babayev məlumat verib. Onun dediyinə görə, vəkili Əsabəli Mustafayev eyni işlə haqqında cinayət işi qaldırılmış hüquq müdafiəçisi Musa Rahimin də təqsirləndirilən şəxs qismində prosesə cəlb olunmasını istəyir. Lakin hakim Musa Rahimə başqa ittihamlar da irəli sürüldüyünü bildirərək vəkilin vəsadətini qəbul etməyib.
“Bundan sonra vəkilim heç olmasa Musa rahimin şahid qismində prosesə cəlb olunmasını istədi. Bundan sonra prokuror Fuad Əsgərov da hakimdən vəkilin vəsadətini təmin etməsini xahiş etdi. Hakim bu vəsadəti təmin etdi. Bundan sonra vəkil mənim başqa yerə getməmək haqda məhkəmənin çıxardığı qərarın dəyişilməsini istədi, lakin bu vəsadət də təmin olunmadı.” Məhkəmə prosesi may 16-da saat 11:30-dan etibarən davam etdiriləcək.

Xatırladaq ki , Dəyanət Babayev ötən ilin noyabrın 7-də vətəndaş Səlimov Tofiq Fuad oğluna fiziki təzyiq göstərməkdə ittiham olunur.

Nəsimi rayon polis idarəsində ona Cinayət Məcəlləsinin 221.2.1 maddəsi ilə cinayət işi açılıb. Bir sıra yerli və beynəlxalq hüquq müdafiə təşkilatları isə bu ittihamları qondarma sayırlar. Dünən isə bu işlə bağlı daha bir şəxs,hüquq müdafiəçisi Musa Rahim də həbs olunub.