AXCP son günlərdə baş verənlərə görə bəyanat yaydı
AXCP ölkədə ictimai-siyasi fəaliyyətin faktiki qadağan edilməsi ilə bağlı bəyanat verib. Bəyanatda deyilir ki, son günlər həm qanunvericilik sahəsində irəli sürülən təşəbbüslər, həm də konkret əməli hərəkətlər bu istiqamətdə ciddi narahatlıq doğurur.
Belə ki, parlament maksimum inzibati həbs müddətini 15 sutkadan 30 sutkayadək artırmağa, böhtana görə cinayət məsuliyyətini internetdəki fəaliyyətə də tətbiq etməyə hazırlaşır. Bu dəyişiklik istəkləri birbaşa vətəndaşların ictimai fəallığının qarşısını almağa, internet üzərində senzura yaratmağa xidmət edir.
AXCP ölkənin mobil rabitə operatorları “Bakcell” və “Azercell”in “Facebook”dan pulsuz istifadə xidmətini dayandırmasını da siyasi motivli olmaqla, fəalların bu sosial şəbəkəyə çıxış imkanını məhdudlaşdırmaq istəyi ilə əlaqələndirir.
Bundan başqa, bəyanatda bildirilir ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları vətəndaşların sərbəst toplaşmaqla bağlı müraciətlərinə müsbət cavab vermir, müxalif partiyaların cari toplantılarını belə polis gücünə dağıdır.
AXCP bu məqamda Sabirabad və Şəkidə keçirilən partiya müşavirələrini polisin yerli fəalların evinə basqın etməklə dağıtmasını, Ağstafa cəbhəçilərinin isə məcbur olub cari toplantılarını qonşu Gürcüstanda keçirməsini xatırladır.
AXCP bu faktları ölkədə qanuni qeydiyatdan keçmiş partiyanın fəaliyyətinə qanunsuz qadağa qoymaq kimi qiymətləndirir. Partiya bəyan edir ki, bu özbaşınalıqlar zamanı polisin heç bir əsas göstərmədən vətəndaşların evlərinə basqın etməsi həm də ölkədə mülkiyyətin toxunulmazlığına hakimiyyətin hörmətsiz münasibətididr.
AXCP eyni zamanda ADNA-da 4 il əvvəl baş vermiş terrorun qurbanlarını anım məqsədilə aprelin 30-da keçirilən aksiya zamanı həbs edilərək 10 sutka inzibati cəza alan gənclərə – AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, NİDA hərəkatı İdarə Heyətinin üzvü Turqut Qəmbər və Azad Gənclik təşkilatının üzvü İlkin Rüstəmzadəyə aparılan qidanın qəbul edilməməsinə də diqqət ayırır. Partiya bəyan edir ki, gənc fəallara kənardan qida qəbulunu qadağan etməklə mənəvi-psixoloji işgəncə verilir.
AXCP bildirir ki, beynəlxalq təşkilatlar, dünyanın demokratik qüvvələri Azərbaycan hakimiyyətini öz vətəndaşlarına qarşı sayğılı davranışa, insan haqlarına hörmətlə yanaşmağa səslədikcə, rəsmi Bakı tutduğu əks mövqedə daha da dərinə gedir. Bütün bunların president seçkisinə bir neçə ay qalmış baş verməsi isə hakimiyyətin normal seçkiyə hazırlaşmadığını, onu zorakılıq və saxtakarlıqla keçirmək niyyətini göstərir. Belə bir şəraitdə Azərbaycan cəmiyyətindən daha da fəal və mütəşəkkil olmaq tələb olunur.


