Necə olacaq bu: rejim qalacaq, amma heç bir problem qalmayacaq?

Ilham Əliyevin 2018-ci ilədək Azərbaycanda heç bir problem qalmayacağını vəd etməsindən xəbəriniz var. Halbuki 21-ci əsrdə bu üslubun, ritorikanın özü belə, bu cür düşüncədə olmaq belə, artıq yeni bir problem deməkdir. 
“Insan yoxdursa, problem də yoxdur”- bu, Stalinin məşhur tezisi idi. Sovetlərin “dahi rəhbər”i əsla haqsız deyil: insan varsa, deməli, problem var. Problem orda yoxdur ki, orda insan yoxdur. Necə yəni, indi bizim möhtərəmin məntiqi ilə ölkəmizdə 2018-ci ilə qədər insan da qalmayacaq?
***
Çoxları isə hər şeyi bir kənara qoyub, bu sual ətrafında düşünür: Əliyevin vədi realdırmı?
Gülməli sualdır.
Çünki əvvəlcə bu sualın cavabı tapılmalıdır: Əliyevçi rejim özü 2018-ci ilə qədər qalacaqmı? Qalacaqsa, başqa problemlər avtomatik olaraq anlamını, ciddiliyini, əhəmiyyətini itirir.
Axı bütün problemlərin qaynağı məhz sistemin özüdür. Problem – sistemdir. Yerdə qalan nə varsa, onun yanlış, çağdışı idarəetmə tərz və təfəkkürünün məhsuludur. Sistem qalacaqsa, başqa problemlər necə qalmaya bilər? Bunda məntiq yoxdur axı.
Ilham Əliyev özü hakimiyyətdə qalacaq, amma ölkədə heç bir problem qalmayacaq – görəsən necə olacaq bu? Mümkündürmü? Ağlabatandırmı? Zərrəcə inandırıcıdırmı?
***
Illərdir deməkdən dilimiz, yazmaqdan əlimiz qabar oldu:
Ölkənin özünün getdiyi yol doğru deyilsə, o ölkədə çəkilən yollar nəyi dəyişir?
Ölkənin idarəçilik təfəkkürünün özü qeyri-sağlam, xəstədirsə, o ölkənin səhiyyəsi xəstələrə necə şəfa verə, xalqın sağlamlığı keşiyində necə dayana bilər?
Müəllimə seçkini saxtalaşdırmaq üçün alət kimi baxılırsa, uşaqlar kiçik yaşlarından fondpulu, süpürgəpulu, tabaşirpulu, 8 mart pulu, Gül bayramı pulu adı ilə rüşvətə öyrədilirsə, dərsliklər şəxsiyyətə pərəstiş, bütpərəstlik mətnləri ilə doldurulursa, məktəb tikməyin mənası nədir? Içində elmin, bilginin, uyğarlığın olmadığı məktəblər tikməklə təhsili necə inkişaf etdirmək olar?
Bəli, əslində hər şey çox sadədir: ölkənin qayğıları, dərdləri çoxdur, amma ən böyük qayğı, ən ağır dərd Azərbaycanı idarə etdiklərini iddia edənlərin zehniyyəti, dünyagörüşü ilə bağlıdır. Onlar hesab edirlər ki, azadlıqları boğmaqla, milli iradəni heçə saymaqla, hər kəsdən qeyd-şərtsiz itaətkarlıq, köləlik tələb etməklə problemləri həll etmək olar.
Onlar düşünürlər ki, yeni yollar çəkmək ölkəni səhv yolla aparmağa bəraət qazandırır.
Hə, bax əsas problem bir də budur – bu düşüncədir. Bu düşüncə ilə idarə etmək və idarə olunmaqdır. Bu düşüncə qaldıqca, qayğılar, dərdlər necə aradan qalxa bilər?
***
Əlbəttə, möhtərəmin 2018-lə bağlı vədinin səbəbini başa düşürük. O da narahatdır. O da artıq işlərin əvvəlki kimi getmədiyinin fərqindədir. O da qaçılmaz sonu görür. Bu il heç nə asan olmayacaq. Dəyişiklik məcburiyyəti Azərbaycan sərhədlərinə ən azı son 10 ildə heç vaxt bu ilki qədər yaxınlaşmayıb. Inqilab xofu keçməyib, üstəlik, seçki ilə bağlı əndişələri də böyükdür. Odur ki, biz belə vədləri onun dilindən hələ çox eşidəcəyik. Amma hər belə vəd də sistemin özünün ifşası üçün yeni fürsətə çevrilməlidir.
Məsələn, möhtərəm iki-üç il bundan əvvəl bir çıxışında dedi ki, Qarabağ probleminin həlli 100 il də uzana bilər. Amma indi deyir ki, beş ilə heç bir problem qalmayacaq.
Di gedin, gerisini özünüz düşünün, nəticəni özünüz çıxarın.