Hamı saray təlxəyimi olmalıdır?..

Belə… On illər gözəl səsli sənətçimiz Flora Kərimovanı hədəf alanlar indi də hücumları müğənni Nazpəri Dostəliyevanın üzərinə yönəldiblər. Səbəbini bilirsiniz. Nazpəri xanım Müsavat partiyasının başqanı Isa Qəmbərin oğlunun toyunda oxuyub. Elə həmin gündən də “xalq düşməni” elan edilib. Bəzi televiziyalar artıq onun efir çıxışlarına belə qadağa qoyub. Nə qədər debil və ibtidai düşüncələr ölkəsində yaşayırıq!
Doğrudur, siyasətin bir çirkin üzü də var. Amma siyasətin, ümumiyyətlə, çirkin iş olduğunu düşünən adamlar bu təfəkkürlə yönətdikləri ölkənin başına nə bəlalar gətirməz! Dövrün ən məşhur şairlərini, rəssamlarını, müğənnilərini, tarixçilərini, sosioloqlarını, iqtisadçılarını və texnokratlarını təsir dairəsinə alıb öz adamlarına çevirməyi məqsəd seçən bu naqis düşüncə sahibləri gerçəkdənmi hamının saray təlxəyi ola biləcəyinə inanırlar? Hərçənd, onlar da əsassız deyillər. Axı qədim ənənələri olan bu metod zamanında özünü o dərəcədə doğrultmuşdu ki, XIX əsrdə Berlin Universitetinin professorları özlərini Prussiya krallarının intellektual cangüdənləri elan etmişdilər. Indi Azərbaycanda da belə “cangüdənlər” sarıdan o qədər bolluqdur ki, təəccüblənəcək heç bir şey qalmayıb.
Bilmirəm, Nazpəri xanıma qarşı başqa bir qisasçılıq işi var, yoxsa məsələnin kökündə məhz müxalif bir siyasətçi ailəsinin toy məclisində oxumaq söhbəti dayanır? Nə olur-olsun, bir sənət adamını aid olduğu sənətə yasaq qoymaqla cəzalandırmaq ən cılız və ikrahedici qisasçılıq yoludur. Oxumaq istəyən bir səs sənətçisini necə susdura bilərsən? Lap tutaq ki, TV-ləri üzünə qapadacaqsan, adını hökumət konsertləri siyahısından çıxaracaqsan, şadlıq saraylarına girişini qadağan edəcəksən, insanların arasına çıxıb oxumağınadamı mane ola biləcəksən? Axı biz zamanında “oxuma, tar” deyənlərin, cazla “hoqqabazlıq” edən Vaqif Mustafazadəyə, muğamla “şəbeh çıxaran” Alim Qasımova savaş açanların sonda necə məğlub olduqlarının canlı şahidləriyik.
Iki gün əvvəl ölkə başçısı 131 incəsənət xadiminə prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər ki, Prezident incəsənət xadimlərinə hər il mükafat verir və hər il də bu siyahı təzələnir. Hər ilin may ayında verilən bu mükafat 500 manat məbləğindədir. Bu pul mükafatının nə anlam daşıdığını anlamıram. Bir onu bilirəm ki, bu asan yoldansa, ölkədə sənət adamlarının normal fəaliyyəti üçün şərait yaradıb onların daha gözəl yaşamasını təmin etmək uğurlu olardı. Onda həm sənətimizin başı uca olardı, həm də sənətçimizin…
Məlum, belə xüsusi adlar, mükafatlar, təltiflər dünyanın çox az ölkəsində qalır. Bu, dolayı yolla sənət adamlarını ələ almaq və ələbaxım öyrətməkdən başqa bir şey deyil. Açığı, mən bu ianə müqabilində qocaman sənət adamlarımızın milyonların qarşısına çıxıb rəhbər şəxslərə yaltaqlanmasına acıyıram. Mən sənət adamlarının saray məddahlığı sayəsində yuxarılara gedib çıxmasını, vəzifə kürsülərinə oturdulmasını, parlamentə yol tapmasını faciə sayıram. Azərbaycan sənətində son illər yaranan durğunluğun səbəblərini bir az da burada axtarmaq doğru olmazmı? Türkiyə Cümhuriyyətinin qurucusu Atatürk bir dəfə əlini öpmək istəyən sənətkara belə demişdi: “Sənətkar əl öpməz, sənətkarın əli öpülər”. Bəli, bu ölkədə sənətkara elə dəyər verilməlidir ki, rəhbər qarşısına da, xalq arasına da çıxanda əli öpülməyə layiq olsun.