Günəş enerjisi ilə çalışan təyyarə sınaqdan çıxıb

İsveçrəli pilot yalnız günəş enerjisi ilə çalışan təyyarə ilə ölkə boyu uçuşunun ilk mərhələsi ilə ABŞ-ın Arizona ştatının Feniks şəhərinə uğurla enib.

Bertrand Pikkard Solar Impulse adlı təyyarə ilə gecə saat 12-də, zülmət qaranlıqda yerə enib. Solar Impulse gecə və ya gündüz olmasından asılı olmayaraq günəş enerjisi ilə işləyən ilk pilotlu təyyarədir.

Amerikanın Səsinin  məlumatına görə, Kaliforniyanın şimalında başlayan uçuş təxminən 20 saat sürüb, belə ki, orta sürət saatda 49 kilometr olub.

Pikkard və ikinci pilot Andre Borşberq vəzifələrini bölüşərək gələn ay Feniks, Dallas, Seynt Luiz və Vaşinqtonda dayanaraq səfəri Nyu-Yorkda başa vuran uzun uçuşa başlamağı planlaşdırır.

Boing 747 sərnişin təyyarəsinin qadanları ölçüsündə qanadları olan Solar Impulse təyyarəsinin çəkisi cəmi avtomobil çəkisi qədərdir. Təyyarə günəşdən aldığı enerjini batareyalarda saxlayır və bu da ona gecələr də uça bilmək imkanı yaradır. Ancaq təyyarənin maksimum sürəti 69 km/saatdır.