Azərbaycan və ingilis quzusu

“Mayın 1-də Qobustan Idman Kompleksinin açılışında çıxış edən dövlət başçısı yenə də ənənəvi olaraq ölkənin analoqsuz inkişafından danışıb. Dünyanı bürüyən böhranın Azərbaycandan yan keçdiyini və bunun da aparılan uğurlu, ”düşünülmüş siyasət”in nəticəsi olduğunu deyib”, – Rövşən Hacıbəyli “Azadlıq”ın dünənki sayında yazıb.
Rövşən bəy o açılışda dövlət başçısının çıxışını dəyərli oxucularımıza çatdırıb. Sağ olsun. Millət Azərbaycan televiziyalarına baxmır, hakimiyyət mətbuatını oxumur, orda deyilənləri dinləmək üçün durub Qobustana gedə bilməzdi. Çünki, bilmirəm qədəmlərinin kəramətindəndi, nədəndi, dövlət başçısının ayaq basdığı istiqamətdə yollar saatlarla iflic olur, hətta deyilənə görə, quşlar da o saatlarda fəaliyyətini dondurur. Ona görə də, hətta xalq Qobustana axışmış olsaydı belə, yenə də görüşə çata, o dəyərli çıxışı dinləyə bilməzdi. Əlbəttə, tənbəlliyin daşını atıb bir gün qabaq yola çıxsaydılar belə, əvvəla, bu boyda xalq Qobustana sığmazdı, ikincisi də sığsaydı da, hamısını həbs edərdilər ki, xeyir ola?!!
Əslində, heç nə Azərbaycan tv-lərinə baxmağa gərək vardı, hə hakimiyyətin qəzetlərini oxumağa, nə də Qobustana axışmağa. Çünki yeni bir şey deyilməyəcəkdi, necə ki, deyilmədi. Ancaq bütün hallarda belə şeylər tarix üçün lazımdı: kim hara getdi və nə dedi. Bu baxımdan Rövşən bəyə də bir salnaməçi kimi dərin təşəkkür düşür. Sözün açığı, ondan geri qalmaq istəmirəm. Yox, mən də durub yenidən həmin çıxışın stenoqramını yaymaq fikrində deyiləm. Lakin tarix bu cür tərəfkeşliyi sevmir; dövlət başçısının nitqini verirsənsə, gərək yerli zəhmətkeşləri də nəzərə alasan. Qoy onların da çıxışı tarixə qızıl hərflərlə yazılsın.
Ona görə də mən qafqazinfo-da gedən reportajdan dəyərli xalqımıza aid fikirləri olduğu kimi, nöqtəsinə-vergülünə dəymədən “Azadlıq”ın oxucularına çatdırmaq istəyirəm. Qarşıdan prezident seçkisi gəlir, ona görə də nə qədər informasiyalı olsaq, bir o qədər də siyasi cəhətdən ayıqlıq olar. Beləliklə, buyurun oxuyun (qeyd: “zəhmətkeşlər” burada “sakinlər” adı ilə gedir):
“SAKINLƏR: Çox sağ olun, cənab Prezident. Allah Sizdən razı olsun. Sizə minnətdarıq.
SAKINLƏR: Gözəldir. Çox sağ olun, cənab Prezident. Sizə minnətdarıq. Allah Sizdən razı olsun, işinizi avand etsin. Sizə təşəkkür edirik, çox sağ olun.
SAKINLƏR: Çox sağ olun. Allah sizə cansağlığı versin. Allah işinizi avand etsin. Həmişə Siz gələsiniz.
SAKIN: Əla yaşayırıq. Çox sağ olun. Bizi hər şeylə təmin edirsiniz. Hər şey əladır. Qazımız gəlir, işığımız var, suyumuz da hələlik yaxşıdır.
SAKIN: Lap yaxşıdır. Yaxşı dolanırıq. Hər şeyimiz vardır. Allah Sizdən razı olsun. Biz yaxşı yaşayırıq.
SAKIN: Lap yaxşı baxır. Cənab Prezident, Allah canınızı sağ eləsin, Sizə uzun ömür versin. Təkcə problem yolumuz idi. Yolumuzu, qazımızı çəkdirmisiniz.
SAKIN: Bəli, çox yaxşıdır. Çox sağ olun.
Nə isə, Qobustanı qoyub keçək Ingiltərəyə.
“Daily Mail” yazıb ki, üç yanğınsöndürən maşınla fermaya gələn 12 əməkdaş 10 metrlik quyuya düşən bir quzunu oradan çıxarmaq üçün üç saat çalışıb, əməliyyat isə 6000 funt-sterlinqə başa gəlib. Adamın yadına analarına tabutda “çatdırılan” əsgərlərimiz, küçələrdə səfil günündə dilənən körpə uşaqlar, imkansızlıq üzündən fahişəlik bataqlığına yuvarlanan, dünyanın dörd bir yanını dolanan qadınlar, gənc qızlar, yaraşıqlı məktəb binalarında təhsilsizlikdən çürüyən şagirdlər – yəni gələcəyimiz və daha nələr-nələr düşür.
Belə yerdə nə qədər şablon olsa da, adamın quzu olmağı gəlir. Baxanda, hamı elə quzu kimidi Azərbaycanda. Ancaq bir ingilis quzusu qədər deyil. Di gəl, böyük şair Ramiz Rövşən demişkən, hər şey yaxşı olacaq. Dövlət başçısı da Qobustanda elə deyib. 2018-ə qədər problem qalmayacaq.