100-ə qədər neftçi tətilə başladı

Əmək haqları artırılmasa, tətil başqa mədənlərə və bütövlükdə neft sənayəsinə yayılacaq

ARDNŞ-in “Bibiheybət” Neft-Qazçıxarma Idarəsinin 100 nəfərə qədər işçisi tətilə başlayıb. Tətil edənlər “Bibiheybət” NQÇI-nin 4-cü mədəninin işçiləridir. Onlar əmək haqqının azlığına etiraz edirlər. Işçilər bunun xəbərdarlıq aksiyası olduğunu bildiriblər.
Onlar əmək haqları artırılmayacağı təqdirdə tətilin başqa mədənlərə və bütövlükdə neft sənayəsinə yayılacağını deyiblər. ARDNŞ rəhbərliyindən nümayəndələr tətillə əlaqədar “Bibiheybət” NQÇI-yə yollanıblar.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı “Azadlıq”a açıqlamasında bildirdi ki, fəhlələrin tarif maaşı olduqca aşağıdır: “Ən yuxarı maaş 350 manatdır ki, bunu da operatorlar alır. Ən aşağı maaş isə 217 manatdır. Bu maaşı çilingər, elektrik qaynaqçısı, neftçıxarma operaoru alır. Onlar təhlükəli zonada işlədikləri üçün əlavə olaraq 14 faiz kompensasiya almalıdırlar. Ancaq bu azaldılıb, 4 faiz edilib. Dördüncü mədəninin işçiləri ikinci dəfədir ki, etiraz edirlər”.
Mirvari Qəhrəmanlı deyir ki, ötən il ARDNŞ texniki işçilərin əmək haqqını 52 faiz artırdı: “Bu, fəhlələrin maaşına şamil olunmadı. Fəhlələr mühəndislərin maaşlarının artırılmasına etiraz etmirlər, sadəcə öz haqlarını tələb edirlər. Bütün narazılıqları, etiraz edənlərin qarşısına həmin idarələrin rəhbərləri çıxır. Bunu idarə rəhbərlərinin həll etmək səlahiyyəti yoxdur. Bu, Neft Şirkəti səviyyəsində həll edilməlidir. Bunlar həll edilməsə, əmək haqları qaldırılmasa, sosial problemlər həll olunmasa, ölkəni fəhlə üsyanı bürüyəcək. Maqnatları milyarder edən neftçi bu gün çox aşağı maaş alır. Neftçilərin əmək haqqından 14 faiz vergilərə, 3 faiz sosial fonda, 2 faiz həmkarlar təşkilatına, 2 faiz isə Silahlı Qüvvələrin yardım fondu üçün tutulur. Əmək haqları azdır, ancaq tutulmalar çoxdur. Hər şeyin bir həddi var. Bu il prezident seçkisi ilidir. Belə bir halda onlara səs verəcəklərmi? Onların yaşadıqları vəziyyəti düzəlməsə, sosial problemi həll olunmasa, bunlardan yenə səs gözləyirlər? Bu insanların hamısı məcburi YAP-ın üzvləridir. Həm Həmkarlar Təşkilatına, həm də YAP-a məcburi üzvlük haqqı verirlər. Kiçik bir pul verəsən, bu qədər tutulma olsun? Sonra da gözləyəsən, gəl mənə səs ver. Bu nə qədər ədalətlidir?”.

Ramin DEKO