Həbs edilən sahibkar icra başçısını ifşa elədi

Müqayis Verdiyev Nizaməddin Quliyevin maxinasiyalarının üstünü açdı

Goranboy rayonunda həbs olunmuş iş adamı Müqayis Verdiyev vəkili vasitəsi ilə rayon icra başçısı Nizaməddin Quliyevə açıq məktub yazıb. Qaynar.info-ya daxil olan açıq məktubda icra başçısı və oğlunun adı korrupsiyada hallandırılır. Sahibkar yazır ki, icra başçısı Ilham Əliyevə etdiyi xəyanətlərini və “dələduz oğlunun əməllərini” ört-basdır etmək üçün onu şərləyərək həbs etdirib.
Müqayis Verdiyevin məktubunu ixtisarla təqdim edirik: “Sənin(Nizaməddin Quliyevi nəzərdə tutur – red) və oğlunun rəhbərlik etdiyi ”Fəqan-Xidmət” MMC nin dövlət büdcəsindən Goranboy rayonunun abadlaşdırılması üçün ayrılmış pulun mənimsənilmiş hissəsinin ört-bastır olunması üçün burdayam… Hərçənd, mən “Fəqan-Xidmət” MMC adlı qurumu istintaq zamanı tanımışam. Ona qədər mən səni tanımışam, sənlə hesablaşmışam, ödənilən pulları oğlun Ramal Quliyev, müavinin Baxış Abdullayev, sürücün Mikayıl və şəxsən özündən mən və mənə yaxın olan insanlar alıb…
Mən sənə bir daha xatırladıram ki, sən 500 min manatlıq yeyinti faktına görə Kapital Bankın Mingəçevir filialının rəhbəri vəzifəsindən çıxarılan və himayənlə bu cinayətin cəzasından xilas olan “QƏHRAMAN” oğluna məxsus “Fəqan-Xidmət” şirkətinə Goranboy rayonunun abadlaşdırılması işlərinin 256 min manatlıq hissəsini icra etməyi mənə həvalə etdin. “Qanuni” fəaliyyət göstərdiyin üçün heç bir rəsmi sənədləşmə olmadan ayrı-ayrı vaxtlarda 100 min manatlıq məbləği ödəyib pulun qalan 156 min manatlıq hissəsini iş bitdikdən sonra ödəyəcəyini bildirdin. Daha sonra isə bu pulu ödəməkdən boyun qaçırdın. Pulumu tələb etdikdə müavinin Baxış Abdullayevə göstəriş verərək, onun əliylə rayonda etiraz aksiyası təşkil etdirdin…
Baxış Abdullayev 10-12 nəfər fəhləni Icra Hakimiyyətinin binası qarşısına yığaraq “iğtişaş” törətdi. Bu əməli həyata keçirəndən sonra guya, mənim rayonda iğtişaş törətmək istədiyimə dair yalan məlumatları yuxarı dairələrə çatdırdın. Ardından isə həbsimi təşkil etdirdin. Özü də anamın vəfat etdiyi gün həbs etdirdin və mərasimdə iştirakıma imkan vermədin…
Sən öz müraciətində məni heç bir əsas olmadan iğtişaş törətməkdə günahlandırsan da, əslində irəli sürülən ittiham sənin mənə verməli olduğun 156 minin içərisində olan fəhlələrə ödəniləsi 24 min manatın ödənilməməsi üçündür. Yəqin, o pulu da oğlun bankdan mənimsədiyi 500 min manat kimi xarici ölkələrin birində kef məclislərinə xərcləyibdir. O pul sənin oğlunun sürdüyü avtomobilin təkərlərinin ümumi qiymətindən az olasa da fəhlə ailələlərinin çörəyidir. Onu da deyim ki, o işçilər məndən şikayətçi olmadıqlarını rəsmi şəkildə bildirirlər. Hamı daş dəyən yeri yaxşı bilir”.
Icra başçısı Nizaməddin Quliyevin köməkçisi Fuad Əliyev Qaynar.info-ya bildirdi ki, Müqayis Verdiyevin məktubundakı ittihamlar əsassızdır. O, icra başçısının oğlunun adının da bu məsələdə hallandırılmasının əsassız olduğunu dedi: “Bu işlərdə icra başçısının oğlunun adı qəsdən hallandırılır. Müqayis Verdiyev bunu ortaya atmaqla özünə haqq qazandırmaq istəyir. ”Fəqan-Xidmət” MMC-nin icra başçısı və oğlu ilə heç bir əlaqəsi yoxdur. Baş Prokurorluqdan yoxlama gəlib və araşdırılmadan sonra məlum olub ki, MMC Mingəçevirdən olan Fəyaz adlı bir şəxsə məxsusdur. Bu məsələdə heç bir korrupsiyadan da söhbət gedə bilməz. Sadəcə, burada fəhlələrin pulu verilməmişdi, problem də ondan yarandı”.