Rüstəm Ibrahimbəyovun hər çıxışı YAP-çıların düşüncələrini dumanlandırır. Aydınca hiss olunur ki, həm qəzəblənirlər, həm də təlaş keçirirlər. Bir pərtlik də hiss olunur. Axı dünənəcən bunlar o cür tanınmış adamların Əliyevlər hakimiyyətinə tərəfdar olması və müxalifətə yaxın getməməsi ilə öyünürdülər. Indi yanlarında Rüstəm Ibrahimbəyov səviyyədə bircə adam da yoxdur. Üstəlik, onun da ağzı açılanda sözləri müxalifətin dediyindən yumşaq olmur. Həm də tanınmış kinodramaturq çeynənmiş siyasi leksikonda çıxış etmir, dadlı-duzlu, təsirli danışır…
Söz tapa bilməyən YAP-çılar görürsünüz nəhayət nəyə əl atıblar. Ötən dövrlərdə onlar Rüstəm Ibrahimbəyovu çox şeylərdə ittiham etdilər, onun-bunun əlilə adına hər cür qara yaxmaq istədilər, barəsində ardıcıl kampaniya apardılar, amma nəticə olmayanda, sonuncu vasitəni işə saldılar. Indi də deyirlər ki, Rüstəm Ibrahimbəyov Rusiyanın adamıdır.
Bilirsiniz ki, hakimiyyəti tənqid edən siyasilərə, jurnalistlərə, vətəndaş cəmiyyəti fəallarına, gənclərə, dindarlara indiyəcən bunların qoymadığı ad qalmayıb. Hətta narazılıq edən sadə vətəndaşlara avropalıların, Qərbin, ermənilərin, Iranın adamı və ya agenti damğası vurmaqdan utanmadılar. “Rusiyanın adamı” damğası isə dövriyyədə yox idi.
“Rusiyanın adamı” ittihamı bu arada dövriyyədə olmasa da, köhnədən bizim cəmiyyətdə bu qəbildən olanlara böyük nifrət vardı. Sovet Ittifaqı çökdüyü illərdə Azərbaycanın müstəqilliyini istəməyən və Moskvadan yana olan xeyli vəzifəli, tanınmış adam vardı. Onlar müstəqillik istəyən xalqa və onun hərəkatına qarşı idi. Bu məqam və Rusiyanın Qarabağdakı namərd oyunu, ermənilərin tərəfini saxlaması onun özünə və adamlarına nifrəti dərinləşdirmişdi…
Indi YAP-çılar məhz bu məqamı nəzərə alır və guya öz aləmlərində ağıllılıq edərək, Rüstəm Ibrahimbəyovu Rusiyanın adamı kimi qələmə verməklə onu cəmiyyətin gözündən salmaq istəyirlər. Fikirləşirlər ki, bununla hakimiyyətdən narazı olan və Rusiyanın ağalığını qəbul etməyən narazı elektorat bunların ittihamı ilə Rüstəm Ibrahimbəyova etimad göstərməyəcək. Amma başa düşmürlər ki, kimisə xalqın gözündən salmaq üçün gərək özün xalqın qəlbində hörmətə sahib olasan. Uzun illər xalqı tala, ona zülm ver, yalanı yalanın dalınca danış, şər-böhtanla ölkəni idarə elə, sonra da xalqa mənəviyyat yolu göstər, bu alınmaz. Xalq bu hakimiyyətdən qorxa bilər, amma ona inanmır…
Xalq yaxşı bilir ki, elə hakimiyyətdəkilər özləri bu ötən illərdə Rusiyanın adamı olublar. Ruşaylonun burada seçki keçirməyə gəlməsini kim unudub ki! Hətta Avropanın kürü dadan müşahidəçiləri də seçkiləri heç olmasa yumşaq tənqid edəndə Rusiya müşahidəçiləri saxta səsverməni ən demokratik seçki sayıblar. YAP rəhbərliyi isə daim Rusiyanı Azərbaycanın yaxın dostu, strateji müttəfiqi adlandırıb. Indi sadəcə Rusiyanın yeni istəklərini yerinə yetirə bilmirlər, çünki bu halda daha güclü tərəf olan Qərbin qəzəbinə gələ biləcəklərindən qorxurlar. Arada oynamaq işə keçir daha…
Rusiyanın adamından da pis…
YAP-çılar kimisə “Rusiyanın adamı” elan edəndə unudurlar ki, xalqın gerçək gözündə ən pisi YAP-ın adamı olmaqdır. Axı Rusiyanın adamından nəyiniz yaxşıdır? Yadellidən üstünlüyünüz nədir? Apardığınız siyasət nəticəsində müstəqillik xalqın burnundan gəldi. Milyona qədər insan apardığınız siyasət nəticəsində çörək dalınca Rusiyaya getməyibmi? Hər kənddə bir ağanız, hər rayonda bir balaca padşahınız əyləşib, hər yanda əyan-əşrəfinizlə yeyib-talayırsınız, xalqın da səsini boğursunuz. Elə bilirsiniz ki, xalq da gecə-gündüz yalnız Rusiyaya nifrətlə yaşayır. Xalqa yaşaya bilmir artıq. Məsələ bir qarın çörəkdə də deyil, haqsızlıq, ədalətsizlik, bərabərsizlik, hüquqsuzluq, özbaşınalıq o qədər artıb ki…

Rusiyanın adamı
•