Daimi qəzet oxucuları xatırlayarlar, iki il öncəyədək intihar xəbərləri eninə-geninə müzakirə olunurdu. Həm bir ucdan məmləkətin dörd yanından özünəqəsd məlumatları gəlir, həm də hərə öz aləmində bunun səbəblərini axtarır, araşdırmağa çalışırdı.
Çox keçmədi, sanki bir yerlərdən düymə basıldı, birdən-birə bu mövzu arxa plana keçdi. Ona görəmi ki, artıq mövzu aktuallığını itirmişdi? Ona görəmi ki, intiharlar azalmışdı? Əlbəttə, yox. Sadəcə, intihar mövzusu adiləşdi, ya da adiləşdirildi.
Lap dəm qazından ölümlər kimi. Guya bu qış mövsümündə belə ölümlər azmı oldu? Əsla! Sadəcə, artıq təpki əvvəlki kimi deyildi. Hamı artıq bunu qanunauyğunluq kimi qəbul etməyə başlayıb. Sanki belə də olmalıdır.
Yol qəzalarında artan ölümlər də həmçinin.
Ya da əsgər ölümləri… Hə, ordudan ölüm xəbərlərinin ard-arası kəsilmir. Bəs hanı təpki? Hanı o itkiləri sorğulayanlar, hanı o itkilərə görə hesab istəyənlər? Ortada etiraz edən bir ovuc insan vardı, onların da yarısı həbsxanalara dolduruldu, yarısı fantastik cərimələrə məhkum edildi, yerdə qalanların başı isə həbsdəki yoldaşlarının qayğılarını, onların ailələrinin yükünü bir az da olsa, xəfiflətməyə qarışıb. Və indi belə çıxır ki, bu adamlardan başqa heç kimin vecinə deyilmiş əsgər ölümləri. Heç kimi ağrıtmırmış, incitmirmiş, qəzəbləndirmirmiş.
Intihar mövzusuna qayıdaq.
Təsəvvür edin, 4 gündə ən azı 8 nəfər canına qıyıb bu ölkədə. Buyurun, tanış olun:
– Aprelin 27-də Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində yerləşən “Şuşa” yaşayış məntəqəsində, istifadəsiz yaşayış evində iki nəfərin asılmış vəziyyətdə meyidi aşkar olunub. Meyidlərin 1995-ci il təvəllüdlü Qəmbərli Əli Oruc oğlu və 1995-ci il təvəllüdlü Bayramov Ramil Vidadi oğlu olması müəyyənləşdirilib. Məlum olub ki, onlar intihar ediblər.
– Aprelin 28-də Ağcabədi rayonunda intihar hadisəsi baş verib. Ağcabədidə 37 yaşlı kişi özünü asaraq intihar edib.
– Aprelin 29-da Beyləqan rayonunun 2-ci Şahsevən kəndində kənd sakini 1981-ci il təvəllüdlü Ismayılov Bəhruz Mehdi oğlu özünü yaşadığı evin bağındakı qoz ağacından asıb.
– Aprelin 29-da Azərbaycanda orta məktəb müəllimi intihar edib. Rayonun Qalıncaq kəndi sakini, 48 yaşlı Azad Məmmədəli oğlu Rəcəbəliyev yaşadığı kəndin yaxınlığındakı meşə massivində özünü asıb.
– Aprelin 29-da Samux rayonu Alıuşağı kənd sakini, 1961-ci il təvəllüdlü Saleh Abbasov yaşadığı evin həyətindəki ağacdan özünü kəndirlə asaraq intihar edib.
– Aprelin 30-da Saatlı rayonu Fətəlikənd kənd sakini 1983-cü il təvəllüdlü Abdullayev Kazım Mirzəhüseyn oğlu özünü yaşadığı kəndin yaxınlığındakı otlaqda, söyüd ağacından asıb.
– Mayın 1-də Gəncə şəhərində dəhşətli intihar hadisəsi baş verib. Z.Hacıyev küçəsində yerləşən mənzillərdən birində güclü partlayış baş verib. Evdə olan gənc oğlan əlindəki qumbaranın alışdırıcısını açaraq evdə partlayış törədib və bu yolla intihar edib.
Iki il əvvəl cəmi 4 günə sığan bu qədər dəhşətli intihardan sonra mətbuat mövzunun üzərinə gedərdi, psixoloqlar, sosioloqlar danışardı, amma indi baxırıq ki, çırt səsi yoxdur. Çünki həm adiləşdi, adiləşdirildi intihar mövzusu, həm də artıq heç kimi heyrətləndirmir ucuz ölümlər, itimlər. Get-gedə insan həyatının heç bir dəyəri, heç bir anlamı qalmır.
Intiharların, əsgər ölümlərinin, yol qəzalarındakı itkilərin, məişət qətllərinin, amansızlıqla adamöldürmə cinayətlərinin… hamısının, hamısının statistikasında artım var.
Üzərinə gəlin bütün ölümcül xəstəliklərin cavanlaşmasını – infarktın, böyrək çatışmazlığının, şəkərin…
Kimsə fərqində deyil, amma mənzərə doğrudan da dəhşətlidir.
Sanki ölkədə adamların əlindən ölməkdən və öldürməkdən başqa iş gəlmir.
Ya özünün, ya başqasının qatili olmaqdır sanki ən asan iş.
Adamlarının həyatla bağlı heç bir yaxşı gözləntilərinin qalmadığı…
Insanlarının gələcəklə bağlı bütün ümidlərini dəfn etdiyi bir ölkənin gəldiyi acı nöqtədir bu.
Çoxluq üçün artıq adiləşən, adiləşdirilən ölüm-itimlər əslində məmləkətdə gizli bir genosiddən xəbər verir.
Dolayı, üstüörtülü bir soyqırımdan…
Məndən bu qədər.
Sonra durub “bunu kimsə deməmişdi” deməyin.

Ölmək, öldürmək ölkəsi
•
•