Mehdiyev Tehran səfərində Xamneyi ilə niyə görüşmədi?
İran tərəfindən Azərbaycana növbəti təhdid bəyanatı gəlib. Prezidentliyə namizəd Purməhəmmədi Təbriz Universitetindəki çıxışı zamanı Azərbaycanın ünvanına ittihamlar səsləndirib.
O bildirib ki, Azərbaycan Respublikası Iranın milli maraqlarının əksinə hərəkət edir: “Azərbaycan Respublikası Iranın və Islamın düşmənlərinin tələsinə düşüb və biz bu ölkə xalqına kömək etməliyik ki, sionistlərin tələsindən çıxsınlar. Iran Islam Respublikası həmişə qonşu ölkələrlə münasibətlərin genişlənməsi siyasətini öndə tutub və bütün qonşuları ilə dostluq əlaqələrinin qurulmasının tərəfdarıdır”(Modern.az).
ACP sədri, təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər bu bəyanatların Iran-Azərbaycan münasibətlərindəki gərginliklə bağlı olduğunu deyir: “Nüvə proqramı ilə bağlı Irana qarşı sanksiyaların sərtləşməsi, bu sanksiyalara Azərbaycanın da qoşulması, bir sıra ölkələrin kəşfiyyatlarının Azərbaycan üzərindən Irana qarşı aktiv iş aparması, rəsmi Bakının ABŞ və Israillə yaxın münasibətlər qurması təbii ki, Tehranı narahat edir. Digər tərəfdən, Azərbaycanda inanclı kəsimə qarşı hakimiyyətin sərt mövqeyi də Iranı qıcıqlandırır. Təbii ki, Iran da bunlara cavab olaraq siyasi ritorikanı sərtləşdirir. Düşünür ki, Azərbaycan hakimiyyəti nə zamansa Iranın daxili məsələlərinə qarışa bilər. Azərbaycanda Güneylə bağlı tədbirlərin keçirilməsi də Iranı ciddi narahat edir. Iran da Azərbaycanın daxili işlərinə qarışa biləcəyinə işarələr vurur. Mən bu siyasi ritorikanın getdikcə sərtləşəcəyini düşünürəm”.
Bu arada, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Irana son səfəri zamanı ölkənin ali dini lideri Ayətullah Əli Xamneyi ilə görüşməməsi də bəzi suallar doğurub. Düzdür, Mehdiyev Iran prezidenti Əhmədinejatla görüşmüşdü. Amma məsələ ondadır ki, Əhmədinejatın prezidentlik müddətinin bitməsinə təxminən bir ay vaxt qalıb və onun yenidən ölkəyə rəhbər olub-olmayacağı da dəqiq bəlli deyil. Ölkənin ali dini lideri olan Xamneyi isə Iranla bağlı bir çox məsələlərdə söz sahibidir. Bu baxımdan onun PA rəhbəri ilə niyə görüşmədiyi maraq yaradır.
Iranın Azərbaycandakı səfirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb tərəflərin niyə görüşmədiyi, bunun səfərin protokoluna salınıb-salınmadığını öyrənməyə çalışdıq. Mətbuat xidmətindən səfirin ölkədə olmadığı, sualı onun gəlişindən sonra cavablandıracaqlarını bildirdilər.
Sülhəddin Əkbər isə hesab edir ki, bu, Azərbaycanla Iran arasında münasibətlərin hansı səviyyədə olması ilə bağlıdır. Onun fikrincə, münasibətlər isti olsaydı, ali dini lider R.Mehdiyevlə görüşərdi.