Elxan Şahinoğlu: “Ramiz Mehdiyev Iranı tərifləməklə ordan gələn təhlükəni aradan qaldırmaq istəyib”
Hakimiyyətin ziddiyyətli addımları xarici siyasətdə uğur gətirmək əvəzinə münasibətləri bir qədər də korlayır. Xarici işlər naziri Elmar Məmmədyarovun Israilə səfərindən dərhal sonra Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Irana getməsi və Qərbin ünvanına ittihamlar səsləndirməsi də bu ziddiyyətlərdən biridir. PA rəhbərinin səfəri də ziddiyyətlərlə dolu olub.
Belə ki, Mehdiyevin Irana nə məqsədlə getməsi və hansı istiqamətdə danışıqlar aparması ilə bağlı rəsmi mətbuat heç bir məlumat vermədi. Əvəzində Iranın dövlət agentliyi IRNA-nın yaydığı informasiyada Mehdiyevin Qərbi ittiham etməsi ilə bağlı məlumatlar geniş yer aldı.
IRNA-nın məlumatına görə, R.Mehdiyev qeyd edib ki, Azərbaycan Iranla əlaqələri genişləndirməyə çalışır və bu planda istifadə olunmamış böyük imkanlar var. Lakin Azərbaycanın möhkəmlənməsi və inkişafı Qərbi məyus edir, odur ki, onlar Azərbaycanda sülhü və sabitliyi pozmaq üçün müəyyən addımlar atırlar. PA rəhbəri Ilham Əliyevin Irandakı hakim rejimi dəstəklədiyini də bildirib.
IRNA-nın bu məlumatı Azərbaycan tərəfdən dərhal təkzib olunmasa da, sonradan görüşlərdə iştirak edən PA rəhbərinin müavini Novruz Məmmədov Iranın bəzi media orqanlarında səfərlə bağlı yayılan yazıları qərəzli adlandırıb. N.Məmmədovun sözlərinə görə, görüşdə müzakirə mövzusu ikitərəfli münasibətlər olub. Bütün görüşlərdə iştirak etdiyini deyən PA rəsmisi belə məlumatların Iran mətbuatına ötürülməsinin sual yaratdığını bildirib.
IRNA-nın yaydığı məlumat həqiqəti əks etdirmirdisə, hakimiyyət dairələri nə səbəbdən buna dərhal reaksiya vermədi? Gecikmiş də olsa, Irana bununla bağlı etiraz bildirilə bilərmi?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu PA rəhbərinin Irana səfəri ilə bağlı bir çox təzadlı nüansların olduğunu deyir. Birincisi, Mehdiyev sanki Məmmədyarovun Israilə səfərinin təsirini azaltmaq üçün Tehrana göndərilib. Orada isə Iran prezidentinin şəninə təriflər səsləndirib, Qərbi isə kəskin tənqid edib. Baxmayaraq ki, Mehdiyevin hədəf aldığı ABŞ və Israil Azərbaycanın strateji tərəfdaşlarıdır.
Səfərin başqa bir təzadı odur ki, Mehdiyev Iranda Qərbin təxribatlarından danışarkən Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov Iranın Azərbaycan əleyhinə apardığı siyasətdən danışıb.
Ekspertin sözlərinə görə, Ramiz Mehdiyevin Iranda səsləndirdiyi fikirləri Novruz Məmmədovun inkar etməsi də anlaşılan deyil: “Niyə bu səfərə Azərbaycan dövlət agentliklərinin nümayəndələri aparılmayıb ki, onların yaydıqları xəbərlərə istinad edək. Indi deyirlər ki, Azərbaycandan orda jurnalistlər iştirak edib. Edibsə, niyə məlumat yaymayıb. Belə çıxır ki, Iran dezinformasiya yayacaq və o da Azərbaycanda baş xəbərə çevriləcək. Bu da ölkənin təhlükəsizliyinə ziddir. Mehdiyev orda dediklərinə aydınlıq gətirməyib. Bununla da o nəticəyə gəlmək olar ki, həqiqətən də bu fikirləri səsləndirib”.
Ekspertin fikrincə, PA rəhbərinin Iranda dediklərinin diplomatiya ilə əlaqəsi yoxdur. Çünki istəmədən Irana dost dövlət demək olar. Ancaq Mehdiyevin dediklərinin “dozası” artıq oldu: “Irana getməyi ona prezident tapşırıb. Ancaq dedikləri fikirlər özünə məxsusdur. Bunun da diplomatiya ilə əlaqəsi yoxdur. Ola bilsin Iranı tərifləməklə ordan gələn təhlükəni aradan qaldırmaq istəyib. Ancaq onun səfəri günü azərbaycanlı elm işçilərin tutulması ondan xəbər verir ki, Iran Azərbaycana qarşı siyasətini dəyişən deyil”.
Ekspert Mehdiyevin Iran prezidentini tərifləməklə strateji səhvə yol verdiyini də qeyd etdi: “Əhmədinejatla Xamneyi arasında nifaq var. Əhmədinejat üçüncü dəfə namizədliyini irəli sürə bilməyəcək. Əslində Mehdiyev onu tərifləməklə Iranın dini lideri ilə münasibətləri korlayıb. Onlar da iki elm işçini həbs etdi. Bundan sonra Iranla münasibətlərdə müsbətə doğru nəyinsə dəyişməsi gözlənilmir. Bir müddət əvvəl Əli Həsənov da Irana getmişdi, qayıdanda münasibətlər daha da gərginləşdi”.
Ekspertin sözlərinə görə, ola bilsin Azərbaycan hakimiyyəti Ramiz Mehdiyevin Irana getməsiylə heç nəyi dəyişməyəcəyini bilir. Sadəcə prezident seçkisi ərəfəsində “atəşkəs” elan olunmasını istəyirlər. Yəni həmin müddətdə tərəflər bir-birinin işinə qarşımasın. Ancaq elm adamlarının həbsi göstərdi ki, Iranın addımları sövdələşmədən o yana keçmir.
Novruz Məmmədovun Iranın mətbuat orqanlarında yayılan məlumatlarla bağlı bildirdiyi etiraza Iranın ölkəmizdəki səfirliyindən münasibət öyrəndik. İran səfirinin mövqeyi açıqlayan səfirliyin mətbuat xidməti Novruz məmmədovun müsahibəsində qeyd etdiyi bütün məqamlarla razılaşdıqlarını açıqladı. Belə ki, R.Mehdiyevin İrana səfəri zamanı ikitərəfli münasibətlər müzakirə predmeti olub və PA rəhbəri İranın heç bir mətbu orqanına müsahibə verməyib. Lakin səfirlik İRNA-nın yaydığı məlumatla bağlı heç bir açıqlama vermədi.
Fizzə